BDU-nun jurnalistika fakültəsində təhsil mediasının perspektivləri ilə bağlı görüş keçirilib
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil mediasının bu günü və perspektivləri ilə bağlı tələbələrlə görüş keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov, qəzetin əməkdaşları Gülnarə Hüseynova, Çingiz Səfərli, Vaqif Fətullayev və Oruc Mustafayev, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tələbələr iştirak ediblər.
 
Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev tələbələrə nazirliyin media ilə əlaqələri, mətbuat nümayəndələrinin təhsil sahəsində məlumatlılığının vacibliyi, təhsil jurnalistikasının inkişaf perspektivləri barədə danışıb. O qeyd edib ki, hazırda təhsil mediası sahəsində müəyyən boşluqlar mövcuddur, buna görə də gənc jurnalistlərin mütəmadi olaraq təhsil gündəmini izləməsi, təhsildə aparılan islahatların düzgün təhlil edilməsi cəmiyyətin bu sahədə doğru şəkildə məlumatlandırılması baxımından əhəmiyyətlidir.
 
Daha sonra "Azərbaycan müəllimi" nin əməkdaşları qəzetin fəaliyyəti, tarixi və gələcək hədəfləri haqqında tələbələrə məlumat veriblər. 
 
Görüşdə, Təhsil TV-nin fəaliyyətindən də bəhs olunub, həmçinin təhsilin və medianın hazırkı problemləri, cəmiyyətlə media arasında münasibətlər, təhsil problemlərinin işıqlandırılmasında tələbə-jurnalistlərin iştirakı, onların təhsildən yazan media qurumları ilə əməkdaşlığa cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
 
İnteraktiv formatda keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Sonda Elm və Təhsil Nazirliyinin və "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları fakültədə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılmış studiya və tədris otaqları ilə tanış olublar.
 
 
 


10.05.2024 | 11:46