PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb | |
13-14 may tarixlərini əhatə edən Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb.
Konfransda müzakirələr zamanı Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd olunub. Həmçinin tədrisin keyfiyyətinin artırılması baxımından Azərbaycan İslam ölkələrinə bu istiqamətdə dəstək verəcək. Əlavə olaraq qeyd olunub ki, İslam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək.
Konfransın açılışı nitqində elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, PISA təhsil sistemimizin səmərəsinin qiymətləndirilməsi üçün bizə kritik məlumatlar təqdim edir. PISA-nın son hesabatından olan anlayışlar iştirakçı ölkələr, o cümlədən Azərbaycan üçün inkişafa imkan yaradır. O qeyd edib ki, bu tədbir bizə PISA-nın qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlərdə mədəni baxımdan əhəmiyyətliliyini müzakirə etmək və artırmaq imkanı yaradır. Müxtəlif dünyada təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmə effektivdir. Beləliklə, təhsil prioritetlərimizi ICESCO-nun üzv dövlətlərinin unikal mədəni kontekstləri və ehtiyacları ilə eyniləşdirmək bizim bağlı olduğumuz prioritetdir. Nazirin sözlərinə görə, bu gün təhsilin keyfiyyəti, reallıq və göstəricilər vacib məsələdir: "Azərbaycanın dövlət strategiyasında sosial siyasət və təhsil öz əksini tapıb. Bu istiqamətdə qarşıya qoyulan hədəflərdə müxtəlif resurslardan yararlana bilirik. Şagirdin biliyinin qiymətləndirilməsində ünsiyyət məsələsi çox vacibdir, çünki ortaq kommunikasiya əsasdır".
Ardınca ICESCO-nun baş katibi Səlim bin Məhəmməd əl-Malik bildirib ki, ICESCO təşkilata üzv olan ölkələrdə elmi tədqiqatların inkişafına sərmayə yatırmağa sadiqdir. O, bu konfransın keçirilməsində Azərbaycanın rolunu xüsusi qeyd edərək, belə genişmiqyaslı tədbirin ICESCO-ya üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Baş katib həmçinin qeyd edib ki, konfrans iştirakçıları davamlı inkişaf məqsədlərinə nail olmaq məqsədi daşıyır. Başqa sözlə, inklüziv və bərabər təhsil keyfiyyətini təmin etmək və hamı üçün təhsil imkanlarını təşviq etmək baxımından olduqca əhəmiyyətlidir.
Daha sonra yerli və beynəlxalq nümayəndələrin iştirakı ilə konfrans aktiv panel müzakirələri formatında davam edib. Sessiyalarda süni intellektin təhsildə rolu, gələcəkdə tələb olunacaq əsas bacarıqlar, gənc nəslin təhsilində qarşıda duran əsas maneələr, məktəb mühiti və şagird rifahı, müəllim hazırlığı, kurikulumun inkişafı kimi məsələlər çıxış və təqdimatlarda diqqətə alınıb. Bununla yanaşı, müxtəlif ölkələr nümunəsində təhsil keysləri təqdim olunub, təhsillə bağlı mühüm qlobal çağırışlar edilib.
Qeyd edək ki, konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.
13-14 may tarixlərini əhatə edən konfrans öz işini sabah da davam etdirəcək.
|
|
13.05.2024 | 16:38 | |
|
|
|