Ölkəmizin ev sahibliyi etdiyi PISA üzrə II ICESCO Nazirlər Konfransı başa çatıb | |
Mayın 14-də Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işini başa çatdırıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
Konfransda Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssalam, Livan, Oman Sultanlığı, Qambiya olmaqla ümumilikdə 20-yə yaxın ölkədən 40-dan çox nümayəndə iştirak edib.
Konfransda həmçinin OECD-nin PISA-nı daha çox ölkə üçün əlçatan və müvafiq hala gətirməsi, genişmiqyaslı qiymətləndirmə dizaynının idarə edilməsi və təhlili üçün milli potensialın təkmilləşdirilməsi, eləcə də ölkələrin bu istiqamətdə PISA tədqiqatlarında iştirakından maksimum istifadə imkanları müzakirə olunub. Bundan başqa, sessiyalarda ICESCO-ya üzv dövlətlər üzrə PISA-nın mədəni-kontekstual uyğunluğunun artırılması məsələsinə toxunulub.
Qeyd edək ki, iki gün keçirilən konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirmək olub. |
|
14.05.2024 | 15:51 | |
|
|
|