“Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları məzun oldular

Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları məzun olub. Məzun Günü ilə əlaqədar Bakı Gənclər Mərkəzində  “NextGen” adlı tədbir təşkil olunub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki,  tədbir “Şuşam” kamera xorunun Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.

 

Tədbirin rəsmi hissəsində “Marsol Group” və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Destec Group-un İdarə Heyətinin sədri və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müşaviri Sakit Səmədov çıxış ediblər. Çıxışlarda layihənin gənc nəsil üçün əhəmiyyətindən danışılıb.

 

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarmasında layihənin  rolunu müsbət qiymətləndirib və məzunlara təşəkkürnamə təqdim edib.

Tədbirin növbəti hissəsində “Gənc Sahibkar” layihəsinin iştirakçıları 13 fərqli startapın təqdimatını ediblər. Təqdimat zamanı “New Space” şirkətinin rəhbəri  Elçin Hüseynovun mentorluğu ilə startapçılar öz layihələri haqqında qonaqlara ətraflı məlumat verib və sualları cavablandırıblar.

 



08.05.2024 | 16:32