Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü və əmək yarmarkası keçirilib | |
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Açıq qapı" günü və Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filalının birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə peşə təhsili müəssisəsinin əməkdaşlıq etdiyi müəssisələrin nümayəndələri, Qəbələ rayonunda yerləşən ümumi təhsil məktəblərinin şagird və müəllimləri, valideynlər, uğurlu məzunlar və peşə təmayüllü siniflərin şagirdləri iştirak ediblər. Qəbələ rayonunda yerləşən 12 müəssisə tərəfindən 200-dən artıq vakansiyanın çıxarıldığı əmək yarmarkasında iştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat təqdim olunub.
Tədbirdə mərkəzin əsasən turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirdiyi və mərkəzin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək vermək olduğu qonaqların diqqətinə çatdırılıb.
İştirakçılara peşə təhsilinin zəruriliyi, düzgün peşə seçiminin əhəmiyyəti və karyera planlaması, peşə təhsilinin perspektivləri haqqında ətraflı məlumat verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları Həsən Abbasov və Məhəmməd Həşimli şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında məsləhət və tövsiyələrini verib və uğur hekayələrini danışıblar. Daha sonra qonaqlar mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirib və mühəndis-pedoqoji heyət tərəfindən həyata keçirilən master-klaslarda iştirak ediblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.
|
|
16.05.2024 | 16:35 | |
|
|
|