Tətilin öz məktəbi var
Artıq bir neçə ildir ki, bəzi özəl tədris müəssisələrində  yay məktəbləri və ya yay düşərgələri fəaliyyət göstərir.
 
Bəs yay məktəbi nədir?
 
"Azərbaycan müəllimi"  "Azərbaycan məktəbi" jurnalına istinadən bildirir ki, yay məktəbi gərgin və məhsuldar məktəb dövründən sonra uşaqlara əylənmək, sosiallaşmaq və yeni bacarıqlara yiyələnmək imkanı yaradan kurs və təlimləri özündə birləşdirən təhsil prosesinin adıdır. Yay məktəbləri uşaqların əsasən sosial-mədəni və idman fəaliyyətləri ilə məşğul ola biləcəkləri yerlərdir. Yay məktəblərində rəqs, musiqi, rəsm, teatr və idman dərsləri keçirilir. Hər yay məktəbinin proqramı fərqli və unikal olur.
 
Yay məktəbi uşaqların sosiallaşmaqdan zövq aldığı, əqli və fiziki cəhətdən sağlam inkişaf etdiyi, özünü yaxşı ifadə edə bildiyi, məsuliyyətli şəxsiyyət kimi formalaşdığı məkandır. Bu məktəblər imtahan və məktəb stresindən sonra  uşaqların istirahəti üçün əvəzolunmazdır.
 
Onlar uşağa bədii və idman fəaliyyəti ilə məşğul olmaq imkanı verməklə yanaşı,  müxtəlif bacarıqlar aşılayır, istedadların üzə çıxmasına şərait yaradır.
 
Yay məktəbi uşaqların tədris ilində əldə edə bilmədikləri bilik və bacarıqlara yiyələnmələrini asanlaşdıraraq hərtərəfli inkişafı təmin edir. Musiqi dərslərində onların not oxuma bacarıqları və ritm qavrayışı təkmilləşir, rəqs dərslərində koordinasiya əldə edilir, rəsm dərslərində yaradıcılıq inkişaf edir, dram təlimlərində isə özlərini başqalarının yerinə qoyurlar.
 
Yay məktəbi uşağın sosial bacarıqlarını da təkmilləşdirir. Utancaq, introvert və ictimailəşməyi sevməyən uşaqlar yaşıdları ilə yaxşı yola gedən və danışmaqdan çəkinməyən, tamamilə ekstrovert şəxsiyyətlərə çevrilirlər.
 
Yay məktəbinin faydalarına aşağıdakılar aiddir:
 
  • Yay məktəbi uşaqlara sosiallaşmaq imkanı verir. Onlar planşet, telefon və kompüterlərdən uzaqlaşır, ünsiyyət qurmağı və özlərini ifadə etməyi öyrənirlər.
  • Təhsil dövrünün yorğunluq və stresini aradan qaldıra bilirlər.
  • Uşaqlar yay məktəblərində üzərinə məsuliyyət götürməyi və komanda şüuru ilə hərəkət etməyi öyrənirlər.
  • Dinləmə və anlama bacarıqları inkişaf edir.
  • Yay məktəbləri vasitəsilə uşaqlar sağlam həyat vərdişləri qazanırlar.
  • Yay kursları ilə uşaqlar yaradıcılıqlarını inkişaf etdirirlər.
  • Təbiət və ətraf mühit haqqında məlumatlı olurlar. Onlarda canlıları qorumaq və təbiətdə daha çox vaxt keçirmək həvəsi yaranır.
  • Onlar incəsənətə daha çox maraq göstərirlər.
  • Empatiya qurmağı öyrənirlər. Fərqli düşüncəli insanlara hörmət etməyi bacarırlar.
  • Paylaşma, bölüşmə və əməkdaşlıq kimi müsbət xüsusiyyətlər qazanırlar.
  • Onlar musiqi, rəssamlıq, rəqs, teatr və idman sahələrində öz istedadlarını kəşf edir və inkişaf etdirirlər.
 
 
 
Yay məktəbinin saysız-hesabsız faydaları var. Buna görə də ailələr yay məktəblərinə diqqət yetirməli, yay aylarında uşaqları evdə saxlamamalıdırlar.
 
Universitetlərin fərqli məktəblərə xidmət edən yay məktəbləri 7-8 həftə davam edir. Tələbələr yay məktəbi kurslarında müntəzəm iştirak etməli və imtahanları uğurla başa vurmalıdırlar.
 
Bəzi ali məktəblərdə yay məktəbləri məcburi olmasa da, il ərzində aşağı bal toplayan tələbələr keçə bilmədikləri kursu kompensasiya etmək və ya  qiymətlərini artırmaq üçün yay məktəblərinə qoşulmaq istəyirlər. Burada daha qısa proqramla intensiv kurikulum tətbiq edilir və  tez tamamlanır. Qiymətləndirmələr il ərzində olduğu kimi aparılır. Davamiyyət tələbi və ev tapşırıqlarının təqdimatı kimi məsələlər də kurs müəllimi tərəfindən müəyyən edilir. Bütün sistem il ərzində olduğu kimi çalışır. Arzu edən tələbələr əvvəlki semestrlərdə aşağı qiymət aldıqları fənləri yay məktəbində təkrar götürə, istəyənlər isə ilkin şərt olmadan yuxarı semestrlərin dərslərini seçə bilərlər. Bir neçə həftəlik proqram müddətində tələbələrə professor-müəllim heyəti ilə görüşmək, sosiallaşmaq imkanları yaradılır.
 
Tələbələr maraqlarına uyğun müxtəlif idman və bədii fəaliyyət proqramlarına da qoşula bilərlər.
 
Universitetlərdə tələbələrin tədrisinin keyfiyyəti hər semestr üçün müəyyən edilmiş minimum və maksimum kredit sayı ilə hesablanır. Yay məktəblərində verilə biləcək kreditlərin sayı 10-15 arasında müəyyənləşir. Bu isə o deməkdir ki, tələbə  təxminən 5 fənlə bağlı kurs götürə bilər.
 
Yay məktəbləri arasında populyar olan digər bir istiqamət  isə xarici dil proqramlarıdır. Ölkə daxilində və ya xaricdə  dil öyrənə  biləcəyiniz bir çox yay məktəbləri də mövcuddur.
 
Övladınızın və ya özünüzün yay aylarının məhsuldar keçməsini istəyirsinizsə, fərqli keyfiyyətlərə malik yay məktəblərindən birini seçə  bilərsiniz.


16.05.2024 | 11:10