Ali təhsilin dəyişən mənzərəsi və yaxud Asiya universitetləri necə inkişaf edir – TƏHLİL
Məlum olduğu kimi, aprelin 30-da Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti tərəfindən Asiya universitetlərinin növbəti 2024-cü il sıralamasının nəticələri açıqlanıb. Reytinq Asiyada universitetlərin inkişaf dinamikasını izləməyə və eləcə də ali təhsil müəssisələrinin tədqiqat potensialını qiymətləndirməyə imkan verir. 
 
"Azərbaycan müəllimi"nin növbəti məqaləsi Asiya universitetlərinin reytinq və tədqiqat vizyonunun beynəlxalq təhlilinə həsr olunub.
 
“Times Higher Education”nın təhlilinə əsasən, onilliklər ərzində Asiya universitetlərinin sürətli inkişafı dünya ali təhsilində ən vacib hekayələrdən biri olub. THE Asiya universitetləri reytinqinin son buraxılışında bu tərəqqiyə töhfə verən bəzi tendensiyaları yenidən işləyib və özünün təkmilləşdirilmiş metodologiyasında onları aydın şəkildə təqdim edib. 
      
Qeyd olunur ki, Çinin elmi araşdırmalarının getdikcə artan gücü və daha geniş bir bölgəyə təsiri əsl tektonik dəyişiklik ola bilər. Digər bir vacib məqama, sənaye ilə əməkdaşlığa gəldikdə regional güclü qüvvələrin artması və daha çox Asiya ölkəsinin öz ali təhsil sistemlərini inkişaf etdirməsinə dair göstərişlərdir. 
 
Cədvəlin yuxarı hissəsindəki (www.timeshighereducation.com/world-university-rankings/2024/regional-ranking) kiçik dəyişikliklər daha geniş tendensiyaları əks etdirir. Keçən il materik Çin reytinqdə ilk on yerdən 5-ni tutub. Çinin iki nüfuzlu ali təhsil müəssisəsi -Tsinhua Universiteti və Pekin Universiteti, müvafiq olaraq birinci və ikinci yerləri tuturlar. Zhejiang Universiteti isə 12-ci yerdən 3 xana irəli gedərək 9-cu pilləyə yüksəlib. Bu addım ilk 10-luqda 2 universitetlə təmsil olunan (ötən il 3) Honkonq hesabına əldə edilib və Honkonq Çin Universiteti çətinliklə olsa da yerində qalıb. 
 
Çin ali təhsil müəssisələrinin əksəriyyəti bu il tədqiqatların keyfiyyəti komponenti üzrə (əvvəllər “sitatgətirmə”) yüksək nəticələr göstəriblər. Analoji tendensiya Yaponiyada da müşahidə olunur - Tokyo Universiteti, Kyoto Universiteti və Tohoku Universiteti kimi qurumlar bu il ötənilki “sitatgətirmə” komponenti ilə müqayisədə tədqiqat keyfiyyəti komponentdə əhəmiyyətli dərəcədə yüksək bal toplayıblar. Nəticədə, onlar ümumi cədvəlin zirvəsinə yaxınlaşıblar: Tokio Universiteti 8-ci yerdən 5-ci, Kyoto Universiteti 18-ci yerdən 3-ə, Tohoku Universiteti isə 34-cü yerdən 20-ci yerə yüksəlib. 
 
Digər ölkələrdən Cənubi Koreyanın ən yaxşı universitetləri ümumi reytinqdə aşağı düşüb. 2023-cü ildə Seul Milli Universiteti ilk 10-luqdan bir qədər kənarda, 11-ci sırada yer alıb, lakin bu il 14-cü yerə düşüb. Yeongsei Universiteti (Seul kampusu) 13-cü yerdən 17-ci, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) isə 17-ci yerdən 18-ci yerə enib.  
 
Cənubi Koreyanın aparıcı universitetlərinin məyusedici göstəricilərinin arxasında tədris və tədqiqat mühitinin əsas istiqamətləri üzrə qiymətləndirmələr dayanırdı. Onlar tədqiqat və sənayenin yeni keyfiyyət göstəricilərindən faydalanıblar, lakin Çin qurumları qədər yaxşı nəticələr göstərmədikləri üçün ümumi reytinqdə aşağı düşüblər. 
 
Reytinqdə Türkiyənin 75 universiteti (ötən il 61) var. Onlardan ən yaxşı ikisi – Koç Universiteti və Orta Şərq Texniki Universiteti 69-cu yeri bölüşüblər, İstanbul Texniki Universiteti isə 149-cu yerdən 92-ci yerə yüksəlib. 
 
Bu il Asiya universitetləri reytinqinin 12-ci nəşri tərtib olunub. Bu, metodologiyanın 20 il əvvəl dünya universitetləri sıralamasının başlamasından bəri əhəmiyyətli dərəcədə yeniləndiyi ikinci dəfədir və THE-nin fikrincə, Asiyada ali təhsilin dəyişən təbiətini daha yaxşı əks etdirir.
 
Asiyanın ən yaxşı 10 universiteti:
 
1. Tsinhua Universiteti (Çin)
2. Pekin Universiteti (Çin)
3. Sinqapur Milli Universiteti (Sinqapur) 
4. Nanyang Texnologiya Universiteti (Sinqapur)
5.Tokio Universiteti (Yaponiya)
6. Honkonk Universiteti (Honkonq)
7. Şanxay Jiao Tong Universiteti (Çin)
8. Fudan Universiteti (Çin)
9. Zhejiang Universiteti (Çin)
10. Honkonk Çin Universiteti (Honkonq)
 
Tədqiqatların gücü
 
“Times Higher Education”nın qlobal məsələlər üzrə baş direktoru Phil Bati qeyd edir ki, “biz artıq iyirmi ildir ki, Çinin qlobal reytinqlərdə təsirli yüksəlişini izləyirik, lakin indi aydın şəkildə görə bilərik ki, Asiyada yüksələn dalğa bütün qayıqları qaldırır. Çinin aparıcı universitetləri indi dünya reytinqlərinin ən yüksək pillələrində rəqabət aparsa da, bizim məlumatlarımız Asiya üzrə güclənməni göstərir, burada sağlam rəqabət, daha çox əməkdaşlıq, tədqiqat və universitet potensialına daha çox investisiya və daha çox beynəlmiləlləşmə performansı artırır. Bütün bunlar, Şərqi Asiya və Cənub-Şərqi Asiyada, xüsusən də və ondan kənarda nümayiş etdirilən əsl mükəmməllik ilə Qərbdən Şərqə doğru ali təhsildə olduqca müsbət tektonik dəyişikliklərə bərabərdir”. 
 
Onun sözlərinə görə, digər bir vacib məqam Hindistan, Yaponiya və getdikcə daha çox Tayland da daxil olmaqla digər regional güclərin böyüməsidir, bunların hamısı Asiya ölkələrinin ali təhsil sistemlərində davamlı inkişaf nümayiş etdirir, bu da Asiyada getdikcə daha yüksək rəqabət mühiti fonunda nəzərə alınmalıdır.
 
ABŞ və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ali təhsil üzrə konsaltinq şirkəti olan “Edu Alliance”ın idarəedici direktoru və həmtəsisçisi Suntil Nathan  Tsinhua Universiteti və Pekin Universitetinin son 12 ildə sıralamada yüksəldiyini və zirvəyə çatdığını söyləyib. "Tsinghua Universiteti və Pekin Universiteti beynəlxalq tələbələrin yalnız 14-18 faizini, ETH Sürix kimi oxşar reytinqli digər universitetlər isə beynəlxalq tələbələrin 35 faizini, Çikaqo Universiteti isə beynəlxalq tələbələrin 24 faizini təşkil edir.  Çin universitetləri isə ən yaxşı çinli tələbələri seçir. Bu böyük bir fərqdir. Qərb modelini izləmirlər. Dünyanın hər yerindən deyil, ölkələrinin içərisindən ən yaxşı və ən parlaq insanları cəlb edirlər, çünki kifayət qədər resursları var. Çində baş verənlərin yaxşı tərəfi odur ki, onlar kəmiyyətə (tədqiqata) deyil, keyfiyyətə diqqət yetirirlər və bu, həqiqətən də dividendlər verir. Elmi araşdırmaların keyfiyyəti artır. Sinhua Universitetində tədqiqatların keyfiyyəti dünyada son 12 ildə 71-ci yerdən 12-ci yerə yüksəlib". 
 
O, əlavə edib ki, Çinin ən yaxşı universitetlərinin strategiyası süni intellekt və böyük verilənlərlə bağlı yeni tədqiqat sahələrinə diqqət yetirmək olub.
 
Kəmiyyətə deyil, keyfiyyətə əsaslanan yanaşma
 
Ekspertlərə görə, Çin universitetləri kəmiyyətə deyil, keyfiyyətə əsaslanan yanaşmadan istifadə edir ki, bu da onlara Amerikanın ən güclü ali təhsil müəssisələrini bir arada birləşdirən "Sarmaşıq liqası"na (The Ivy League) tez çatmağa imkan verir.
 
“Times Higher Education”nın baş məlumat direktoru Dunkan Ross yüksək- səviyyəli tədqiqat institutlarına yönəldilmiş sərmayədən sonra Çin tədqiqatlarının keyfiyyət və kəmiyyətinin 2022-ci ildə ABŞ-ni üstələdiyini söyləyib. “Çin hökuməti universitetlərə əhəmiyyətli dərəcədə sərmayə qoydu, bu da onların ali təhsil sisteminin tədqiqat hissəsinin transformasiyası ilə nəticələndi. Bir neçə il əvvəl elə bir məqam var idi ki, Çin tədqiqatlarının həcmi ilk dəfə ABŞ tədqiqatlarının həcmini ötdü. Keyfiyyətə nəzər salsanız, Çin tədqiqatlarının orta keyfiyyəti də ABŞ tədqiqatlarının orta keyfiyyətini üstələyib. Bu, ABŞ universitetlərinin hər hansı bir şəkildə pisləşməsi deyil. Onlar təkmilləşirlər, lakin Asiya universitetləri və Çindəki ən yaxşı universitetlərdən bəziləri və ya Sinqapur Milli Universiteti daha sürətlə inkişaf edir. Fakt budur ki, biz həmişəkindən daha irəlidəyik. Universitetlər ümumilikdə yaxşılaşır və bu, dünya üçün yaxşı bir şey olmalıdır".
 
THE-nin verilənlər üzrə aparıcı mütəxəssisi Billi Vong deyir ki, tədqiqatların yeni keyfiyyət göstəriciləri əvvəllər reytinqdə tam tanınmayan tədqiqatların gücünü vurğulamağımıza kömək edir. O qeyd edir ki, indi orta səviyyədən yuxarıda göstərilən və digər nüfuzlu tədqiqatlardan sitat gətirilən tədqiqatları da araşdırdığımız üçün dünyanı dəyişdirən tədqiqatların hansı bölgələrdə aparıldığını həqiqətən görə bilərik.  
 
Çində bu tendensiyaya daha yaxından nəzər saldıqda, ölkənin ən yaxşı beş universitetinin təhlili göstərir ki, köhnə metodologiyaya görə ötənilki 73,1 bal ilə müqayisədə bu tədqiqat keyfiyyətinin orta balı 87,3 bal olub. 
  
Çin yüksək istinad edilmiş məqalələrə görə ABŞ-ni qabaqlayır 
 
Yaponiyanın Xirosima Universitetinin Ali Təhsil Tədqiqat İnstitutunun professoru Futao Huang qeyd edir ki, Çin əvvəlki illərdən fərqli olaraq elmi nəşrlərin kəmiyyətinə deyil, daha çox diqqəti keyfiyyətli məqalələrin nəşrinə yönəldib. Onun sözlərinə görə, Çin yüksək istinad edilən məqalələr baxımından çox sürətlə irəliləyir.  Çin süni intellekt, gen redaktəsi, kvant rabitəsi, kosmik texnologiya və s. kimi bəzi əsas sahələrdə diqqətəlayiq irəliləyişlər əldə edir. Bu ölkənin tədqiqat institutları və universitetləri də beynəlxalq aləmdə nüfuz qazanır. 
 
Tədqiqatın müxtəlif təsir tədbirləri mövcud olsa da, bu nailiyyət Çinin artan tədqiqat gücü ilə bağlı digər hesabatlarla rezonans doğurur, məsələn, Yaponiyanın Milli Elm və Texnologiya Siyasəti İnstitutu (NISTEP) tərəfindən 2022-ci ildə aparılan bir araşdırma Çinin yüksək istinad edilmiş məqalələrə görə ABŞ-dən qabaqda olduğunu göstərib. 
 
Çinin artan tədqiqat gücünün Asiyanın qalan hissəsinə necə təsir göstərə biləcəyinə gəlincə, Futao Huang ölkənin regional bir mərkəzə çevriləcəyinə və qonşu ölkələrdən daha çox tələbə və alim cəlb etməklə, daha çox araşdırma aparmaqla, tədris və elmi tədqiqat sahəsində qonşu Asiya ölkələri ilə akademik mübadilə və əməkdaşlığı genişləndirməklə region ölkələrinə daha çox təsir göstərəcəyinə inanır. “Şübhə yoxdur ki, Çin, Yaponiya, Koreya və Sinqapur kimi Asiya ölkələri yaxın 10 və ya 20 ildə akademik tədqiqatlar baxımından daha dominant olacaqlar”, - deyə Futao Huang əlavə edir.
 
Yaponiyanın Ohayo Dövlət Universitetinin elm və texnologiya siyasəti üzrə mütəxəssisi Karoline Vaqnerə görə, hazırda elmi tədqiqatlar sahəsində Çin innovativ və ən qabaqcıl araşdırmalar aparır: “Dünya Çinin tədqiqat gücünü dərk etməyə başladığı üçün daha geniş sarsıntılar gözləyir. Çinli tədqiqatçılar getdikcə dünyanın alimləri və mühəndisləri ilə əməkdaşlıq edirlər. Bundan əlavə, Çin hökuməti elm və texnologiya sahəsində əlaqələr qurmaq üçün dünyanın ən azı 115 ölkəsi ilə ikitərəfli və çoxtərəfli elm və texnologiya müqavilələri imzalayıb. Çinin tərəfdaşlıq təklifləri onun təcrübəsini öyrənməyə və faydalanmağa ümid edən inkişaf etməkdə olan ölkələr üçün xüsusilə cəlbedicidir”.
 
Böyük Britaniyanın Şeffild Hallam Universitetinin professoru Ming Cheng Çinin artan tədqiqat gücünün iki ehtimal olunan nəticəsini qeyd edir: “Birincisi, Çin daha çox beynəlxalq tələbə cəlb edəcək. Digəri elmi dillə bağlıdır, belə ki, ingilis dili elmi tədqiqat dili olaraq tədricən üstünlüyünü itirə bilər. Əgər sonuncu dəyişiklik baş verərsə, bu, ingilis dilinin daşıyıcıları olmayan oxucular və tədqiqatçıları üçün “struktur maneələri” aradan qaldıra və elmi təcrübə və tədqiqatların inkişafı və aparılmasında müxtəlifliyi təşviq edə bilər”.
 
Son tədqiqata əsasən, Asiyanın bir sıra ölkələrində ali təhsil sistemlərinin sürətlə inkişaf edə biləcəyinə dair göstərişlər var. Getdikcə reytinqdə təmsil olunan universitetlərin sayı hər il artır.
 
Asiya region üzrə mühüm tendensiyalardan danışanda Birləşmiş Ərəb Əmirliklərinin universitetlərinin uğurlarını da qeyd etmək lazımdır. Bu il bəhs etdiyimiz sıralamada BƏƏ-nin top-100-lükdə dörd universiteti var. BƏƏ-nin ölkə reytinqində birinci olan Xəlifə Universiteti Asiyada 40-ci yerdə qərarlaşıb. Birləşmiş Ərəb Əmirlikləri Universiteti keçən il 40-cı mövqedən geriləyərək dünya miqyasında 58-ci yerdə qərarlaşıb, Abu Dabi Universiteti ötənilki 59-cu mövqedən enərək 89-cu yerdə qərarlaşıb. Şarja Universiteti isə bu il dünya üzrə 45-ci mövqedən 96-cı yerə düşüb. Ekspertlər qeyd edirlər ki, BƏƏ-də gördüyümüz ən böyük performans artımı tədqiqatın keyfiyyəti ilə bağlıdır. 
  
Reytinqdə tədris, tədqiqat keyfiyyəti, tədqiqat mühiti, beynəlxalq əməkdaşlıq və sənaye kimi göstəricilərdən istifadə edilməklə 31 ölkədən və ya ərazidən 739 universitet qiymətləndirilib.
 
Qeyd edək ki, “Asiya 2024-cü il reytinqi”ndə ilkin metodologiyaya dünya universitetlər reytinqinin metodologiyasına daxil edilmiş dəyişikliklərə bənzər əhəmiyyətli yeniləmələr daxil edilib. 18 səmərəlilik göstəricisi beş sahə üzrə qruplaşdırılıb: tədris 24,5% (tədris mühiti); tədqiqat mühiti 28% (həcmi, gəliri və nüfuzu); tədqiqatların keyfiyyəti 30% (sitatların təsiri, tədqiqatların gücü, tədqiqatların üstünlüyü və təsiri); beynəlxalq əməkdaşlıq 7,5% (əməkdaşlar, tələbələr və tədqiqatlar); və sənaye 10% -dir (gəlir və patentlər).
 
Əsas dəyişikliklər bəzi göstəricilərin çəkisi ilə bağlıdır. “Sahə” göstəricisinə daha çox diqqət yetirilir (göstərici payı 4% -dən 10% -ə qədər artırılıb), “Müəllimlik və elmi nüfuz” və “Sitatlaşdırmaya təsir” göstəricilərinin çəkisi isə azaldılıb (müvafiq olaraq 33% -dən 25% -ə və 15% -dən 7,5% -ə qədər). Həmçinin yeni göstəricilər, o cümlədən elmi-tədqiqat potensialı, tədqiqatların üstünlüyü, tədqiqatların təsiri və patentlər əlavə edilib. 
  
Oruc MUSTAFAYEV


06.05.2024 | 16:09