Fuad Qarayev: RFO-da hər bir mərhələyə dəyər vemək və əldə edilən nəticəni kiçik görməmək çox önəmlidir | |
“Respublika Fənn Olimpiadalarında hər bir mərhələyə dəyər vermək və əldə edilən nəticəni kiçik görməmək çox önəmlidir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, olimpiadanın yekununda bir çox sıralamalar olur. Məsələn, qaliblər (onlardan “Birincilərin birinciləri”, qızıl medal, gümüş medal və bürünc medal alanlar), respublika mərhələsinin final, yarımfinal turunda iştirak edənlər və nəhayət, ümumiyyətlə olimpiadalara qoşulanlar. Bu prosesdə həm valideynlər, həm də müəllimlər şagirdlərimizə dəstək olmalı, onları motivasiya etməli və hər bir uğurun mütləq mənada dəyərinin olduğunu bildirməlidirlər.
“Təbii ki, yekun etibarı ilə qaliblər sırasına düşməyən iştirakçılarda məyusluq yarana bilər və bu, özü məsuliyyətin və bu istiqamətdə çalışmaya verilən dəyərin göstəricisidir. Ancaq qaydalara əsasən hər hansı bir fənn və yaş qrupu üzrə ən yaxşı nəticə göstərən 30 şagirdə qızıl, gümüş və bürünc medalın təqdim edilməsi 31-ci və ya 35-ci və ya 50-ci sıralamada olan şagirdin dəyərini düşürmür. Müvafiq fənn üzrə ölkədə yaşıdları arasında ən yaxşı 60 şagirddən biri olmaq və ya olimpiadanın hər hansı bir mərhələsində iştirak etmək özü böyük uğurdur və buna şagirdlər, valideynlər, müəllimlər və ayrı-ayrı ümumtəhsil müəssisə rəhbərləri tərəfindən uğursuzluq kimi baxılmamalıdır” – deyə Fuad Qarayev bildirib.
F.Qarayev açıqlamasında olimpiadaların hansı formada keçirilməsindən və əhəmiyyətindən də danışıb. Bildirib ki, olimpiadaları təşkil edərkən diqqət edilən ən əsas prinsiplər: şəffaflıq, obyektivlik, əlçatanlıq və keyfiyyətdir:
“Fənn olimpiadaları dərsdənkənar fəaliyyət olub, bu və ya digər fənlərə marağı olan, onları dərindən öyrənilməsinə həvəsi olan, müvafiq istiqamətlər üzrə xüsusi istedadı olan və eyni zamanda çalışqanlığı, əzmi ilə seçilən məktəblilərin iştirak etdiyi elm yarışıdır. Akademik cəhətdən xüsusi istedada malik olan şagirdlərin aşkar edilməsinə, olimpiadalara çalışmaları ilə öz potensiallarının inkişaf etdirilməsinə və eyni zamanda çalışqlanlığı, bilik və bacarığı ilə seçilən şagirdlərin özlərini ifadə etmələrinə imkan verən bir platformadır. Bu gün etibarı ilə ölkəmizdə keçirilən fənn olimpiadalarında bu prinsiplərə maksimum diqqət edilməsinə çalışırıq”.
Təhsil İnstitutunun direktor müavini qeyd edib ki, diqqət edilməsi vacib olan nüanslardan biri də olimpiadanın təşkili və şagirdlərin iştirakı ilə bağlıdır:
“Belə ki, final turunda şagirdlərə tapşırıqlar açıq tipli suallar formatında təqdim edilir. Olimpiadanın final turu iki hissədən ibarətdir və bu iki hissə biri-biri ilə çox əlaqədardır. Olimpiadanın özü, yəni imtahan prosesi və imtahandan sonra koordinasiya, yəni şagirdlərin münsiflər heyəti ilə birgə yazı işlərinə baxış prosesi. Beynəlxalq olimpiadaların təcrübəsi olaraq artıq 10 ildir ki, bu proses ölkəmizdə tətbiq edilir. Final turunda şagirdin yazı işlərinə baxış prosesində iştirakı olduqca önəmlidir. İştirakçıların yazı işlərinin ilkin qiymətləndirilməsindən sonra koordinasiya prosesində münsiflər heyəti ilə şagird arasında yazı işləri üzərində qiymətləndirmə meyarlarını əsas götürməklə elmi müzakirə aparılır və nəticədə yekun qiymətləndirmə müəyyən edilmiş olur. Bütün beynəlxalq fənn olimpiadalarında olduğu kimi, respublika fənn olimpiadalarında da final turunda koordinasiya prosesindən sonra münsiflər heyətinin hər bir yazı işinə verilən qiymət yekun nəticə olaraq müəyyən edilir”.
|
|
15.05.2024 | 14:35 | |
|
|
|