Belçika şahzadəsi Azərbaycan universitetinə layihə təqdim edib
“COP29-un bu il Bakıda keçirilməsi türk dövlətlərinin bərpa olunan enerji texnologiyaları mövzusunda böyük biliyə malik olduğunu bütün dünyaya göstərmək baxımından çox güclü bir məqamdır”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Belçika şahzadəsi Laurent "Anadolu Agentliyi"nə müsahibəsində bildirib.
 
O SOCAR-la tərəfdaşlıq çərçivəsində həmmüəllifi olduğu “Enerji səmərəliliyi texnologiyalarının və bərpa olunan texnologiyanın hibridləşdirilməsi” adlı layihəsini noyabrda Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində təqdim edə biləcəklərini ifadə edib. Şahzadə qeyd edib ki, həyat yoldaşı şahzadə Kler ilə birlikdə üzərində çalışdığı layihəni bir kral ailəsinin üzvü kimi deyil, davamlılıq və enerji sahəsində çalışan bir sahibkar kimi reallaşdırmaq niyyətindədir.
 
"İlk pilot layihə iyun ayında Türkiyədə keçiriləcək Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyası (IAEE) Konfransında təqdim ediləcək. Adətən insanlar bərpa olunan texnologiya dedikdə günəş panelləri və külək turbinlərini anlayırlar. Əslində isə bu iki texnologiyanın yanında onlardan daha təsirli olan bir çox naməlum texnologiya da var. Məsələn, dərin geotermal texnologiya və ya hidrogen istehsalı. Hidrogen istehsalının maya dəyəri normalda çox yüksəkdir, lakin bərpa olunan enerji və enerji səmərəliliyi ilə istehsal olunarsa, daha ucuz başa gələcək. Layihəm həm Türkiyənin Boğaziçi Universiteti, həm də Azərbaycan Texniki Universiteti tərəfindən çox müsbət qarşılanıb”.
 
Şahzadə Laurent layihəsinin Avropada bərpa olunan texnologiya ilə bağlı yeni qanunvericiliyə uyğun olduğunu da vurğulayıb. O bildirib ki, SOCAR-la məxfilik sazişi imzalanıb və layihənin məqsədi bərpa olunan texnologiya və enerji səmərəliliyi sisteminin hibridləşdirilməsindən ibarət elektrik stansiyasını istismara vermək və neft emalı zavodunun istifadə etdiyi enerjinin maya dəyərini azaltmaqdır:
 
"Hibridləşdirmə sistemi ilə biz enerji xərclərini demək olar ki, sıfıra endirə bilərik. Bu prosesdə enerji xərcləri yüz milyonlarla dollar azala bilər və texniki xidmət xərcləri çox aşağı olacaq. Gələcəyin bərpa olunan texnologiyalarının hibridləşmə olacağını başa düşmək çox vacibdir”.
 
Şahzadə Laurent nüvə enerjisinə qarşı olmadığını, lakin bu mənbədən verilən elektrik enerjisinin qiymətinə obyektin sökülməsi xərclərinin əlavə edilməsi lazım olduğunu bildirib: "Yenilənə bilən texnologiyanın hibridləşdirilməsinə dair bu yeni layihə bütün türk dövlətləri bölgəsi üçün böyük bir fürsətdir".


13.05.2024 | 14:13