I siniflərə qəbul üzrə müsahibələrlə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayıb
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibədə nəticəsi məqbul olmayan uşaqlarla bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayıb.
 
Komissiyada müsahibə prosesi zamanı qeydə alınmış videoyazı valideynin iştirakı ilə izlənilir. Apellyasiya komissiyası tərəfindən müsahibə meyarlarına düzgün əməl edilmədiyi və ya texniki səbəblərdən videoyazını izləmək mümkün olmadığı hallar istisna olmaqla təkrar müsahibə aparılmır.
 
Apellyasiya komissiyasının yeri, tarixi və nəticəsi barədə məlumatlar valideynin şəxsi kabinetindəki Əlaqə bölməsinə göndərilir.
 
Apellyasiya komissiyası 3 iyun 2024-cü il tarixinə kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibənin nəticəsi ilə razılaşmayan valideynlər elektron qaydada müraciət edə bilərlər. Belə ki, valideynlərə 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının şəxsi kabinetindəki Əlaqə bölməsində “Apellyasiya komissiyasına müraciət” başlığı ilə (həmin başlıqdan istifadə zəruridir) müraciət etmək imkanı yaradılıb.


15.05.2024 | 11:36