“Qazandığım hər bir uğurda SABAH-da aldığım təhsilin payı var” – Kamran Qasımovla MÜSAHİBƏ
“Deirvlon Technologies” şirkətinin təsisçisi və icraçı direktoru, eyni zamanda Monyo.az-ın təsisçisi, texnologiya üzrə direktoru, “Universal Programming Language” script dilinin yaradıcısı, robot mütəxəssisi və Hardware elektronikası, İOS inkişafı, NET Framework, Android inkişafı, süni intellekt, 20-dən çox proqramlaşdırma dili üzrə proqramçı və daha nələr, nələr...
 
Bütün bu uğurlar 23 yaşlı iş adamı, Bakı Dövlət Universitetinin SABAH məzunu Kamran Qasımova aiddir.  
 
Uğurlu karyerası ilə cəmiyyətdə əhəmiyyətli mövqe tutan, texnologiya sahəsinin peşəkarlarından olan gəncimizlə müsahibəni “Azərbaycan müəllimi”nin oxucularına təqdim edirik. 
 
- Kamran, sizi bir qədər yaxından tanıyaq. 
 
- 2000-ci ildə Gəncə şəhərində anadan olmuşam. Bir müddət Gəncə şəhərindəki 39 nömrəli tam orta məktəbdə oxumuşam. Daha sonra təhsilimi Gəncə İstək Liseyində  davam etdirmişəm. Məktəb illərim həm təhsil nailiyyətlərimlə, həm də müxtəlif ictimai fəaliyyətlərimlə yaddaqalan olub. Hələ məktəbdə oxuduğum zamanlarda Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən bir çox yerli, eləcə də beynəlxalq layihə olimpiadalarında yüksək nəticələr əldə edərək müvafiq yerləri tutmuşam. Liseyi nümunəvi attestat və qızıl medalla bitirmişəm.
 
2017-ci ildə 559 balla BDU-nun “Kompüter elmləri” ixtisasına dövlət sifarişli əsaslarla daxil oldum. Hələ məktəb illərindən proqramlaşdırmanı mükəmməl bilməyim və müxtəlif yerli, beynəlxalq olimpiadalarda iştirak etməyim, həmçinin yeni digital məhsul yaratmaq həvəsi bu ixtisası seçməyimə səbəb oldu. Mən məhz bu sahədə çalışmaq istəyirdim.
 
- SABAH qruplarında təhsil sizə hansı imkanları yaratdı? 
 
- 2018-ci ildə Elm və Təhsil Nazirliyinin xüsusi layihəsi olan SABAH qruplarına yüksək balla daxil olduqdan sonra burada təhsilin ən yüksək səviyyədə aparılmasını gördüm. Maraqlı tədris mühitimiz var idi. Ən peşəkar və yüksək intellektə malik müəllimlərin tələbələri idik. SABAH qrupları mənə uğurlu karyera quran şəxsləri tanıtdırdı, iş dünyasının insanları ilə ünsiyyətdə olmağa, özümün bilik və bacarıqlarımı inkişaf etdirməyə şərait yaratdı. 
 
Bilirsiniz, SABAH sanki ali təhsil müəssisəsinin içində ayrıca bir universitetdir. Sonralar iş fəaliyyətimdə burada təhsil almağımla bağlı necə də doğru qərar verdiyimə bir daha əmin oldum. Burada, sadəcə dərslər keçirilmir, eyni zamanda kənar fəaliyyətlər üçün imkanlar yaradılır. Düşünürəm ki, tələbələrə nəzəri texniki bilikləri öyrətməklə yanaşı, eyni zamanda yumşaq bacarıqlarını da inkişaf etdirmək üçün şərait yaratmaq önəmlidir, bunu da bizə SABAH təqdim etdi. 
 
Burada oxuduğum zaman müxtəlif yarışmalarda həm öz ixtisasım üzrə, həmçinin digər mövzularda təşkil olunan tədbirlərdə iştirak etmişəm.Tədbirlərdən əlavə olaraq, bəzi beynəlxalq sertifikat proqramlarında ödənişsiz iştrak etmək hüququ qazanmışam. Məsələn, “Microsoft” şirkətinin MTA proqramında iştrak edib SABAH qrupları üzrə ən yüksək nəticəni göstərərək sertifikat almışam. 
2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayev tərəfindən SABAH qruplarını “Müvəffəqiyyətlə bitirmə” sertifikatı alaraq  fəxri məzun oldum.
 
Bakalavriatura təhsilimi uğurla başa vurduqdan sonra SABAH qruplarının mühitini bəyəndiyim üçün magistratura təhsilimi “Süni intellekt” ixtisası üzrə davam etdirdim. Hazırda Azərbaycan Texnologiya Universitetində doktorantura təhsili alıram. "Süni intellekt əsasında boş fəzada optik şəbəkələrin idarə olunması" mövzusunda elmi iş üzərində işləyirəm.
 
- Bu gün 4 şirkətin səhmdarı, 2 şirkətin rəhbəri, 3 şirkətin texnologiya üzrə direktorusunuz. Texnoloji sahəyə bu qədər maraq haradan qaynaqlanır?
 
- Uşaq vaxtlarımdan cihazların necə işləməsi mənim üçün çox maraqlı olub və onlar haqqında geniş məlumat almağa çalışmışam. Bu cihazların insanların həyatını asanlaşdırdığını görürdüm. Elə o vaxtlardan tarixdə öz izini qoyan ixtiraçılardan biri olmağa qərar verdim. Hələ kiçik yaşlarımdan əlimdə olanlarla ideyalarımın maketlərini hazırlayırdım. Bəzən də reallaşdırılması mümkün olmayan ixtiralarımı ətraflı yazdığım və planlarını çəkdiyim dəftərimə qeyd edirdim. Bir gün isə virtual dünyaya-kompüter aləminə daxil olmaq qərarına gəldim.Və hər şey bundan başladı... 
 
2021-ci ildə ilk “Deirvlon Technologies” şirkətini rəsmi olaraq yaratdıq. Şirkəti qurduqdan 4 ay sonra daxilində artıq ikincisinin - Monyo.az-ın əsasını qoyduq. 
 
“Deirvlon Technologies” olaraq bu gün şirkətlərə xüsusiləşdirilmiş daxili idarəetmə, CRM, ERP, vebsaytlar, mobil tətbiqlərin hazırlanması və.s kimi həlləri həm proqram təminatı səviyyəsində, həm də cihaz istehsalı səviyyəsində xidmət kimi təklif edirik. Eyni zamanda, ideyası və maliyyəsi olan şəxslərin arzuladığı platformaları, saytları və mobil tətbiq ideyalarını hazırlayaraq onlara texniki dəstək oluruq. 
 
Monyo.az ilə QR menyu sahəsində inqilaba təkan verdik və Azərbaycanda QR menyuları populyarlaşdırdıq. Bu gün biz QR menyudan daha çoxunu təklif edirik (menyu, rezervasiya, dəyərləndirmə, təşkilatlar və.s) və 1700-dən çox restoran, kafe və hotel bizimlə çalışır. QR menyu ilə yanaşı, restoran idarəetmə sistemi olan bulud əsaslı “Monyo POS” sistemimiz də mövcuddur. Bu bazanı formalaşdırdıqdan sonra artıq Azərbaycanın HORECA (hotel, restoran və kafe) platforması olan “Monyo App” mobil tətbiqini yaratdıq. Tətbiq daxilində istifadəçilər yaxında olan restoranları tapa, menyularına baxa, rezervasiya edə, dəyərləndirə, interyerinə nəzər yetirə, əlaqə bilgilərini və məkana aid istənilən məlumatı ala bilərlər.
 
2022-ci ildə “Monyo App”in çıxdığı ilk gündən "Google Play" və "App Store" mağazalarında trendləri alt-üst etdi, eyni zamanda Azərbaycanın milli internet mükafatlarından biri olan NETTY-də ilin  mobil tətbiqi seçildi. 2023-cü ildə Azərbaycanın digər milli internet mükafatı olan Milli NET-də də ilin mobil tətbiqi seçildi. Bu gün Azərbaycanda 4 milyondan çox insan “Monyo” platformasından istifadə edir.
 
- 23 yaşında artıq uğurlu bir iş adamı kimi tanınırsınız. Azərbaycan gəncliyinə demək istədikləriniz varmı? 
    
- Həmyaşıdlarıma deyərdim ki, davamlı öyrənin. Yolunuzda çətinliklərlə qarşılaşacaqsınız, amma ruhdan düşməyin. Uğursuzluqlarınızdan öyrənin, səhv etməkdən qorxmayın və daim inkişafda olun. Özünüzü müxtəlif düşüncəli insanlarla əhatə edin və əlaqələr qurmaqdan çəkinməyin. Qarşınıza iddialı məqsədlər qoyun, onları əldə edilə bilən addımlara bölün. Uğur bir səyahətdir, hədəf deyil. Prosesi qiymətləndirin, təvazökar olun və müsbət təsir göstərmək üçün hər fürsətdən istifadə edin. Səyahətiniz unikaldır, ona görə də özünüzə güvənin, israrlı olun. Unutmayın ki, uğur hər şeyin sonunda mükafat aldığın an deyil, ona gələnə kimi keçdiyin yoldur. Hər addımdan zövq alın!
 
Onu da qeyd edim ki, gənclərə dövlət səviyyəsində diqqət və qayğı hər bir ölkənin ümumi inkişafı və gələcək taleyi üçün həlledici əhəmiyyətə malikdir. Ölkələrin təhsil, karyera inkişafı, sahibkarlıq və ümumi rifahda gəncləri dəstəkləyən təşəbbüslərə üstünlük verməsi vacibdir. Təhsil, mentorluq proqramları, resurslara çıxış yolu ilə gənclərə sərmayə qoymaq və onların inkişafı üçün dəstəkləyici addımlar atmaqla hökumətlər gələcək nəslə cəmiyyətə müsbət töhfə vermək şansı yaradır.  
 
Elm və Təhsil Nazirliyinin ən uğurlu layihələrindən sayılan SABAH da məhz ali təhsilimizin inkişafına göstərilən diqqətin bariz  nümunəsidir. Və mənim də  qazandığım hər bir uğurda SABAH-da aldığım mükəmməl təhsilin payı var.  
 
Samirə KƏRİMOVA

 



06.05.2024 | 14:49