Suqovuşanda ekologiya dərsləri - MÜƏLLİMİN BLOQU | |
Məlum olduğu kimi, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar respublikamızın hər yerində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər görülür. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, xüsusilə ali təhsil müəssisələrində və orta məktəblərdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər keçirilir.
Bəllidir ki, ekoloji problemlər son illərdə daha da aktuallaşıb. İqlim dəyişmələri, bu amilə təsir göstərən faktorlar barədə mütəmadi araşdırmalar ortaya qoyulur, davamlı olaraq tədqiqatlar aparılır, cəmiyyətə geniş informasiyalar çatdırılır. Bu baxımdan deyə bilərik ki, insanların ekoloji bilgiləri əhəmiyyətli dərəcədə zənginləşib. Müasir dövrdə bu biliklərin şagirdlər arasında da yayılmasına ciddi ehtiyac var. Doğrudur, Coğrafiya dərsliyində yer alan “Ekoloji siyasət”, “Ekoloji monitorinq” ilə tanış olan şagirdlərdə artıq ekoloji şüur formalaşır. Lakin ekologiyaya praktiki münasibət-yəni, təbiəti necə qorumaq üsullarını təcrübədə öyrətmək tamamilə ayrı effekt yaradır. Bunu nəzərə alaraq, dərs dediyim Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməyi qərarlaşdırdıq.
Müəllim kimi məqsədim şagirdlərimə ekoloji tərbiyəni aşılamaq, ikincisi, onların ekologiyaya münasibətini yaxından izləmək, ekoloji problemlərin həllinə dair onların şəxsi düşüncələrini bilməkdən ibarət idi. Yəni, ekoloji tarazlığın pozulmasını aradan qaldırmağın yollarını onlar necə görürürlər?
Sözsüz ki, gələcək onların əlində olduğu üçün ekologiyaya dair bilik və bacarıqlarının formalaşması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan biz layihəmizə “Ətraf ərazilərin tullantılardan təmizləməsi” adını verdik və məkan kimi Azərbaycan coğrafiyası üçün ən önəmli yerlərdən biri olan Kür və Araz çaylarının qovuşduğu Suqovuşanı seçdik.
Açıq havada praktiki dərsimin maraqlı bir nəzəri hissəsi də var idi: Ətrafa atdığımız tullantılar neçə ilə məhv olur? Bu uşaqlar tərəfindən maraqla qarşılandı və mən əminəm ki, belə bir statistika oxucu üçün də mütləq maraq doğura bilər. Odur ki, bu araşdırmanın diqqət çəkən məqamlarını qeyd etmək istəyirəm.
Araşdırmalarda deyilir ki, qida tullantıları 1ay, kağız 2 il, taxta parçaları, konserv qutuları 10 il, rezin təkərlər, plastik qablar100 il, polietilen torbalar 200 il, aliminium qablar 500 il, şüşə 1000 il ərzində məhv olub yoxa çıxır. Demək ki, bu uzun illər, böyük zaman kəsiyi ərzində təbiət tullantılardan təmizlənməzsə, ətraf üçün real fəlakət doğura bilər.
Təbii ki, məktəblilərin bu bilgilərlə tanışlığından sonra ətraf aləmin təmizliyi fəaliyyətinə keçmək daha təşviqedici olur. Təbiətlə bağlı açıq havadakı dərsimizdən sonra şagirdlərim çox böyük həvəslə təmizlik aksiyasının fəal üzvlərinə çevrildilər.
Ətraf ərazi ilə yaxından tanış olduq. Daha sonra təhlükəsizlik və gigiyenik qaydalar şagirdlərə izah olundu; iş bölgüsü aparıldı. Onlara əlcəklər və tullantıların yığılması üçün torbalar paylanıldı.
Verilən təlimata uyğun hər kəs işə başladı. Ətraf ərazinin tullantılardan təmizlənməsi zamanı kifayət qədər şüşə butulkalar, konserv qutuları və s. toplandı. Uşaqlarda ətrafı çirkləndirənlərə bir qınaq müşahidə etdim. Bu o demək idi ki, onlar tullantıları təbiətə dağıtmağın kobud davranış olduğunu dərk edə bilirlər. Sonda zibillərdən təmizlənən yaşıllıqlar ürəkaçan bir mənzərəyə çevrildi. Uşaqların zəhmətkeşliyi məni sevindirdi, gördükləri işin faydasını dərk edə bilmələri məndə həqiqətən qürur yaratdı.
Sözsüz ki, uşaqlarda ekoloji tərbiyənin formalaşması zəruridir və əsasən məktəbin üzərinə düşən bu iş heç də çətin sayılmaz. Uşaqlar onsuz da təbiəti sevirlər; heyvanlara, güllərə qayğı ilə yanaşırlar. Gur axan çaylara sevgidolu nəzərlə baxırlar. Yetər ki, ekoloji bilikləri zənginləşsin, sistemli təşviqat kampaniyası ilə təbiətə bağlılıq ruhları möhkəmlənsin. Çünki hər ağac, hər budaq, yaşıl meşə, gur axan çay, çağlayan dəniz yalnız sevgi ilə qoruna bilər.
Mən əminəm ki, təşkil etdiyim bu ekoloji dərs və aksiya ilə Yer kürəsinin hamımızın evi olduğunu və bu evin qorunmasının, təhlükəsizliyinin, təmiz saxlanılmasının vacibliyini şagirdlərimə aşılaya bildim.
Milyanə Vələdova,
Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
|
|
07.05.2024 | 11:47 | |
|
|
|