“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb | |
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin digər rəsmiləri, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respubika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmiləri, millət vəkilləri, paytaxtın, eləcə də respublikanın müxtəlif bölgələrinin ümumtəhsil müəssisələrinin rəhbərliyi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov müsabiqədə qalib olan şagirdləri təbrik edərək bu müsabiqənin onların həyatında mühüm yer tutduğunu söyləyib, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin gənc nəslin təhsilinə xüsusi önəm verdiyini vurğulayıb. Ə.Əhmədov bildirib ki, bu müsabiqə məktəblilər arasında 20 ildən artıqdır keçirilir.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məktəblərimizdə kifayət qədər istedadlı şagirdlərin olduğunu söyləyib, onların müxtəlif fənn olimpiadalarında uğurlu nəticələr qazandıqlarını deyib.
Nazir bildirib ki, son illər məktəblilər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min şagirdin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur. Emin Əmrullayev Xaricdə təhsil üzrə Dövlət Proqramından söz açıb, 2024-cü ildə bu günə olan statistikaya əsasən, proqrama 220 nəfərin sənəd verdiyini deyib. Qeyd edib ki, Azərbaycandan 77 nəfər artıq dünyanın top universitetlərindən qəbul alıb.
“Əvvəlki xaricdə təhsil proqramları ilə müqayisədə son illər dünyanın ən qabaqcıl universitetlərinə yerli tələbələrin qəbul sayında xeyli dəyişiklik var. Hətta proqram siyahısından kənar qabaqcıl ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələrimiz var. Olimpiada qalibi olanların bu sahədə sayı daha çoxdur" – deyə nazir əlavə edib.
Digər çıxış edənlərin təbrik nitqlərindən sonra müsabiqə qaliblərinə diplom və dəyərli hədiyyələr təqdim olunub. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər l,11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif edilib.
Qeyd edək ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi məqsədini daşıyan, IX və XI siniflər arasında təşkil olunan respublika səviyyəli bu müsabiqəyə bu il bütün regionlar üzrə 2944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən, 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib. Bu mərhələdə iştirak hüququ qazanmış şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, ümumilikdə 34 nəfər müsabiqənin qalibi olub.
Samirə KƏRİMOVA
|
|
15.05.2024 | 12:26 | |
|
|
|