BÖYÜK AZƏRBAYCANLI

XX əsr bəşəriyyət tarixinin dönüş mərhələsi kimi qəbul edilir və həmin əsrin əvvəllərindən sonuna kimi baş verən hadisələrin fonundakı mənzərənin yaratdığı qənaətlərlə razılaşmamaq mümkün deyil. Bu, bir əsrdə iki dünya, çoxəsrlik imperiya sərhədlərinin dəyişməsi, saysız-hesabsız məhəlli müharibələrinin gətirdiyi ağlagəlməz itkilərin fonunda xalqların özünü göstərən iddiası ilə şərtlənən situasiya idi. Məhz belə oxşar vəziyyətlərdə hər bir xalqın öz liderini axtarmaq istəyi zərurətə çevrilir.

 

Liderlik təkcə üzləşdikləri şəraitin öhdəsindən uğurla gəlmək deyil, həm də onların ətrafında cərəyan edən tarixin gedişatını dərindən dəyişdirmək bacarığıdır. Bu bacarıqlarını XX əsrin ikinci yarısında ortaya qoyan, xalqını onun ən böyük iradəsi olan dövlətinə qovuşduran az sayda dövlət xadiminin adı nəinki xalqının, ümumilikdə dünya tarixinin örnək sayılan səhifələrinə yazılıb.

 

Onların içində Fransa siyasət və dövlət xadimi, II Dünya müharibəsində Fransa müqavimətinin simvoluna çevrilən, 1959-1969-cu illərdə bu ölkənin ilk prezidenti olan Şarl de Qoll, günümüzə qədər miqyasına, həmçinin insan itkiləri və dağıntılarına görə bənzəri olmayan müharibədən ağır məğlubiyyət, sağalmaz görünən yaralarla çıxan məğlub Almaniyanın kansleri, Xristian Demokratik Birlik Partiyasının qurucularından biri Konrad Adenauerin adlarını xatırladaq. Onlardan biri - Adenauer məğlubiyyətinin mənəvi yükünü qəbul edəcək qədər təvazökarlığı ilə bərabər, xalqını “yenidən başlamaq cəsarəti” ilə silahlandıracaq qədər gücü ilə dünyanı heyrətləndirdi. Etdikləri ilə siyasətin ancaq “mümkün olanların sənəti” deyil, iradə sənəti olduğunu təsdiq edən bütün liderlər tarixə beləcə - dərin, cəsarətli, dəyərlər və baxışlarına sadiq şəxsiyyət kimi daxil olurlar.

 

XX əsrin 80-ci illərinin sonlarında, avantürist “perestroyka” siyasətinin ilk fəsadları görünənə, o vaxtlara qədər “dünyanın əminlik adası” hesab olunan SSRİ-nin iki subyektindən biri Ermənistan SSR ərazi iddiaları ilə Azərbaycan SSR-ə qarşı elan olunmamış müharibəyə başlayana qədər bunlar müasir azərbaycanlıların tarix kitablarından oxuduğu və bəlkə də çoxlarının adi hesab etdiyi faktlardan sayılırdı. Min illərlə bu ərazilərdə yaşamış, 1918-ci ildə milli dövlətini elan etsə də, 23 aydan sonra bolşevizmin ilhaqından sonra nominal dövlətin sakinləri olan bütün azərbaycanlılar XIX və XX əsrlərdə onların tarixi vətənlərində yerləşdirilən ermənilərin separatçı, İttifaq hökumətinin ikiüzlü mövqeyinə etirazını nümayiş etdirdi.

 

Bu, Azərbaycan və onun vətəndaşları üçün başa çatmaqda olan əsrdə üzləşilən qanlı, dünyanın ən əxlaqsız və hiyləgər xüsusi xidmət orqanlarının hazırladığı bir qərinəlik sınağının ilkin mərhələsi idi. Ardınca baş verən hadisələr-azərbaycanlıların “radikal”, “cinayətkar” obrazının təqdimatına xidmət etməli Sumqayıt və Bakı iğtişaşları, bütöv bir xalqda xof yaratmaq üçün törədilən 20 Yanvar, Xocalı, Ağdaban, Qaradağlı dəhşətləri göstərirdi ki, xalq birmənalı seçim qarşısındadır. Bu hadisələrin davamı artıq dövlət müstəqilliyini elan edən Azərbaycan Respublikasının dövlət sərhədlərini keçərək, onun ərazilərinin 20 faizinin işğalı, 1 milyondan çox vətəndaşının məcburi köçkünə çevrilməsi ilə inkişaf edirdi. Perspektivdə ya milli qüruru, min illər ərzində qazanılan dəyərləri və o dəyərlərin məskəninə çevirdiyi Vətəni itirmək, ya da bu keşməkeşli yollardan ləyaqətlə keçərək özünü təsdiq etmək dayanırdı. İnsanlar çaşqınlığın doğurduğu ümidsizliklə baş-başa qalmış, situasiyanın yaratdığı dalğaların hakimiyyətə gətirdiyi “vətənpərvər qüvvələrin tətbiq etməyə çalışdığı “dağınıq idarəetmə” taktikası, imperiya maraqları ilə regionda at oynadan dövlətlərin ikili standartları işğalçı Ermənistan Respublikasını daha da şirnikləndirir və onun cəzasızlıq şəraitində eyforiyaya uğramış rəhbərliyi ölkəmizə ən yaxşı halda “güzəştə gedilən ərazilər müqabilində sülh” təklif edirdi. Üstəlik, Azərbaycanda hakimiyyətdə olan marginal qüvvələrin səriştəsizliyinin yaratdığı vətəndaş müharibəsinin bir addımlıqda olması xalqa nicat yolunun Heydər Əlirza oğlu Əliyevin ölkə rəhbərliyinə gəlməli olduğunu diktə edirdi. Bunu şərtləndirən amillər isə məntiqi qanunauyğunlaqlardan qidalanırdı.

 

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri gəldikdən az sonra nəinki azərbaycanlılar, Sovet Sosialist Respublikaları İttifaqında yaşayan bütün xalqların nümayəndələri xarizmatik ölkə rəhbərinin yaradıcı iş metodunu və onun nəticələrini gördü. Bu işlərin nəticəsi idi ki, Azərbaycan rəhbəri az müddətdən sonra ucsuz-bucaqsız kimi görünən nəhəng ölkənin siyasi rəhbərləri cərgəsində dayandı. Böyük dövlət xadiminin strateji hədəflərə istiqamətlənən siyasətinin mahiyyətində o vaxtacan daha çox aqrar ölkə kimi tanınan ölkəni həm də sənaye respublikasına çevirməyə xidmət edən xətt ilə bərabər, mənsub olduğu xalqın dili, tarixi, ədəbiyyat və incəsənəti, elm və təhsili, ümumiyyətlə, sosial sahəyə qayğısı konkret əməllərlə fakta çevrilirdi. 1982-ci ilə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü seçilənə, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsinə təyin olunana qədər Ümummilli Lider Azərbaycanın tarixində silinməz izlər yaratdı. 1987-ci ilin payızında, ölkəmizdə erməni separatizminin meydanda görünməsi üçün işarə verildiyi məqamlarda SSRİ-nin avantürist rəhbəri Mixail Qorbaçovun apardığı siyasətlə razılaşmayan Heydər Əliyev istefa verdi. Xatırlatmağı lazım bilirik ki, bu istefanın əsas səbəbi hələ 1985-ci ilə qədər də adı gələcək İttifaqın rəhbərləri sırasında çəkilən azsaylı dövlət xadimlərindən biri, dünya mətbuatında “Kremlin parlayan ulduzu” kimi təqdim edilən Heydər Əliyevin geniş erudisiyasına Qorbaçovun həsədi idi.

 

Ümummilli Liderin istefadan sonra Moskvada deyil, doğma Azərbaycanında yaşamaq planları isə son 5 ildə 5 dəfə dəyişən ölkə rəhbərliyində narahatlıq yaratdığından Ulu Öndər doğulduğu Naxçıvanda yaşamaq, Azərbaycanın tarixində şərəfli tarix yazmış guşəsinin qayğılarına şərik olmaq istəyərək buranı seçdi. Az sonra Naxçıvan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Naxçıvan Muxtar Respublikasının Milli Məclisinə gələn Ümummilli Lider Məclisin sədri seçildi. Bu, həmin vaxtlar idi ki, Ermənistan Respublikasının blokadada saxladığı diyar işğalçılara qarşı mübarizəni kiçik resursları ilə aparırdı. Qısa müddətdə Türkiyə və İran dövlətlərinin siyasi rəhbərliyi ilə əlaqələr yaradan Ulu Öndər muxtar respublika üçün həyati əhəmiyyətli mənbələr yarada bildi. 1993-cü il iyun ayının əvvəllərində Azərbaycan xalqının üzbəüz qaldığı vətəndaş müharibəsi qorxusu ölkə rəhbərliyi ictimai rəylə hesablaşaraq Ümummilli Lideri Bakıya dəvət etmək  məcburiyyətində qaldı. Böyük siyasətçi dövlət xadimini paytaxta gətirmək üçün o zamankı dövlət başçısının təyyarəsi Naxçıvana uçdu.   

 

Bununla Azərbaycan Respublikasının gələcək taleyini müəyyənləşdirəcək Böyük Qayıdış salnaməsinin ilk səhifələri böyük siyasətçi, dünyanın hörmət və ehtiramla qəbul etdiyi dövlət xadimi Heydər Əliyevin qəbul etdiyi qərarlar, atdığı addımlarla yazılırdı. Bu yazılarla Ümummilli Lider siyasətin mümkün olanların sənəti deyil, iradə sənəti olduğunu təsdiq etməklə bərabər, təkcə dövlətin deyil, o dövləti quran xalqın tarixində həmişəlik qalacaq şərəfli səhifələrin müəllifinə çevriləcək. Həmin məqamlardasa Ümummilli Lider Azərbaycan Respublikası Milli Məclisinin sədri seçiləcək, az müddətdən sonra “ölkənin astanasında olan vətəndaş müharibəsinin içəri keçməməsi üçün” postunu tərk edərək gecə saatlarında təyyarəsi ilə “naməlum istiqamətə uçan” dövlət başçısının səlahiyyətlərinin icrasına başlayacaq. Baş verənlərin fonunda ölkədəki xaosdan istifadə edərək ayrı-ayrı qüvvələrin yaratdığı silahlı dəstələrin hərəkətə keçməsi vətəndaşlarda səksəkə və xof yaradırdı. Bu, təhlükəli amil idi və Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev dövlət televiziyası ilə canlı olaraq xalqa müraciətində insanlara üz tutur, vəziyyətin çətinliyindən, lakin ümidsiz olmadığından danışırdı.

 

Ümummilli Lider xalqa müraciətində xalq və dövlət qarşısındakı həll olunası məsələləri müxtəlif rakurslardan izah edir və bu məsələlərin həlli yollarından yox, yeganə yolundan söz açırdı. O yolun xalqımızın bütün təbəqələrinin, həmçinin ölkədəki siyasi partiyaların tutub da nümayiş etdirəcəyi mövqedən keçəcəyini deyən Heydər Əliyev bütün həyatının və o həyat boyu qazandığı zəngin təcrübəsinin verdiyi dərslərdən çıxan qənaətini bütün Azərbaycan vətəndaşları ilə bölüşürdü: “İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın müstəqilliyini qoruyub saxlayaq” (Heydər Əliyevin Azərbaycan milli televiziyası ilə xalqa müraciəti”ndən.  “Xalq qəzeti”, 24 avqust 1993-cü il).

 

Bu, şəxsi təfəkküründən süzülən, natiqlik məharəti ilə düşündüklərini öz doğmaları ilə bölüşən böyük dövlət xadiminin real həqiqətlər haqqında dedikləri sözlər, ifadə etdiyi fikirlər idi. Ümumiyyətlə, çox dəyərli oxucular üçün Ümummilli Liderin natiqlik məharətini yaradan keyfiyyətləri araşdırdığım müddətdə həmin məharəti şərtləndirən başlıca keyfiyyətin səmimiyyət olduğunu deyə bilərəm. Onun çıxış və replikalarının cəlbediciliyinin arxasında güclü müşahidə qabiliyyəti, çoxlu mütaliə və həyat təcrübəsinin dayandığı şübhəsizdir. Heydər Əliyev harada çıxış edirsə etsin, bu, şəhid ailələri, yaxud ölkəyə rəhbərlik etdiyi bütün vaxtlarda tez-tez getdiyi müxtəlif təşkilatlarda görüşdüyü sadə insanlar, fərqli beynəlxalq təşkilatların ən uca kürsülü auditoriyasını dolduran diplomatlar, fərqi yoxdur, çıxışı diqqətlə dinlənilirdi. Ölkənin ziyalıları ilə görüşündə də Ümummilli Lider səmimi idi və bu səmimiyyətlə, vəziyyətin nə qədər mürəkkəbləşdiyini izah edir, insanların öləziməkdə olan ümidlərini alovlandırırdı.

 

Məsələlərə yanaşmada praqmatizmi ilə seçilən Heydər Əliyev həmişə olduğu kimi, yenə həqiqəti deməyi lazım bilirdi. Böyük dövlət xadimi dövlət müstəqilliyinin elan olunmasının dövlətçilik anlayışını tam ehtiva etmədiyini, hətta həmin dövlətin beynəlxalq təşkilatlar tərəfindən tanınmasının da kifayət etmədiyini, bunun üçün birinci növbədə dövlət institutlarının yaradılaraq işlək hala gətirilməsini, işğal edilən torpaqlarımızın azad edilməsinin zəruriliyini qeyd edirdi. Ən başlıcası, Ümummilli Lider əminliklə istənilən xalqın dövlət quruculuğunda ayrı-ayrı şəxsiyyətlərin böyük rolundan danışsa da, onun sosial-siyasi prosesin nəticəsi olaraq qəbul edilməsini qeyd edirdi. Bunlarla bərabər, dünya siyasətçiləri arasında mütləq çəkiyə malik Heydər Əliyev müstəqilliyini qorumaqla yanaşı, dövlət institutlarının mükəmməl işlək mexanizminin təminatından əlavə ona xalq etimadını əsas faktorlardan biri hesab edirdi.

 

Azərbaycan Respublikasına rəhbərliyinin birinci mərhələsində mənsub olduğu xalqın mental keyfiyyətlərinin yüksəldilməsində, onun şərəfli tarixinin yazılmasında xidməti olan hər kəsə layiqli qiymət verən Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti nəinki ölkəmizdə, həmçinin keçmiş İttifaqda çoxlarına bəlli gerçəkliklərdəndir. Bunların sırasında Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi, bu çərçivədə təkcə Azərbaycan deyil, dünya ədəbiyyatının korifeylərindən olan müdrik azərbaycanlının əsərlərinin Moskvada rus dilində nəşri ilə bağlı qərarın qəbul edilməsi çoxlarının xatirəsindədir. Ümummilli Liderimiz SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini vəzifəsində çalışdığı vaxtlarda belə “Xəmsə”yə daxil olan əsərləri rus dilində və ayrı-ayrılıqda nəşr etdirməsi Nizami Gəncəvi yaradıcılığı ilə bərabər, xalqına məhəbbətindən xəbər verirdi. Qeyd edək ki, bu, Heydər Əliyevin həyatı boyu daşıyıcısı olduğu dəyərləri nümayiş etdirən epizodik hadisə deyil, sistemləşərək fakta çevrilən hadisələrdəndir. Bunların sırasında Şərq poeziyasının əvəzsiz nümayəndələrindən Məhəmməd Füzuli, “Əkinçi” ilə Azərbaycan mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi, Şərqin Şekspiri adlandırılan Hüseyn Cavid, böyük siyasi xadim olmaqla bərabər, görkəmli dramaturq-yazıçı və Sovet Azərbaycanının ilk rəhbəri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri Nəriman Nərimanov, böyük yazıçı-dramaturq, publisist, Şərq və Asiyanın böyük ərazilərində populyar “Molla Nəsrəddin” jurnalının naşiri Cəlil Məmmədquluzadə, satira janrında şeirlərin klassik nümunələrini yaradan Mirzə Ələkbər Sabir, Yaxın Şərqdə operanın banisi, bəstəkar və əvəzsiz publisist, Azərbaycan Respublikası Dövlət Himninin müəllifi Üzeyir Hacıbəyov, dramaturq və şair Cəfər Cabbarlı və onlar, yüzlərlə incəsənət və ədəbiyyat nümayəndəsinin adının əbədiləşdirilməsi, əsərlərinin qorunub saxlanılması və oxuculara əlçatan olması üçün mümkün olanların hamısını edən Heydər Əliyev etdikləri ilə nümunə yaradırdı. O, əsərləri ilə bərabər ideyaları da regionumuzda, həmçinin Yaxın Şərq və Orta Asiyada populyar olan İmadəddin Nəsimi ilə bağlı bu gün haqqında dünya azərbaycanlılarının yaxşı bildiyi bir hadisə barədə xatırladıqlarını belə bölüşürdü: “Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır” (Heydər Əliyevin ziyalılarla görüşündəki çıxışından. “Xalq qəzeti”, 22 sentyabr 1993-cü il).

 

Seçdiyimiz sitatlar böyük dövlət adamının ikinci dəfə Azərbaycana rəhbərlik etmək üçün ona güvənən, etimad edən xalqımızın israrlı dəvətlərindən sonra o zamankı iqtidarın paytaxta dəvət etmək məcburiyyətində qaldığı Heydər Əliyevin müxtəlif toplantılardakı çıxışlarından və yaxud dövlət televiziyası ilə xalqa etdiyi müraciətlərindəndir. Bu çıxışları qarşıda Azərbaycan Respublikasına növbədənkənar Prezident seçkilərinin keçiriləcəyi və həmin seçkilərdə iştirakı seçicilərin böyük əksəriyyəti tərəfindən gözlənilən Heydər Əliyevin seçkiqabağı platformasının tərkib hissəsi kimi də qəbul etmək olar. Həmin platformada Ümummilli Lider üçün birinci yerdə dayanan məsələnin Azərbaycanla bağlı müxtəlif niyyətlərini gizlətməyən dövlətlərin açıq-aydın siyasi və hərbi dəstəyi ilə Ermənistan Respublikasının ölkəmizə qarşı başladığı elan olunmamış müharibənin dayandırılması, müvəqqəti atəşkəsə nail olmaq, dağıdılmış iqtisadiyyatı reanimasiya vəziyyətindən çıxarmaq, iki il ərzində adı olan, lakin hələ də birmənalı mərkəzi hakimiyyətə tabe etdirilməyən, ayrı-ayrı şəxslərin təsir dairəsində dayanan Azərbaycan Silahlı Qüvvələrini yenidən qurmaq və ən vacibi, insanlarımızda sabaha ümid yaratmaq planlarını görmək mümkündür. Bu müddətdə Ümummilli Lider Azərbaycana qarşı işğalçı müharibənin dayandırılması istiqamətində regional və beynəlxalq güc olan dövlətlər, habelə ayrı-ayrı təşkilatlarla intensiv əlaqələr qurur, məsləhətləşmələr aparırdı. Dövlətin çöküşünü şərtləndirəcək faktorların aradan qaldırılması işindəki fəaliyyətin gərgin qrafikinə baxmayaraq, Ulu Öndər milli dəyərlərin əsasında dayanan məsələləri ikinci plana keçirmirdi. Bu, Azərbaycanın gələcək inkişaf və dayanıqlılıq faktorlarında dominant qüvvə hesab olunan gəncliklə bağlı görülməsi zəruri olan işlər idi. Bu işlər Heydər Əliyevin bütün həyatı boyu ikinci dərəcəli məsələ olmamışdı və Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi zamanlardakı fəaliyyətində də bunu müşahidə etmək olurdu: “Müstəqil Azərbaycanın gələcəyi haqqında düşünsək, gənc nəslin tərbiyəsinə ciddi fikir versək, ən əvvəl ali təhsil almağa qadir, yəni buna öz biliyi, zəkası, fitri istedadı ilə layiq olan gənclərin ali məktəblərə qəbul olunmasını təmin etsək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq. Odur ki, mən bu məsələyə xüsusi diqqət yetirirəm” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilən müşavirədəki çıxışından. “Xalq qəzeti”, 3 avqust 1994-cü il).

 

Xatırladaq ki, hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrlərdə bu məsələ ölkənin gənc rəhbəri üçün həyati əhəmiyyətli vəzifələrdən birinə çevrilmişdi. Geniş dünyagörüşünə malik Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, SSRİ-nin subyektləri olan digər müttəfiq respublikaların qabaqcıl müəssisələrində ali təhsil almaqla azərbaycanlı gənclər müvafiq ixtisaslara yiyələnməklə bərabər, içində olduqları fərqli mədəniyyətlərdən müsbət nə varsa əxz edəcəklər. Bunu isə Ümummilli Lider çox vacib hesab edir, hətta həmin ölkələrdə ali təhsil almağa gedən gənclərlə artıq ənənə halını almış görüşlərindəki çıxışlarında xüsusi vurğulayırdı. 1970-ci ildən başlayaraq hər il İttifaqın müxtəlif nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin qəbul olunması üçün onun müxtəlif qurumlar qarşısında qaldırdığı məsələlər həllini tapdı. Beləliklə, SSRİ-nin paytaxtı Moskva ilə yanaşı, Sankt-Peterburq, Kalininqrad, Kazan, habelə Ukrayna, Pribaltika respublikaları və digər respublikalardakı qabaqcıl ali məktəblərə hər il 600 - 900 gənc göndərilirdi. O gəncləri “Azərbaycanın milli sərvəti” adlandıran Ümummilli Lider onlarla qürur duyduğunu gizlətmirdi. Bütün bunlar strategiyaya hesablanan planların tərkib hissəsi idi və qeyd etməyi lazım bilirik ki, bu, bir sıra, xüsusilə Rusiya kütləvi-informasiya vasitələrinin diqqətini cəlb etmişdi. 1990-cı illərin əvvəllərində bununla bağlı analitik yazılar Rusiyanın həmin zamanlar üçün ən populyar və çoxtirajlı mətbu vasitələrindən olan “Komsomolskaya Pravda” qəzetində gedirdi. Hakimiyyətdə olduğu ilk illərdə Heydər Əliyevin azərbaycançılıq milli ideologiyasının əsasları ilə bağlı fikirləri buna görə idi ki, nəinki ölkəmizdə, həmçinin yaxın qonşularımız tərəfindən diqqətlə öyrənilirdi.

 

Milli ideologiyamızın əsaslarının məktəbəqədər müəssisələrindən başlayaraq ümumtəhsil və ali məktəblərdə uşaq-gənclərə təlqin olunmasını başlıca vəzifə kimi qəbul edən Ümummilli Lider bu ideologiyanın ana xəttində dövlət dilinə xüsusi diqqətin dayanmalı olduğunu buna görə hər məqamda vurğulayırdı: “Məktəblərdə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməlidir. Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini - ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin” (Heydər Əliyevin Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqindən. “Xalq qəzeti”, 31 avqust 1994-cü il).

 

Prezident Heydər Əliyev təhsil alan nəslin təhsil müəssisələrinə qədəm basdığı ilk addımlardan onların vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunmasını vacib sayırdı. Ümummilli Lider hesab edirdi ki, “Bütün dərslər, xüsusən humanitar fənlər tədris olunan dərslər gərək gənclərimizdə Vətənə sədaqət, torpağa sədaqət, vətənpərvərlik ruhu aşılasın, onları tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin”. Böyük dövlət xadimi bu xüsusda hər məqamda, xüsusilə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan pedaqoji işçilərlə görüşündə xatırladıdı: “Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Vətənpərvər insan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır”.

 

Heydər Əliyev hesab edirdi ki, milli dəyərləri qiymətləndirmək, onu qoruyaraq inkişaf etdirmək hər bir insan üçün ən vacib şərtlərdən biridir və buna görə də O, insanı qiymətləndirərkən bu amillərə xüsusi önəm verirdi. Ümummilli Lider üçün cəmiyyətin əsas göstəricilərdən biri gəncliyin milli kimliyini bilməsi və o köklərdən qidalanması idi. Buna görə də O, hər bir azərbaycanlı ailəsini millətinə bağlı, lakin millətçilikdən uzaq durmağa səsləyirdi. Ümummilli Lider bütün dahilər kimi, millətçilıyin əksinə, hər bir millət üçün gətirdiyi bəlaları tarixi hadisələrin nümunəsində bumeranq effekti kimi geri qayıtdığını ayrı-ayrı xalqların taleyində hansı fəsadlar yaratdığına yaxşı bələd idi. Ulu Öndər buna görə də gəncliyin tərbiyəsində buraxılan səhvlərin gələcək nəsillərin həyatı üçün yaxşı heç nə vəd etmədiyinə əmin idi: “Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır... Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq”.

 

Heydər Əliyev təkcə Azərbaycan və türkdilli xalqların deyil, dünya ədəbiyyatının ən qiymətli nümunələrini yaratmış Hüseyn Cavidin yaradıcılığına da dərindən bələd idi. Böyük dövlət xadimi Hüseyn Cavid barədə danışarkən onun yaradıcılığından yerli-yerində gətirdiyi sitatlar bu bələdçiliyin geniş miqyasından xəbər verirdi. Həmin sitatlardan biri böyük dramaturqun “Peyğəmbər” dramından idi və o məqamları izləyən insanların hafizəsində böyük siyasətçinin özünəməxsus diksiya ilə dediyi o beyt əbədilik həkk olunub:

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü!

 

Ümummilli Lider Azərbaycana ikinci rəhbərliyi dövründə ölkəmizin millətçilik azarına düçar olmuş, bütöv xalqları “yer üzündən silmək” kimi xəstə təxəyyül ilə nəfəs alan erməni cəmiyyətinin ruporuna çevrilən Ermənistan Respublikasının rəsmi dairələrinə dəfələrlə bu siyasətin perspektivsizliyini izah etməyə çalışmışdı. Bu da tarixin ibrət dərslərindəndir ki, o vaxtkı Ermənistanın dövlət siyasətinə çevrilərək az qala bütöv milləti bu yolda səfərbər edən işğalçı, militarist ölkənin əhalisi sonralar böyük dövlət xadiminin vaxtilə peyğəmbərcəsinə dediyi sözlərin hikmətinə əmin oldular. 2020-ci ilin payızında başlayan Vətən müharibəsində qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi Zəfərin tarixi ədalət olduğunu görənlərsə təkcə onlar olmadı. Hər halda, həmin cəmiyyətdə də Azərbaycanın haqq işini başa düşən insanlar vardı və inanmaq istərdik ki, bu gün də elə insanlar az deyil. Şübhəsiz ki, 2003-cü ilin payızında Azərbaycan Respublikasına Prezident seçkilərinə az qalmış Ümummilli Liderin Prezidentliyə namizədliyini digər namizəd İlham Əliyevin xeyrinə geri götürməsi ilə bağlı Azərbaycan xalqına müraciətini onlardan da hansılarsa oxumuşdu. Həmin müraciət bu cümlələrlə tamamlanırdı: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Bu, ölkəmizin gələcəyi ilə bağlı peyğəmbərcəsinə deyilmiş sözlər idi.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor

 



10.05.2024 | 10:42