Məlahətli səsi ilə qəlbləri fəth edən Nuray: "Riyaziyyat müəllimi olmaq istəyirəm" | |
Əsl istedad uşaqlarda erkən yaşlarında özünü büruzə verir. Kimisi rəsmdə, kimisi musiqidə istedad və bacarığı ilə həmyaşıdlarından fərqlənir. Belə istedadlardan biri də Nuray Şahsuvarlıdır. O, gözəl səsə sahibdir. Azərbaycan xalq və bəstəkar mahnılarını böyük məharətlə, sözün əsl mənasında peşəkar səviyyədə ifa edir. Məlahətli səsi ilk dəfə sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya çatıb. Sosial platformalarda onu məşhurlaşdıran videosunun yayılmasının təşəbbüskarı isə anası olub. Əminə Məmmədova istəyib ki, qızının gözəl səsini hamı eşitsin, Nurayı hər kəs tanısın.
Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Həmçinin Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində musiqi təhsili alır. Orta məktəbdə dərs əlaçısıdır. Riyaziyyat fənnini çox sevir. Böyüyəndə də riyaziyyat müəllimi olmaq istəyir.
Valideynləri Nurayın musiqi duyumunu körpəliyindən hiss ediblər. Ailədə gözəl səs babasında olub, qardaşı musiqi təhsili alıb, tar sinfini qurtarıb. Nurayın da bu mənada gözəl musiqi duyumuna sahib olması təbiidir. Musiqidə ilk müəllimi Əsgər İsmayılov olub. Nuray bütün uğurlarına görə özünü Əsgər müəllimə borclu sayır.
İstedadlı məktəbli deyir: “Səsimdə Şövkət Ələkbərovanın səsinə oxşarlıq görürlər. Şövkət xanımın səsi çox gözəldir. Bəziləri elə düşünür ki, mən bu sənətkarımızı təqlid edirəm. Lakin doğru fikir deyil. Sadəcə mənim səs tembrim belədir. “Sarı gəlin”, “Qızların birincisi”, “Axşam” və başqa mahnıları ifa etmişəm. Muğamı sevirəm. Qeyd etmək istəyirəm ki, insanlar məni böyük sənətkarımız Flora Kərimovanın ifa etdiyi "Pərişanın mahnısı" ilə tanıdılar və sevdilər”.
Sosial şəbəkələrdə yayılan videosu ilə məşhurlaşmaq Nurayı sevindirsə də, ona görə əsas odur ki, ifasını dinləyən insanlar səsini yaxşı qiymətləndiriblər:
“Mən məşhurlaşmağı yox, sadəcə öz istedadımın necə qiymətləndiriləcəyini bilmək istəyirdim. Gözlədiyim alındımı? Məncə, alındı. Əgər bəyənilməsəydim, ifalarım müsbət qarşılanmasaydı, bilmirəm hansı hissləri yaşayacaqdım”.
O deyir ki, sevmədiyi mahnıları ifa etmir: “Ümumiyyətlə sevmədiyim mahnılara vaxt ayırmıram. Mahnını bəyənir, sonra onu ifa etməyə başlayıram. Muğamlarımızı, xalq mahnılarımızı sevməmək mümkün deyil. Bu mahnıları oxumaq zövq verir, həm də üzərində çox çalışmaq tələb olunur.
Nurayın anası Əminə Məmmədova qızının bütün qərarlarında onu dəstəkləyir: "O, həm musiqini sevir, həm də dərslərini. Arzu edirik ki, Nuray Şövkət Ələkbərova kimi gələcəkdə muğam sənətinin mahir bilicilərindən və ifaçılarından biri olsun. Baxmayaraq ki, xanəndəlik ixtisası üzrə musiqi təhsili alır, amma riyaziyat müəllimi olmaq haqqında düşünür. Ədəbiyyatı da sevir. Gözəl nitq qabiliyyəti var. Böyüyəndə hansı qərar üzərində qəti dayanacaq, bu, gələcəyin işidir. Hansı ixtisasın arxasınca gedəcəksə, biz onun yanında olacağıq. Nurayın parlaq gələcəyinə inanırıq”.
Sifai SƏFƏROVA
|
|
08.05.2024 | 16:54 | |
|
|
|