Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin Qaradəniz Texniki Universitetində işgüzar səfərdə olub

Türkiyənin Trabzon şəhərində Naxçıvan Dövlət Universiteti (NDU) və Qaradəniz Texniki Universitetinin (QTU) birgə təşkilatçılığı keçirilən “II Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” çərçivəsində NDU-nun rektoru Elbrus İsayev və nümayəndə heyəti QTU-da işgüzar səfərdə olublar.

 

”Azərbaycan müəllimi” xəbər verir ki, Qaradəniz Texniki Universitetinin rektorluğunda keçirilən ikitərəfli görüşdə rektor professor Hamdullah Çuvalcı qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib.  Rektor yaradılan əməkdaşlıq çərçivəsində bir sıra sahələrdə praktik işlərin uğurlu nəticələrindən söz açaraq həyata keçirilən işləri yüksək qiymətləndirib.

 

NDU-nun rektoru Elbrus İsayev birgə əməkdaşlıq, ortaq elmi-tədqiqat fəaliyyəti, akademik və tələbə mobilliyi istiqamətində görülən işlər barədə məlumat verib.  Hər iki universitet arasında informasiya texnologiyaları, incəsənət və tibb sahəsində uğurlu layihələrin həyata keçirilməsindən, tibb fakültəsinin tələbə-müəllim heyətinin təcrübə proqramlarının əhəmiyyətindən danışıb.

 

Səfər müddətində Trabzon valisi Aziz Yıldırımın NDU rektoru Elbrus İsayev və nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, akademik fəaliyyətdə də işbirliyinin daha da genişləndirilməsi müzakirə olunub.

Daha sonra NDU-nun nümayəndə heyəti Qaradəniz Texniki Universitetinin tibb fakültəsi və araşdırma xəstəxanasında olub. Fakültənin dekanı professor Neşe Kaklıkkaya əsası 1973-cü ildə qurulan fakültənin kadr potensialı, fakültənin nəzdində fəaliyyət göstərən xəstəxana barədə ətraflı məlumat verib. Hər iki universitet arasında artıq neçə ildir uğurla həyata keçirilən əməkdaşlıq məsələlərində tibb fakültələrinin işbirliyinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

 

NDU nümayəndə heyəti QTU-nun Fərabi xəstəxanasında müasir texnologiyalarla zəngin ümumi cərrahiyyə və ümumi endoskopiya poliklinkaları, təcili tibbi yardım  və müayinə şöbələri, klinik tədqiqatlar laboratoriyası, həkimlik uygulamaları və simulyasiya mərkəzi ilə tanış olublar.  

 

Diş həkimliyi fakültəsində davam edən görüşdə QTU-nun diş fakültəsinin dekanı professor Tanər Daşdəmir ilə birlikdə müvafiq kafedralar, protez laboratoriyası, diş müayinəsi və müalicəsi kabinələri ilə tanışlıq olub.

 

Əczaçılıq fakültəsinində keçirilən görüşdə dekan professor Ufuk Özgenlə görüşən NDU kollektivi universitetlərarası elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

 



14.05.2024 | 10:06