ICESCO ölkələrinin PISA-da yeri – TƏHLİL
Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən keçirilən Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı (PISA) 15 yaşlı məktəblilərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir. Testlər şagirdlərin mürəkkəb problemləri necə həll edə bilmələrini, tənqidi düşünmələrini və effektiv ünsiyyət qura bilmək bacarıqlarını araşdırır. Tədqiqat təhsil sistemlərinin öz şagirdlərini real həyatdakı çətinliklərə və gələcək uğura necə yaxşı hazırladığına dair ətraflı məlumatlar verir. 
 
Son illərdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO üzv ölkələrdə PISA tədqiqatlarının aparılması və nəticələrin müqayisəsinin təhlili sahəsində ciddi addımlar atmaqdadır.Təsadüfi deyildir ki, 2020-ci ilin 10 noyabr tarixində ICESCO və İƏİT arasında anlaşma memorandumu imzalanıb. Memorandum İslam dünyasında təhsil sektorunu inkişaf etdirmək və təhsil sistemlərini təkmilləşdirmək məqsədi daşıyır. ICESCO tərəfindən ötən müddət ərzində PISA nəticələrinin təhlilinə dair iki dəfə PISA Nazirlər Konfransı keçirilib. 
 
“Azərbaycan müəllimi”nin növbəti təhlilində ICESCO-ya üzv olan ölkələrdə PISA nəticələrinin müqayisə və təhlilinə həsr olunub. 
 
 PISA tədqiqatında iştirak edən ICESCO ölkələri 
 
Ümumiyyətlə, PISA tədqiqatlarında iştirak edən ICESCO ölkələrinin sayı çox deyil. Onların bəziləri tədqiqatın ilk illərindən PISA-da iştirak edir, bəziləri yeni qoşulan ölkələrdir. Araşdırmamız 2022-ci ilin PISA tədqiqatlarında iştirak edən ölkələrin nəticələrinə həsr olunub. Qırğızıstan, Tacikistan, Əlcəzair, Misir, İraq, Livan, Seneqal PISA-2022-də iştirak etməyiblər. 
 
Öncə PISA tədqiqatına qoşulan ölkələrə və onların beynəlxalq tədqiqatda iştirak etdiyi illərə nəzər salaq: 
 
1. Azərbaycan (2006, 2009, 2018, 2022, 2025),
2. Bruney-Darəssalam (2005, 2018, 2022),
3. İndoneziya (2000, 2003, 2006, 2009, 2012, 2015, 2018, 2022, 2025),
4. Malayziya (2009, 2012, 2015, 2018, 2022, 2025 (iştirak etmək niyyətindədir), 
5. Qazaxıstan (2009, 2012, 2015, 2018, 2022, 2025),
6. Qırğızısatan (2006, 2009, 2025),
7. Tacikistan (2025),
8. Əlcəzair (2015),
9. Misir (2025),
10. İraq (2025),
11. İordaniya (2006, 2009, 2012, 2015, 2018, 2022, 2025), 
12. Livan (2015, 2018, 2025),
13. Mərakeş (2018, 2022, 2025),
14. Fələstin (2022, 2025),
15. Qətər (2006, 2009, 2012, 2015, 2018, 2022, 2025),
16. Səudiyyə Ərəbistanı (2018, 2022, 2025),
17. Türkiyə (2000, 2003, 2006, 2009, 2012, 2015, 2018, 2022),
18. Tunis (2003, 2006, 2009, 2012, 2015),
19. Özbəkistan (2022, 2025 (iştirak etmək niyyətindədir),
20. Birləşmiş Ərəb Əmirlikləri (2009, 2012, 2015, 2018, 2022, 2025),
21. Seneqal (2025- hələ təsdiqləməyib).
 
İSESKO ölkələrinin PISA-2022 nəticələri:
 
Azərbaycan. Ölkəmiz ilk dəfə 2018-ci ildə PISA-da iştirak edib. Ümumilikdə isə Azərbaycan ilk dəfə 2006-cı ildə tədqiqata qoşulub. PISA-2022 tədqiqatında Azərbaycanı Bakı məktəbləri təmsil edib. Ölkəmiz sıralamada 81 ölkə arasında 56-cı yeri tutub. 
 
Tədqiqata əsasən, şagirdlərimizin riyaziyyat, oxu və elm üzrə 2022 nəticələri 2018-ci illə müqayisədə aşağı enib. 
 
Ən son dövrdə (2018-ci ildən 2022-ci ilə qədər) riyaziyyatda, həmçinin oxu və təbiət elmlərində ən yüksək bal toplayan və ən aşağı bal toplayan şagirdlər arasında fərq nəzərəçarpacaq dərəcədə dəyişməyib. Belə ki, şagirdlərin həm ən yüksək bal toplayanlarının, həm də ən az bal toplayanlarının sayı 10% təşkil edib. 
 
Bundan əlavə, riyaziyyatda həm yüksək, həm də aşağı nəticə göstərənlər üçün ortalama nailiyyət balı eyni dərəcədə aşağı düşüb.
 
Ümumilikdə, bütün ölkələrdə pandemiya səbəbindən olduğu kimi, ölkəmizdə də 2018-ci illə müqayisədə oxu üzrə orta bal 489-dən 365-ə, riyaziyyat üzrə 420-dən 397-yə, elm üzrə 398-dən 380-ə düşüb.  
 
Bruney Darüssalam
 
Bu ölkə ilk dəfə 2018-ci ildə PISA-da iştirak edib. 
 
Riyaziyyat, oxu və elm üzrə orta 2022-ci il nəticələri 2018-ci illə müqayisədə artıb. 
 
Ən son dövrdə (2018-2022-ci illər) riyaziyyatda ən yüksək bal toplayan (ən yüksək, 10%) və ən zəif şagirdlər (ən aşağı, 10%) arasında fərq azalıb, oxu və elmdə isə əhəmiyyətli dərəcədə dəyişiklik baş verməyib.
 
Riyaziyyatda aşağı nəticə göstərənlər güclənib, yüksək nəticə göstərənlər arasında performans əhəmiyyətli dərəcədə dəyişməyib. 
 
2018-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti beş faiz azalıb; oxuda əhəmiyyətli dərəcədə, elmdə isə ciddi şəkildə dəyişiklik olmayıb. 
 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 408-dən 429-a, riyaziyyat üzrə 432-dən 442-yə, elm üzrə 442-dən 446-ya qalxıb.
 
İndoneziya. İlk dəfə 2001-ci ildə PISA-da iştirak edib.
 
Riyaziyyat, oxu və elm üzrə orta 2022 nəticələri 2018-ci illə müqayisədə aşağı düşüb. Ümumilikdə, 2022-ci il nəticələri, 2003-cü ildə oxu və riyaziyyat, eləcə də 2006-cı ildə elmlərdə görülən nəticələrlə bərabər, hər üç fənn üzrə indiyə qədər ölçülən ən aşağı PISA-lar arasındadır. Əvvəlki bir neçə qiymətləndirmənin nəticələri ilk illərdə müşahidə olunanlardan daha yüksək olsa da, bu nailiyyətlər 2015-ci ildən bəri müşahidə olunan azalma ilə zəifləyib. 
 
Ən son dövrdə (2018-2022-ci illər) riyaziyyatda ən yüksək bal toplayan və ən zəif şagirdlər arasında fərq azalıb, oxu və elm sahəsində əhəmiyyətli dərəcədə dəyişiklik baş verməyib. Riyaziyyatda yüksək nəticə göstərənlər zəifləyib, aşağı nəticə göstərənlər arasında performans əhəmiyyətli dərəcədə dəyişməyib.
 
2012-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti beş, oxumada 19 faiz bəndi artıb, elm sahəsində isə ciddi dəyişməyib. 
 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 371-dən 359-a düşüb, riyaziyyat üzrə 360-dan 366-a yüksəlib, elm üzrə 393-dən 383-ə düşüb. 
 
Malayziya. İlk dəfə 2010-cu ildə PISA-da iştirak edib. 
 
Riyaziyyat, oxu və elm üzrə orta 2022 nəticələri 2018-ci illə müqayisədə aşağı düşüb. Riyaziyyat üzrə orta ballar 2012-ci ildə müşahidə olunan ballardan aşağı olub. Oxu və elm sahəsində son eniş 2012-2018-ci illər arasında müşahidə olunan uğuru azaldıb və orta ballar 2022-ci ildə on il əvvəl müşahidə olunan rəqəmlərə yaxınlaşıb. 
 
Ən son dövrdə (2018- 2022-ci illər) riyaziyyatda ən yüksək bal toplayan və ən zəif şagirdlər arasında fərq daralıb, oxu və elm sahəsində  əhəmiyyətli dərəcədə dəyişməyib. Riyaziyyatda, demək olar ki, bütün şagirdlər zəifləyib, lakin yüksək nəticə göstərənlər zəif oxuyanlardan daha çox azalıb. 
 
2012-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti yeddi faiz artıb, oxumada əhəmiyyətli, elmdə isə ciddi dəyişməyib. 
 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 415-dən 388-ə, riyaziyyat üzrə 440-dan 409-a, elm üzrə 438-dən 416-ya düşüb. 
 
Qazaxıstan. İlk dəfə 2009-cu ildə PISA-da iştirak edib. 
 
2022-ci ilin nəticələri riyaziyyat və oxuma üzrə 2018-ci ildəki ilə təxminən eyni, elmdə isə 2018-ci illə müqayisədə çox olub. Ən son dövrdə riyaziyyatda ən yüksək bal toplayan şagirdlər və ən zəif şagirdlər arasında fərq azalıb, oxumada genişlənib, elmdə isə ciddi dəyişməyib. Riyaziyyatda aşağı nəticə göstərənlər güclənib, yüksək nəticə göstərənlər arasında performans əhəmiyyətli dərəcədə dəyişməyib. 
 
2012-ci illə müqayisədə riyaziyyatda əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti əhəmiyyətli dərəcədə dəyişməyib, oxumada altı faiz artıb, elmdə isə ciddi dəyişiklik baş verməyib. 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 387-dən 386-ya düşüb, riyaziyyat üzrə 423-dən 425-ə, elm üzrə 397-dən 423-ə yüksəlib.
 
İordaniya. İlk dəfə 2022-ci ildə PISA-da iştirak edib. 
 
Orta 2022 nəticələri riyaziyyatda 2018-ci illə müqayisədə aşağı, oxuma və elmdə isə, təxminən, 2018-ci ildə olduğu kimidir. İordaniyanın riyaziyyat üzrə orta balı əvvəlki qiymətləndirmələrdən aşağı olub. 
Ən son dövrdə riyaziyyatda ən yüksək bal toplayan və ən zəif şagirdlər arasında fərq azalıb, oxu və elmdə isə əhəmiyyətli dərəcədə dəyişməyib. Riyaziyyatda, demək olar ki, bütün şagirdlər zəifləyib, lakin yüksək nəticə göstərənlər zəif oxuyanlardan daha çox azalıb.
 
2012-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti 14 faiz artıb, oxumada əhəmiyyətli, elmdə isə ciddi dəyişiklik baş verməyib. 
 
Ümumilikdə 2018-ci illə müqayisədə riyaziyyat üzrə orta bal 400-dən 361-ə düşüb, oxu üzrə orta bal 342, elm üzrə 375 olub. 
 
Fələstin. İlk dəfə 2022-ci ildə PISA-da iştirak edib. 
 
Bu ölkədən olan şagirdlər riyaziyyat, oxuma və elmdə İƏİT-nin orta göstəricilərindən aşağı bal toplayıblar.
 
Fələstinli şagirdlərin İƏİT ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi ən azı bir fənn üzrə ən yüksək nəticə göstərib (5 və ya 6-cı səviyyə). Eyni zamanda, şagirdlərin İƏİT ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi hər üç fənn üzrə minimum bacarıq səviyyəsinə (səviyyə 2 və ya daha yüksək) nail olub.
 
Ümumilikdə, 2022-ci ildə riyaziyyat üzrə orta bal 366, oxu üzrə 349, elm üzrə 369 olub. 
 
Qətər. İlk dəfə 2006-cı ildə PISA-da iştirak edib. 
 
Orta 2022-ci ilin nəticələri riyaziyyatda 2018-ci ildəki ilə təxminən eyni, oxuma və elmdə isə 2018-ci illə müqayisədə daha yüksək olub. 
 
PISA 2022 nəticələri hər üç fənn üzrə PISA tərəfindən indiyə qədər ölçülmüş ən yüksək nəticələr arasındadır. Ən son nəticələr bütün 2006-2022-ci illəri əhatə edən müsbət tendensiyanı davam etdirib və möhkəmləndirib. 
 
Ən son dövrdə (2018-ci ildən 2022-ci ilə qədər) riyaziyyat, oxuma və təbiət elmləri üzrə ən yüksək bal toplayan şagirdlər və ən zəif şagirdlər arasında fərq azalıb.  Riyaziyyatda aşağı nəticə göstərənlər güclənib, baxmayaraq ki, yaxşı nəticə göstərənlər zəifləyib. 
 
2012-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti 13 faiz, oxumada doqquz faiz, elmdə isə 19 faiz azalıb. 
 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 415-dən 419-a yüksəlib,   riyaziyyat  üzrə 414, elm üzrə 432 bal toplayıb.  
 
Səudiyyə Ərəbistanı. İlk dəfə 2018-ci ildə PISA-da iştirak edib. 
 
Riyaziyyat üzrə orta 2022 nəticələri 2018-ci illə müqayisədə yüksək olub. Oxumada 2018-ci illə müqayisədə aşağı, elmdə isə təxminən 2018-ci ildə olduğu kimidir. Ən son dövrdə riyaziyyat, oxuma və təbiət elmləri üzrə ən yüksək bal toplayan şagirdlər və ən zəif şagirdlər arasında fərq azalıb. Riyaziyyatda aşağı nəticə göstərənlər güclənib, yüksək nəticə göstərənlər arasında performans əhəmiyyətli dərəcədə dəyişməyib. 
 
2018-ci illə müqayisədə riyaziyyat, oxu və təbiət elmləri üzrə əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti isə əhəmiyyətli dərəcədə dəyişməyib.
 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 399-dən 383-ə düşüb,riyaziyyat üzrə 4373-dən 389-a, elm üzrə 386-dan 390 -a yüksəlib. 
 
Türkiyə. İlk dəfə 2003-cü ildə PISA-da iştirak edib. 
 
2022-ci ildəki orta nəticələr riyaziyyatda 2018-ci ildəki ilə təxminən eyni idi, oxumada 2018-ci illə müqayisədə aşağı, elmdə isə 2018-ci illə müqayisədə daha çoxdur. 
 
Türkiyənin PISA 2022-ci il nəticələri riyaziyyat və elmdə PISA tarixində ən yüksək göstəricilərdən biridir və ən yüksək nəticələr arasındadır, oxuma üzrə orta uzunmüddətli göstəriciyə yaxındır. Xüsusilə riyaziyyat və elm sahəsində, PISA- 2022 nəticələri 2006 və 2015-ci illərdə müşahidə edilənlərdən daha yaxşıdır. Türkiyə, əksər fənlər üzrə PISA nəticələrini 10 ildən çox müddət ərzində yaxşılaşdıran bir neçə ölkədən biridir. 
 
Son dövrdə (2018-2022-ci illər) ən yüksək bal toplayan şagirdlər ilə ən zəif şagirdlər arasındakı fərq riyaziyyat və oxu sahələrində əhəmiyyətli dərəcədə dəyişməyib, elmdə isə artıb. Riyaziyyatda həm yüksək, həm də aşağı performans göstəriciləri olan şagirdlərdə performans əvvəlki səviyyəyə yaxın qalıb. 
 
2012-ci illə müqayisədə riyaziyyatda əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti əhəmiyyətli dərəcədə dəyişməyib; oxumada yeddi faiz artıb, elmdə isə ciddi dəyişməyib. 
 
Ümumilikdə, 2022-ci ildə Türkiyənin 2018-ci illə müqayisədə oxu üzrə orta balı 466-dən 456-ya düşüb. Riyaziyyat üzrə orta bal 453, elm üzrə isə 476 bal olub. 
 
Özbəkistan. İlk dəfə 2022-ci ildə PISA-da iştirak edib. 
 
Özbəkistandakı şagirdlər riyaziyyat, oxuma və elm sahələrində İƏİT-nin orta göstəricisindən aşağı bal toplayıblar. Şagirdlərin İƏİT ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi ən azı bir fənn üzrə yüksək nəticə göstərənlərdir (5 və ya 6-cı səviyyə). Eyni zamanda, şagirdlərin İƏİT ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi hər üç fənn üzrə minimum bacarıq səviyyəsinə (səviyyə 2 və ya daha yüksək) nail olub.
 
Ümumilikdə, Özbəkistan oxu üzrə 336, riyaziyyat üzrə 364, elm üzrə 355 bal toplayıb. 
 
Birləşmiş Ərəb Əmirlikləri. İlk dəfə 2010-cu ildə PISA-da iştirak edib.  
 
Orta 2022-ci il nəticələri riyaziyyat və təbiət elmləri üzrə 2018-ci ildəki ilə təxminən eyni, oxumada isə 2018-ci ilə nisbətən aşağı olub. 
 
Ölkədə aparılan bütün PISA qiymətləndirmələrini nəzərdən keçirdikdə, riyaziyyat üzrə PISA 2022-nin orta balları 2009-2010-cu illərdə müşahidə edilənlərdən yuxarı idi, lakin bütün sahələr üzrə yeni nəticələrə uyğundur. Oxuma zamanı orta ballar hər hansı əvvəlki PISA qiymətləndirməsində müşahidə edilənlərdən aşağı olub. Elmdə ümumi tendensiya dəyişməz qalıb - nə yaxşılaşma, nə də azalma var. Ən son dövrdə (2018-ci ildən 2022-ci ilə qədər) ən yüksək bal toplayan şagirdlər və ən zəif şagirdlər arasındakı fərq riyaziyyatda azalıb, oxu və elmdə isə artıb. 
 
Riyaziyyatda yüksək nəticə göstərənlər zəifləyib, aşağı nəticə göstərənlər arasında performans isə əhəmiyyətli dərəcədə dəyişməyib. 
 
2012-ci illə müqayisədə riyaziyyatda əsas bilik səviyyəsindən (2-ci səviyyə) aşağı bal toplayan şagirdlərin nisbəti əhəmiyyətli dərəcədə dəyişməyib, oxumada 12 faiz, elmdə isə 9 faiz artım var. 
Ümumilikdə 2018-ci illə müqayisədə oxu üzrə orta bal 442-dən 417-yə, riyaziyyat üzrə 435-dan 431-ə, elm üzrə 434-dən 432-yə düşüb.
 
Sonda bir daha qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür. PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilib. Ümumiyyətlə isə PISA-2022 orta hesabla İƏİT ölkələrində göstəricilərin misli görünməmiş azalmasını nümayiş etdirib. 2018-ci illə müqayisədə oxu üzrə orta müvəffəqiyyət 10, riyaziyyat üzrə isə təxminən 15 bal azalıb.
 
Oruc MUSTAFAYEV
 


16.05.2024 | 10:21