10 yaşlı rəssam Afşin Sadıxzadə: Çəkdiyim rəsmlərdə isti rənglərə daha çox üstünlük verirəm | |
“Azərbaycan müəllimi”nin oxucularına daha bir istedadlı məktəblini- Afşin Sadıxzadəni tanıtmaq istəyirik.
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Respublika İncəsənət Gimnaziyasında təhsil alan 10 yaşlı bu istedad gözəl rəsmlər çəkir. O, təsviri incəsənətin bir növü olan rəssamlığa lap kiçik yaşlarından maraq göstərib. Evdə onun üçün alınan rəsm albomlarının səhifələri heç vaxt boş qalmayıb. Rəngli karandaşları da, sulu boyanı da çəkdiyi mövzularda doğru dəyərləndirməyi bacarıb. Böyüdükcə rəsmlərinin sayı artıb, mövzusu genişlənib. Çəkdiyi rəsmlər müxtəlif müsabiqələrdə uğur qazanıb. İdman və Gənclər Nazirliyinin təşkil etdiyi rəsm müsabiqəsində I yerə sahib olub.
Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi yaradıcılıq müsabiqəsində isə III yeri tutub. "Toyota - arzularımın maşını" 15-ci Beynəlxalq rəsm müsabiqəsinin seçim turunda onun rəsmləri II yerə layiq görülüb. Xəzər televiziyasında “Xoşbəxt sabahlar” verilişində Afşinin rəsmləri nümayiş olunub. Bütün bunlar onu rəsm çəkməyə daha da həvəsləndirib.
Balaca istedadın çəkdiyi rəsmlər işlənmə texnikasına görə qrafikaya aiddir. Rənglərdə isə o, isti rənglərə daha çox üstünlük verdiyini deyir: "İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onların çalarlarıdır. Bu rənglər kağız üzərində işləmək istədiyim mövzunu yaxşı canlandırır. Belə rənglərlə hissləri, duyğuları daha rahat anlatmaq olur. Müxtəlif mövzularda rəsmlər çəkirəm. Məsələn, vətənpərvərliyə, təbiət gözəlliklərinə aid. Bu zaman rəngləri mövzulara uyğun seçirəm və burada isti rənglər üstünlük təşkil edir".
Afşin, eyni zamanda təsviri sənət növü olan heykəltəraşlığı da sevir. Heykəllərin nədən hazırlandığına, insan cizgilərinin burada necə alındığına böyük maraq göstərir.
Bundan başqa, onun gözəl şeir söyləmək, hətta aktyorluq qabiliyyəti də var: "Mən müxtəlif reklamlarda da çəkilmişəm. 8 Noyabr-Zəfər Günü ilə bağlı bir reklam çəkilişlərində iştirak etdim, hamı həmin reklamı çox bəyəndi".
Afşin məktəb dərslərini də yaxşı oxuyur. Eyni zamanda idmanla da həvəslə məşğul olur.
İnanırıq ki, 10 yaşlı istedadın rəsm əsərləri gələcəkdə böyük sərgilərdə də nümayiş olunacaq.
Sifai SƏFƏROVA
|
|
13.05.2024 | 12:54 | |
|
|
|