İyunda Şuşada türkdilli dövlətlərin elm və təhsil sahəsi üzrə nazirlərinin növbəti görüşü olacaq | |
“Bu ilin iyun ayında türkdilli dövlətlərin elm və təhsil sahəsi üzrə nazirlərinin növbəti görüşü Şuşa şəhərində keçiriləcək”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, həmin görüşdə əməkdaşlığa dair bir sıra məsələlər, o cümlədən vahid ali təhsil məkanının və modelinin, mübadilələrin həyata keçirilməsi müzakirə ediləcək: "Artıq çox ciddi addımlar atılır. İnanırıq ki, Qarabağ Universiteti də bu baxımdan türkdilli dövlətlər arasında əməkdaşlığın yeni platformasına çevrilə biləcək".
Nazir Qazaxıstan, Özbəkistan və Qırğızıstana Qarabağda təhsil müəssisəsi inşa edərək ölkəmizə verdiyi maddi və mənəvi dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Özbəkistanın dəstəyi ilə Füzulidə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagird kontingenti artıq 500 nəfərə çatıb və bölgənin ən böyük təhsil müəssisələrindəndir: "Həmin məktəb milli kurikulumla fəaliyyət göstərir və digərləri də milli məzmunda fəaliyyət göstərəcək. Həmçinin "Ortaq türk ədəbiyyatı" və "Ortaq türk tarixi" dərslikləri bizim məktəblərimizdə tədris olunur. Bu istiqamətdə də qardaş ölkələrlə çox sıx əməkdaşlığımız var".
|
|
06.05.2024 | 20:33 | |
|
|
|