PISA üzrə II ICESCO Nazirlər Konfransının ikinci günü başlayıb
Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının ikinci günü başlayıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
 
Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb. 
 
Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.
 
Bugünkü sessiyalar zamanı İƏİT-in (OECD) PISA-nı daha geniş ölkələr üçün daha əlçatan və müvafiq hala gətirməsi, geniş miqyaslı qiymətləndirmə dizaynının idarə edilməsi və təhlili üçün milli potensialın təkmilləşdirilməsi və bu istiqamətdə PISA tədqiqatında ölkələrin iştirakından maksimum istifadə etməyə necə kömək etdiyi müzakirə olunacaq. Bundan başqa, ICESCO-nun üzv dövlətlərində PISA-nın mədəni-kontekstual uyğunluğunun artırılması, qiymətləndirmənin təhsil prioritetləri ilə uyğunlaşdırılması kimi məsələlər sessiyalarda əhatə ediləcək.
 
Xatırladaq ki, konfransın ilk günü “Şagird nailiyyətləri: riyaziyyat, oxu və təbiət elmləri sahəsində şagirdlər nələr edə bilərlər?”, “Məktəb mühitinin şagirdlərin öyrənmə prosesinə dəstəyi”, “Müəllimlər üçün metodiki vəsait və peşəkar inkişaf təlimlərinin şagird nailiyyətlərinə təsiri” mövzularında panel sessiyaları keçirilib. 
 
Sessiyalar çərçivəsində beynəlxalq nəticələr və ICESCO üzrə iştirakçı ölkələrin nəticələrinin müqayisəli təhlili, PISA-nın Azərbaycan üzrə nəticələri, onların qərarvermədə təsiri, gələcəyin bacarıqları və digər mövzularda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizin beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd edilib. Əlavə olaraq bildirilib ki, islam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək.  
 
Qeyd edək ki, 13-14 may tarixlərini əhatə edən konfrans bu gün öz işini tamamlayacaq.


14.05.2024 | 09:30