Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı davam edir | |
Elm və Təhsil Nazirliyinin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu tədbirin PISA qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaratdığını bildirib. Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadiləsinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib.
Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib.
Açılış mərasimində çıxış edən ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş direktor əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur.
Konfransa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer onlayn qoşulub. PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır.
PISA üzrə II ICESCO Nazirlər Konfransı panel sessiyaları ilə işini davam etdirir.
Qeyd edək ki, konfrans 13-14 may tarixlərini əhatə edəcək.
|
|
13.05.2024 | 14:22 | |
|
|
|