BDU və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb | |
Bakı Dövlət Universiteti (BDU) və Milli Depozit Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun ölkədaxili və beynəlxalq əlaqələrinin gücləndirilməsi əsas prioritetlərdən biridir: “Elmlə təhsilin qovuşduğu ali təhsil müəssisəsinin kadr hazırlığında ən böyük hərəkətverici qüvvə məhz ölkədaxili əlaqələrin düzgün qurulmasıdır. Çünki kadr hazırlığında ölkədə fəaliyyət göstərən qurumların tələb və təklifləri nəzərə alınır. Milli Depozit Mərkəzi ilə Anlaşma Memorandumunun da tezliklə öz bəhrəsini verəcəyinə əminəm. Artıq həmin tələb-təkliflər nəzərə alınmaqla uyğun istiqamətdə kadr hazırlığına başlamaq barədə razılaşmışıq. Bu prosesdə Mərkəzin əməkdaşları yaxından iştirak edəcəklər. Təhsilalanların Milli Depozit Mərkəzində və Mərkəzlə əlaqəli qurumlarda təcrübə keçməsinin də böyük əhəmiyyəti var”.
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev isə bildirib ki, Azərbaycanda fond və maliyyə bazarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. BDU-nun Azərbaycan ali təhsilinin flaqmanı olduğunu qeyd edən Ağahüseyn Xudaverdiyev Mərkəzin əməkdaşlarının 20 faizinin universitetin məzunları olduğunu diqqətə çatdırıb: “İmzalanan memorandum iki qurum arasında əməkdaşlığın genişlənməsinə, maliyyə bazarının yüksəkixtisaslı kadrlarla təmin edilməsinə böyük töhfə olacaq”.
Daha sonra iki qurum arasında memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində əməkdaşlıq həyata keçirəcəklər. Memorandumda kapital bazarı üzrə universitet kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması məqsədilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, "dəyirmi masa" və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin BDU-nun tələbə və məzunları ilə birgə qiymətli kağızların dövriyyəsi üzrə innovasiya yönümlü layihələrin araşdırılması, startapların yaradılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes proseslərində innovasiya nailiyyətlərinin tətbiqi və digər innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır. Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və Universitet tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də memorandumda əksini tapıb.
|
|
16.05.2024 | 15:38 | |
|
|
|