Maarifləndirici görüşlər davam edir

Paytaxt məktəblərində “Sağlam məktəbli” adlı maarifləndirici layihə çərçivəsində görüşlər davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

 

Görüşdə çıxış edənlər layihənin əsas məqsədi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məktəblilər arasında qida təhlükəsizliyi mövzusunu təbliğ etmək və şagirdlərə qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaq layihənin əsas məqsədlərindəndir.

 

Görüşdə, həmçinin məktəblilərə düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilib, “Qida zəncirinin mərhələləri”ni əks etdirən videoçarx təqdim olunub.

 

Daha sonra “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, ““Fast food” qidaların ziyanları” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda mütəxəssislər tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

 

Qeyd edək ki, layihə çərçivəsində görüşlərin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.



07.11.2018 | 14:40