Nazir: Anlamalıyıq ki, təhsil sadəcə ballardan ibarət deyil
“Şagirdlərin buraxılış və qəbul imtahanlarının nəticələrini ötən illərlə müqayisə etmək texniki baxımdan önəmlidir, çünki müəyyən təhlillər aparırıq, bölgələr üzrə nəticələrə baxırıq, məktəb direktorlarının fəaliyyətini qiymətləndiririk və s. Amma anlamalıyıq ki, təhsil sadəcə ballardan ibarət deyil”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
 
Nazir bildirib ki, təhsil ölçülə bilən və ölçülə bilməyən dəyişənlərdir, çünki ballar nəyisə ölçsə də, hər şeyi ölçmür: “Təbii ki, bu il buraxılış ballarının yuxarı olması bizi sevindirir. Amma bizim müzakirələrimiz ballar üzərindən olmamalıdır, çünki ballar sonda müəyyən bir qaydanın tətbiqi nəticəsində üzə çıxan rəqəmlərdir. Ancaq o rəqəmlərdən savayı, şagirdlərimizin istər milli, istər ideoloji, istərsə də mənəvi dəyərlər baxımından inkişafı daha önəmli suallardır. Yəqin ki, hər dövlət bu meyarları hər il ölçə bilmir. Bizim məktəblərin işinin adı bir tərəfdən buraxılış imtahanlarında şagirdlərin yaxşı nəticə göstərməsidirsə, digər tərəfdən də ölçülə bilməyən və ya uzun müddətdə ölçülə bilən məsələlərə fokuslanmaqdır. Onların ölçülməsini kağız üzərindəki imtahanlarla yox, daha geniş anlamda həyat imtahanları ilə aparırıq. Sevinirik ki, son dövrlərdə bu imtahanlardan xalq olaraq çıxa bilmişik. Bu həm də təhsil sisteminin nailiyyətidir”.
 
Emin Əmrullayev əlavə edib ki, COVİD-19 pandemiyası bizi azı 2 il geri salıb. Biz indi 2-3 il əvvəl müşahidə etməli olduğumuz nəticəni müşahidə edirik: “Bildiyiniz kimi, buraxılış imtahanlarının formatı 2018–2019-cu illərdən başlayaraq dəyişdi, açıq suallara keçdik. O dövrdə bu dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı, geniş müzakirələr oldu. İstənilən dəyişiklik belə olur. Amma bu gün biz görürük ki, dəyişikliklər cəmiyyət tərəfindən yaxşı mənada həzm olunub. Bu haqda statistik məlumatlar həmkarımız Dövlət İmtahan Mərkəzi tərəfindən daha geniş formada ictimaiyyətə açıqlanacaq. Amma istər açıq, istər analitik düşüncəni üzə çıxaran suallarda, istərsə də yazı tapşırıqlarına verilən düzgün cavabların faiz göstəricisi baxımından biz 2017–2018-ci illərlə müqayisədə əsaslı şəkildə irəli getmişik, yəni daha çox uşaq hazırda açıq suallara doğru cavab verir. Təhsil sistemindəki dəyişikliklər 1 ilə özünü göstərmir, buna zaman lazımdır. Biz 5-6 ildən sonra daha müsbət nəticələr görəcəyik”.


06.05.2024 | 21:11