Azərbaycan Dövlət İqtisad Universitetində iqlim dəyişikliyi mövzusunda “dəyirmi masa” keçirilib | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqlim dəyişikliyi ilə mübarizənin həlli yolları” mövzusunda "dəyirmi masa"
keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin moderatoru Azərbaycan Respublikasının Təhsil İnstitunun (ARTİ) Təşkilati şöbəsinin müdiri dosent Aynur Paşayeva bu il respublikamızda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlərdən, o cümlədən COP29 haqqında danışıb. Vurğulayıb ki, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəlib.
ARTİ-nin Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri professor İntiqam Cəbrayılov Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışaraq qeyd edib ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.
Məruzəçilər UNEC-in dosentləri İlqar Xəlilov və Afaq Hacıyeva İqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən danışıblar. Dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən və COP29 -un respublikamız üçün əhəmiyyətindən bəhs edib. Dosent İlqar Xəlilov iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib.
Tədbirdə tələbələrlə aktiv diskussiya aparılıb, onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib.
|
|
14.05.2024 | 10:42 | |
|
|
|