Heydər Əliyevin 53 il əvvəlki məruzəsində təhsil məsələləri

...Məktəblərin şəbəkəsi ildən-ilə genişlənir, şagirdlərin sayı artır. İndi respublikada təqribən 1 milyon 700 min adam bütün təhsil növləri ilə əhatə olunmuşdur; 80 mindən çox müəllim və istehsalat təlimi ustası, ali məktəb və texnikum müəllimlərinin 6 min nəfərlik dəstəsi böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğuldur...

 

Məktəblilərin təlim və tərbiyəsinin keyfiyyətində ciddi nöqsanlar vardır. Bəzi rayonlarda, məsələn, Kəlbəcər, Laçın, Qusar, Qutqaşen, Sabirabad rayonlarında sinifdə qalanların sayı bütün məktəblilərin 5-7 faizini təşkil edir. Şagirdlərin sinifdə qalması pedaqoji kollektivlərin işində ciddi qüsurdur. Bu, şagirdlərin məktəbdən yayınmasına, onların təhsilinin yarımçıq qalmasına səbəb olur, bəzən də uşaqları bədbəxt edir.

 

Bir sıra məktəblərdə şagirdlərin faktik bilik səviyyəsinin hesabat məlumatlarına uyğun gəlməməsi bizi çox narahat edir. Bu il respublikanın ali məktəblərinə qəbul imtahanları vermiş abituriyentlərin xeyli hissəsinin qeyri-kafi qiymət alması faktı məgər bunu sübut etmirmi?

 

Medal və fərqlənmə diplomu alanların bir çoxunun ali məktəblərə qəbul imtahanlarında əla qiymət ala bilməməsi, bəzilərinin isə, hətta iki alması faktı da məktəblərin və maarif orqanlarının işində ciddi nöqsanlar olduğunu göstərir. Təşviş hissi doğuran cəhət budur ki, medal alan, ali məktəblərə qəbul imtahanlarında yarıtmaz cavab verən gənclərin bir çoxunun valideynləri xalq maarif şöbələrinin işçiləri, məktəb direktorları və müəllimləri, şəhər və rayon təşkilatlarının rəhbər işçiləridir. Yoxlama nəticəsində Zaqatalada, Şamxor, Abşeron, Balakən, Xanlar və başqa rayonlarda belə faktlar aşkara çıxarılmışdır.

 

Bu işi diqqətlə araşdırmaq və layiq olmadıqları halda şagirdlərə medal və diplom verilməsində müqəssir olanların hamısını ciddi cəzalandırmaq lazımdır.

 

Məktəblilərin bilik səviyyəsinin aşağı olması və qeyri-müvəffəq oxuması müəllimlərin bir qisminin zəif hazırlığının və yarıtmaz işləməsinin nəticəsidir. Ayrı-ayrı müəllimlərin elmi və metodiki sahələrdə geri qalması, biliyini artırmaq istəməməsi faktlarına göz yummağa pedaqoji kollektivlərin, ictimaiyyətimizin haqqı yoxdur. Keçən il ümumtəhsil məktəbləri müəllimlərinin biliyinin yoxlanması nəticəsində onların bəziləri orta məktəb proqramı həcmində yoxlama yazı işlərində qeyri-kafi qiymət almışlar. Bu cür müəllim şagirdə nə verə bilər?..

 

Müəllimlər hazırlanmasının planlaşdırılması işindəki səhvlər, ali məktəb məzunlarından bir qisminin öz borcunu yerinə yetirməməsi - təyinat aldığı yerdə işləməməsi nəticəsində bir çox məktəb pedaqoji kadrlarla tam təmin olunmamışdır. Halbuki Bakıda, başqa şəhərlərdə, bəzi rayon mərkəzlərində müəllimlərin əksəriyyəti öz ixtisası üzrə işləmir. Onlar çox vaxt mağazalarda, yeməkxanalarda və bufetlərdə işləyir və ya xalq maarifi orqanlarında illərlə uçotdadırlar.

 

Orta təhsil verən texniki peşə məktəbləri sisteminin inkişaf etdirilməsi ən perspektivli formalardan biridir. Texniki peşə məktəbləri öz şagirdlərində yüksək istehsalat - texnika mədəniyyəti tərbiyə etməklə yanaşı, onların geniş ümumtəhsil hazırlığını da təmin etməyə borcludur.

 

Son iki ildə respublikada 19 məktəb yaradılmışdır. Həmin məktəblərdə 9 min adam ixtisasa yiyələnir və orta təhsil alır. 1975-ci ildə bizdə 48 texniki peşə məktəbi yaradılmalı və bu məktəblərdə 40 mindən çox adam təhsil almalıdır...

 

Demək lazımdır ki, bu yaxınlaradək respublikada ali məktəblərdə qəbul imtahanlarının düzgün, obyektiv keçirilməsinin ictimai-siyasi əhəmiyyəti lazımınca qiymətləndirilmirdi. Bu iş düşünülmədən və qeyri-mütəşəkkil aparılırdı, çox vaxt imtahan və qəbul komissiyalarının tərkibinə səriştəsiz, bəzən də natəmiz adamlar daxil edilirdi. Onlar tam nəzarətsizlik üzündən, bəzən də ali məktəblərin ayrı-ayrı rəhbərlərinin köməyi sayəsində özlərinin vəziyyətindən sui-istifadə edib müəyyən olunmuş qəbul qaydasını pozur, çox vaxt bunun üçün rüşvət alırdılar.

 

Azərbaycan KP MK belə bir vəziyyətə dözə bilməzdi. MK imtahanların hazırlanması və keçirilməsi üçün ali məktəb rektorlarının partiya təşkilatları katiblərinin, Ali və Orta İxtisas Təhsili Nazirliyi rəhbərlərinin şəxsi məsuliyyətini artırmaq üçün tədbirlər gördü, bu işi nəzarət altına aldı.

 

Qəbul imtahanlarının keçirilməsində qayda yaradılması, abituriyentlərin biliyinin obyektiv qiymətləndirilməsi öz nəticəsini verdi: tələbələrin ictimai tərkibi yaxşılaşdı, indi bir qayda olaraq, ali məktəblərə və texnikumlara doğrudan da tələb edilən biliklərə malik olan oğlan və qızlar daxil olurlar. Lakin bu işdə qaydanın pozulması, sui-istifadə və prinsipsizlik hallarını tamamilə ləğv etmək üçün hələ çox iş görülməlidir...

 

Azərbaycan KP MK belə hesab edir ki, Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektorluqları və partiya təşkilatları bu məsələləri dərindən araşdırmalı, ali məktəbləri səriştəsiz, təsadüfi, vicdansız adamlardan xilas etməlidirlər.

 

Müsabiqələr və attestasiyalar müəllimlərin tərkibini möhkəmlətmək və yaxşılaşdırmaq üçün təsirli formalardan biridir. Bu işdəki formalizmə və qaydaların açıqca pozulması hallarına son qoymaq lazımdır. Sirr deyil ki, çox vaxt müsabiqələr haqqında yalnız  zahiri rəsmiyyət xatirinə məlumat verilir, əslində isə namizədlərin məsələsi qabaqcadan həll edilir. Bəzi ali məktəblərdə illərlə attestasiya keçirilmir. Keçirildikdə də çox vaxt bu və ya digər müəllimin işinə obyektiv qiymət verilmir.

 

Kafedraları keyfiyyətcə təzələmək və möhkəmlətmək üçün müsabiqələrdən və attestasiyalardan lazımınca istifadə etmək, ali məktəblərin qapılarını yalnız həqiqətən layiq olanların üzünə açmaq lazımdır.

 

Ali və Orta İxtisas Təhsili Nazirliyi, bir çox ali məktəblərin və elmi tədqiqat institutlarının rəhbərləri əvəzçiliyi məhdudlaşdırmaq haqqında müvafiq qərarlardan irəli gələn vəzifələri hələ heç də tamamilə yerinə yetirməmişlər. Bir sıra hallarda əvəzçiliklə işləməyin dövlət nöqteyi-nəzərindən məqsədə uyğun olub-olmadığını nəzərə almadan ona icazə verilir. Əvəzçilik gənc elmi kadrların və müəllim kadrlarının irəli çəkilməsinə çox zaman əngəl törədir, ayrı-ayrı alimlərin bu və ya digər elm sahələrini inhisara götürməsinə doğru aparır... 

 

“Azərbaycan müəllimi”,

3 noyabr 1971-ci il



10.05.2024 | 10:10