BMU “My technology” müsabiqəsi ilə bağlı regionlarda məlumat sessiyaları keçirir
Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən “My technology” müsabiqəsi ilə bağlı regionlarda məlumat sessiyaları və təlimlərin təşkili davam etdirilir.
 
Bu barədə “Azərbaycan müəllimi”nə BMU-dan məlumat verilib. 
 
İlk məlumatlandırma tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birgə Naxçıvan şəhərində və Culfa rayonunda keçirilib. Növbəti tədbirlər isə Gəncə şəhərində, Samux, Quba və Xaçmaz rayonlarında baş tutub. Tədbirlərdə BMU Texnoparkının əməkdaşları müsabiqə ilə bağlı təqdimatlarla çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.
 
Növbəti məlumat sessiyalarının Şamaxı, İsmayıllı rayonlarında, Sumqayıt və Xırdalan şəhərlərində təşkil edilməsi nəzərdə tutulur.
 
Ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri və müəllimlərinin iştirakı ilə keçirilən “My technology” müsabiqəsi bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq edən və dəstəkləyən missiya daşıyır.
 
Layihə müəllim və şagirdlərin yerli təsərrüfat ixtisaslaşması və həyat tərzi, eləcə də qlobal miqyasda dünyagörüşü potensiallarına əsaslanan innovativ təşəbbüslərini inkişaf etdirərək, onları innovasiya ekosisteminə qoşulmağa həvəsləndirir.
 
BMU-nun təşkilatçılığı, “Kapital Bank”ın sponsorluğu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi,  "STEAM Azərbaycan", həmçinin “Yeni Fikir” MMC-nin tərəfdaşlığı ilə baş tutacaq müsabiqə bu il 5 regionu (Abşeron-Xızı, Gəncə-Qazax, Dağlıq Şirvan, Quba Xaçmaz və Naxçıvan) əhatə edəcək.
 
Müsabiqədə iştirak etmək istəyən şagird və müəllimlər layihələrini müvafiq link (https://forms.gle/fx1XDV6YhRvsxeT8A) üzərindən qeydiyyatdan keçirməlidirlər.
 
Qeydiyyat prosesi cari ilin may ayının 20-ə kimi davam edəcək.


14.05.2024 | 11:47