Şagirdlərə fərdi yanaşmanın onların şəxsiyyət kimi formalaşmasında böyük rolu var- MÜƏLLİMİN BLOQU

Bəllidir ki, mütərəqqi təhsil modeli olan kurikulum hər bir şagirdə fərdi yanaşma tələb edir. Müəllimlər bu yanaşmanın vacibliyini anlayır və əlbəttə ki, öz tədris metodları sırasına daxil edirlər. Biz həqiqətən də şagirdlərə individual yanaşmaqla onları şəxsiyyət kimi formalaşdıra bilərik.

 

Hər bir şagirdin özünəməxsus bacarığı, düşüncə tərzi var. Bəzən keçirilən mövzu bir şagirdə maraqlı və asan, digər şagirdə isə çətin və maraqsız gələ bilər. Bu zaman mövzunu həmin şagirdin maraq dairəsinə uyğun quraraq mənimsətmək lazımdır.  

 

 

Başqa bir nüans isə şagirdin sinfə uyğunlaşma problemini həll etməkdir. Şagirdlərimizin məktəb arzusunu, dərs oxumaq və bacarıqlarını göstərmək istəklərini özlərini daha rahat hiss edə biləcəkləri bir mühit yaratmaqla artıra bilərik. Şagirdlərin maraqlarına, ehtiyac və tələblərinə uyğun qurulan dərs onları tədris prosesinə daha asan cəlb edəcək.

Mən sinfimdə oxumağa marağı az olan şagird ilə “1 cümlə= 1şəkil” oyunu qurmuşam. Bunu onun marağını nəzərə alaraq etmişəm. Bu şagird daha çox rəsm çəkməyə, rəngləməyə, hətta onları printerdə çap etməyə həvəslidir. Artıq şagirdim bilir ki, neçə cümlə oxusa, o qədər şəkil çəkəcək və onları printerdə mənimlə birlikdə çap edəcək.

 

 

Başqa bir şagirdimin özgüvəni çox aşağı, bacarığına inamı çox azdır. Bu şagirdim ilə “1 çətin sual = 2 asan sual” oyununu qurmuşam. Şagird 1 çətin sual işlədikdən sonra artıq bilir ki, 2 asan sual işləyəcək. Bu da onu motivasiya edir və çətin sualı diqqətlə, səhvsiz işləməyinə yardımçı olur.

 

Beləliklə, biz şagirdlərə fərdi yanaşaraq, xüsusiyyətlərini nəzərə alaraq, onları motivasiya edən, inkişaf etdirən bacarıq və fəaliyyətləri bilməli, bu bacarıq və fəaliyyətləri onların tələblərinə uyğun qurmalıyıq. Şagirdlərə fərdi yanaşarkən onlara sevgimizi də göstərməyi unutmamalıyıq! Sevgi şəxsiyyət yetişdirməyin ən vacib şərtidir!  ‎

 

 

 

 

 

 

 

 

Gülnar İbrahimli,  

Xətai rayon 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 

 



10.05.2024 | 12:21