“Kinoya çəkilmək həvəsim hələ ölməyib...” - MƏKTƏBDƏ
“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, bu, məsuliyyət hissidir...” Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə” layihəsində qonaq olarkən həyəcanını belə ifadə etdi. 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı layihənin əhəmiyyətini isə qonaq xüsusi vurğuladı: “Sovet dövründə belə görüşlər tez-tez keçirilirdi. Tanınmış adamları, görkəmli insanları təhsil ocaqlarına dəvət edirdilər. Onlar şagirdlərlə, tələbələrlə öz təcrübələrini  bölüşür, həyat hekayələrini danışırdılar. Bu görüşlər uşaqların yaddaşına həmişəlik yazılırdı, onlara örnək olurdu. Bu baxımdan, belə layihələr çox əhəmiyyətlidir”.  
 
 
 
“İndi görürəm ki, səhv etmişik...”
 
“Məktəb görəndə oxuduğum illər yadıma düşür. Amma biz belə məktəblərdə oxumamışıq. Mən Ağsu rayonunda oxumuşam. Soyuq, təmirsiz otaqlarda dərs keçirdik. Biz oxuyan vaxtlarda belə yaxşı şərait yox idi: təmirli bina, müasir avadanlıq, işıqlı otaqlar... Belə bir məktəbdə gərək yaxşı oxuyasan”, - deyə Xalq artisti uşaqlara səsləndi: “Bu gün savadsız adam heç kimə lazım deyil. Əvvəllər yaxşı oxumayan da özünü birtəhər bir yerə çıxara bilirdi. İndi bu, mümkün deyil. Fiziki gücə də çox arxayın olmaq olmaz, çünki 40-50 yaşdan sonra güc də tədricən tükənməyə başlayır, 20-25 yaşdakı kimi gücün olmur. Biz o vaxt “ingilis dili nəyə lazımdır?” - deyə ingilis dili dərsindən qaçardıq. Amma indi görürəm ki, səhv etmişik. Təcrübə göstərir ki, ingilis dilini bilmək yeni iş imkanları və təhsil üçün çox vacibdir. Bu gün oxuyan adam uğurlu həyat qura bilir. Özünüzü müasir təhsilin səviyyəsinə uyğunlaşdırın. Yeni texnologiyaları öyrənin, indi süni intellekt, robotlar əsridir. Bunlar get-gedə insanların əməyini əvəz edir. Əgər istəyirsinizsə gələcəkdə uğurlu həyat qurasınız, cəmiyyətə yararlı insan olasınız, onda mütləq yaxşı oxumalısınız. Ola bilər ki, kimsə sizi vəzifəyə qoyar. Amma oradan pul qazana bilməyəcəksiniz. Çünki savad yoxdursa, heç nəyə nail olmaq olmaz. Həyatınızı o zaman mənalı edə bilərsiniz ki, yaxşı oxuyasınız. Tövsiyəm odur ki, biliklərə yiyələnin, bu, sizi xoşbəxt edər. Arzu edirəm özünüzə elə bir peşə seçəsiniz və ailə həyatı qurasınız ki, Nazim Hikmət demişkən, həm işə, həm evə həvəslə gedəsiniz...”
 
 
 
Hər zamanın öz sənətkarı
 
“Necə düşünürsünüz, hazırkı aktyorlar sizin kimi Nəsimi, Babək rollarını oynaya bilərlərmi?”- deyə məktəblilərdən biri soruşdu: “Əvəzolunmaz adam yoxdur. Ağlıma gətirməzdim ki, kinoya çəkilərəm, çünki mən teatr aktyoru olmaq istəyirdim”, - deyə aktyor cavab verdi: “Hər dövrün öz müəllimi, öz həkimi, öz mühəndisi, sənət adamı gəlir. Bu gün gənclər, sənəti sevib gələn adamlar diqqətli və məsuliyyətli olsalar, yaxşı sənətkar ola bilərlər. Mən də sevinərəm ki, onlar Füzulini və ya Qarabağdakı şəhidlərimizin, qazilərimizin rolunu oynaya bilirlər. Mən Nəsimini oynamışam, qoy onlar Füzulini oynasınlar. Hər zaman öz sənətkarını yetişdirir”.
 
 
 
“Sənətkar üçün oynadığı ilk rol daha çox yaddaqalan olur, yoxsa onu məşhurlaşdıran obraz?” - deyə şagirdlərdən biri sual ünvanladı: “Olur ki, aktyorlar epizodlarda oynayırlar, sonra rejissorlar onların uğurunu görüb baş rol verirlər. Mənim taleyim elə gətirdi ki, o vaxt televiziyada, tamaşalarda oynayırdım, kinoya çəkilməmişdim. Siz onda dünyada yox idiniz. Bu da bir tale, şansdır. Mən yatdım-durdum, gördüm ki, məşhur adamam. Bircə rolla məşhurlaşdım. Bu, hər adama qismət olmur. Burada nüanslar var: istedad, zəhmətkeşlik və bəxt-şans... Gərək aktyor çalışsın ki, yaxşı rollar oynaya bilsin. Düzdür, bu gün kinoda durğunluq var, istədiyimiz kimi filmlər istehsal edə bilmirik. Amma inanıram ki, bu, müvəqqətidir, yenə filmlər olacaq...”
 
 
 
 
“Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”
 
“Son illərdə çəkilən filmləri, serialları bir peşəkar gözü ilə izləyib gəldiyiniz qənaət bizim üçün  maraqlıdır”, - deyə məktəblilərdən biri soruşdu: “Şəxsən mən narazıyam... Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər. Qabaqlar belə şey yox idi”, - deyə aktyor narazılığını ifadə etdi: “Kim haradan pul tapırsa, ağlına gələn bir şey çəkir. Kinonun qanunlarını bilmirlər, ona görə tamaşaçılar da narazıdır. Məni də bəzən çəkilməyə dəvət edirlər. Bir dəfə getdim. Sonra düşündüm ki, axı mən sənət fədailəri ilə işləmişəm, burada hamısı xalturadır, əsas məsələ filmi təhvil verməkdir, rejissor işi zəifdir, ustalıq yoxdur... Ona görə daha getmədim. Kinoda yaranan boşluqda qeyri-peşəkarlar serial çəkməyə başladılar və deyərdim ki, tamaşaçıların da zövqünü korladılar. Məsələn, bu yaxınlarda mübahisəli bir film çəkildi: “Alatava” filmi. Başdan-ayağa söyüşdür. Axı sən bu filmlə efir vasitəsilə evlərə daxil olursan. Söyüşlə reytinq qazanmaq istəyirsən? Mən deyirəm, xoşlarına da gəlmir. Hətta məndən olsaydı onları cəzalandırardım. Bu, yolverilməzdir. Mən bazar-dükanda insanlarla görüşürəm. Onlar hamısı narazılıqlarını bildirirlər”.
 
 
“Hər şeyi başlı-başına buraxmaq olmaz”
 
“Çəkildiyiniz filmlər senzuraya məruz qalıbmı”, -deyə məktəblilərdən biri sual ünvanladı: “O vaxt filmlər burada çəkilirdi, amma Moskva təsdiq edirdi. Filmlərimizdə dəyişikliklər edirdilər, kəsirdilər. Məsələn, “Axırıncı aşırım”, “Dəli Kür” filmləri bu qəbildəndir. Rüstəm İbrahimbəyov “İstintaq” filminin ssenarisini yazmışdı. Ssenariyə görə, bir milis işçisi bir manat rüşvət alır. Onda Moskvada dedilər ki, sovet milisi rüşvət ala bilməz. Rəhmətlik Heydər Əliyev filmə baxıb demişdi ki, bir nəfər ala bilər, bu, bütün milis işçilərinə aid deyil. Belə bir  senzura vardı. Bu gün o senzura yoxdur, kino da yoxdur. Senzura indi nə üçün lazımdır: bu filmi tamaşaçının öhdəsinə buraxsan, ondan nəsə ibrətamiz bir şey götürə bilərlər, ya yox? Əgər ssenaridə söyüş vardısa, senzura qoymazdı, yəni sən ekrandan söyüş söyə bilməzsən. Bu mənada senzuranın yaxşı tərəfi də var. Hər şeyi başlı-başına buraxmaq olmaz. Nizam-intizam olmasa aləm bir-birinə qarışar. Müəyyən qanunlar var ki, hamı ona tabe olmalıdır. Yoxsa özbaşınalıq olar. İndiki bəzi filmlərdəki kimi...” 
 
 
Vətənpərvərlik duyğusu və uşaqlar 
 
“Vətənpərvərlik mövzularında filmlərin insanlarda yaratdığı ruh yüksəkliyini necə dəyərləndirirsiniz, xüsusilə Vətən Müharibəsinin timsalında?” - deyə şagirdlərdən biri soruşdu: “Hər bir adam kimliyindən asılı olmayaraq Vətəni sevməli, uğrunda canından keçməyə hazır olmalıdır”, - deyə aktyor bildirdi: “Bu sevgini isə uşaqlıqdan aşılamaq lazımdır. Bu vasitələrdən biri də kinodur. Ədəbiyyat və incəsənətin vətənpərvərlik hissinin tərbiyə olunmasında müstəsna rolu var. Əvvəllər uşaqları mütəmadi olaraq teatra, kinoya aparırdılar. İndi bilmirəm, belə şeylər varmı? Uşaqlıqdan ədəbiyyat oxumaq, kinolara baxmaq lazımdır. Bizim nəsil romanlar oxuyurdu. O vaxt internet yox idi. İndi uşaqlar daha çox sosial şəbəkələrə və digər bu kimi əyləncələrə vaxt ayırırlar. Hərdən “hansı yazıçı və şairləri tanıyırsınız”, - deyə uşaqlara sual verirəm. Görürəm ki, nə Mirzə Cəlili, nə Sabiri tanıyırlar. Çox pərişan oluram. Öz tariximizi yaxşı bilməlisiniz. Bu, sizə dünyanın istənilən yerində lazım olacaq. Bu mənada vətənpərvərlik əhəmiyyətli mövzudur. Bu hisslərin tərbiyəsində biz sənət adamlarının üzərinə də böyük məsuliyyət düşür”.
 
 
“Aktyor qəhrəman deyil, onun işi obrazı canlandırmaqdır”
 
“Qəhrəman obrazını yaratmaq aktyordan hansı xüsusiyyətlər tələb edir?” - deyə auditoriyadan sual səsləndi: “Qəhrəman obrazı təkcə aktyordan asılı deyil. Burada rejissor və ssenarist də xüsusi rola malikdirlər. Aktyorlar buna istedadları vasitəsilə çatırlar. Obraza müəyyən ştrixləri əlavə edirlər. Mən qəhrəman obrazını, məsələn, Babəki oynayıram. Onun geyimini geyinirəm, onun dilində danışmağa çalışıram. Aktyor qəhrəman deyil, onun işi obrazı canlandırmaq və tamaşaçıya çatdırmaqdır”.
 
 
Şagirdlərdən birinin “Babək” filmində səsləndirdiyi monoloqu dinləyən aktyor, “bu, filmdə azadlıq və bərabərlik haqqında əsas monoloqlardan biridir”, - deyə xatırladı: “Babək” filmi Suraxanıda, Atəşgahın yanında çəkilirdi. O filmin çəkilişi çox ağır keçirdi. Axşam 8-də gedirdik, sübh 5.00-da qayıdırdıq. Təxminən 20 gün belə işlədik. Gecə ilə gündüzümüz səhv düşmüşdü. Elə kadrlar vardı ki, gecələr çəkilirdi. Rejissorlar çox tələbkar idi. Aktyorlar da işlərinə son dərəcə məsuliyyətlə yanaşırdılar”. 
 
 
“İstəyirəm ki, çəkilim...”
 
“Babək, Nəsimi rollarını oynayanda çox gənc olmusunuz. Hazırda oynamaq istədiyiniz hansı obraz var?” - deyə auditoriyadan hamını maraqlandıran sual səsləndi: “Mən cavanlıqda yaşıma uyğun və nisbətən yaşlı rollar oynamışam. Bir çox tarixi şəxsiyyətlərin rolunda filmlərə çəkilmişəm. Amma indi uyğun ssenari yoxdur. Teleseriallarda da çəkilmək istəmirəm. İstərdim ki, dərin psixoloji bir rol olsun, oynayım. Bu həvəsim hələ ölməyib. İstəyirəm ki, çəkilim...”
 
 
 
Qürur və məsuliyyət hissi
 
“Sizi “İstiqlal” ordeni ilə təltif edən zaman Prezident İlham Əliyevlə səmimi görüşünüz oldu. Dövlət başçısının sənətinizə verdiyi dəyər sizdə hansı hissləri yaratdı?” - deyə məktəblilərdən birinin sualına aktyor qürurla “minnətdarlıq hissi”, - deyə cavab verdi: “Bu, əməyimə verilən yüksək qiymətdir. Mən həm də Prezidenti cavanlıqdan tanıyıram. Rəhmətlik Heydər Əliyevlə tədbirlərə gəlirdi, 15-16 yaşı vardı. Bu qədər işi-gücü olan adam vaxt ayırıb sənə də diqqət göstərir... Mənimlə 50 dəqiqə söhbət etdi. Bu, məndə qürur hissi yaratdı. Əgər insanın əməyinə qiymət verilirsə, gərək işini ona uyğun qurasan. O qiymət insanı daha məsuliyyətli edir. Bu o deməkdir ki, dövlət sənə etimad göstərir, sən də çalışıb işinlə bu etimadı doğrultmalısan. Bir də görürsən ki, bir rayona yeni başçı təyin edilir, ona etimad göstərilir, o da gedib rüşvət alır. Etimadı doğruldan isə daha böyük vəzifəyə gedir. Gərək məsuliyyət hissini heç vaxt itirməyəsən”. 
 
 


06.05.2024 | 10:54