NDU-da 2023-2024-cü tədris ilində 1201 tələbə elmi-tədqiqat işi ilə məşğul olub
Naxçıvan Dövıət Universitetində (NDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan konfrans keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda universitetin rektoru Elbrus İsayev çıxış edib. O bildirib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir: ”TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavrların elmi-tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir”.  
Ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən danışan rektor Tələbə Elmi Cəmiyyəti üzvlərinin fəallığını, tələbələrin elmi işlərə həvəslə qoşulmasını yüksək qiymətləndirib. 
 
Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov bildirib ki, TEC-in prioritet məqsədlərindən biri tələbələrdə elmə marağın artırılması, araşdırma bacarıqlarının formalaşdırılmasıdır. Vurğulanıb ki, tələbələr də müəllimlər kimi yüksək nüfuzlu jurnallarda elmi məqalə nəşr etdirir, elmi-tədqiqatla məşğul olur, hətta kitab belə çap etdirirlər. Prorektor öz çıxışında diqqətə çatdırıb ki, universitetdə professor-müəllim heyətinin qiymətləndirilməsi, onlara çap etdirdikləri məqalələrə görə pul ödənməsi məsələləri, eyni zamanda tələbələrə də şamil edilir. Buna görə də onlar yaradılan bu imkandan istifadə edərək öz bacarıqlarını ortaya qoyurlar.
         
TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan TEC-in sədri Təbrizə Bağırova deyib ki, bu tədris ilində 469 müəllimin rəhbərliyi ilə 1201 tələbə elmi-tədqiqat işi ilə məşğul olub.  Vurğulanıb ki, tədqiqatlarda ən çox Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, təbiəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında mövzulara üstünlük verilib. Cari tədris ilində isə əsas tədqiqat mövzuları Naxçıvan Muxtar Respublikasının 100 illiyi və ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.  T.Bağırova tələbələrin elmi-tədqiqatla məşğul olmalarında say dinamikasını illər üzrə müqayisə edib. Vurğulanıb ki, TEC-in tərkibində Magistratura Şurası, Karyera və İnkişaf Mərkəzi, Şəxsi İnkişaf Klubu, eləcə də 4 xarici dildə danışıq klubları fəaliyyət göstərir.
 
Sonda tələbələrin çıxışları dinlənilib.


16.05.2024 | 15:52