SMART müəllim, SMART dərs planı, SMART təlim nəticəsi | |
“Azərbaycan müəllimi” olaraq bu gün dərslər üçün gündəlik (cari) planlaşdırma apardığmız zaman müəllimlərimizin istifadə edə biləcəyi effektiv planlaşdırma metodologiyasından bəhs edəcəyik.
Nəzər alsaq ki, bəzi müəllimlərimizin müxtəlif siniflər üzrə dərs saatları çoxdur, bu halda onların hər bir sinif, mövzu və ya fənn üçün ayrı-ayrılıqda gündəlik plan hazırlaması bir qədər yorucu görünə bilər. Buna baxmayaraq, effektiv planlaşdırma metodologiyası ilə bu prosesi daha optimal etmək mümkündür.
Əvvəlki yazılarımızda da məlumat verdiyimiz kimi müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün intizam və mülki məsuliyyət daşıyır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.2. bəndinə müvafiq olaraq müəllim, həm də təhsil proqramlarının mənimsənilməsini təmin etmək və keyfiyyətli təhsil vermək vəzifəsini icra edir.
Hər bir işdə olduğu kimi təlim-tədris prosesində də planlaşdırma vacibdir
Müəllim işinin keyfiyyəti də onun fəaliyyəti doğru planlaşdırmasından asılıdır. Bu nə qədər mexaniki görünsə belə, ən yüksək təcrübəyə malik olan müəllimlərin hər yeni günü üçün özünəməxsusdur. Bu özünəməxsusluq sinif mühiti, şagirdlərin öyrənmə ehtiyacı və maraqları, şagird sayı, müəllimin nəzəri-metodiki hazırlığı ilə müəyyən olunur. Bir dərs üçün təlim məqsədinin təyin olunması, nəzəri və ya praktik materialların öyrədilməsi, həmin öyrənmə üçün strategiyalarının (forma, üsul və s.) müəyyənləşdirilməsi, müxtəlif səviyyəli tapşırıqların hazırlanması və nailiyyətlərin qiymətləndirilməsi tələb olunursa, bütün bunları sistemli planlaşdırmadan icra etmək olduqca çətindir. Bu baxımdan dərs prosesinin keyfiyyətli olması üçün müəllimin gündəlik planlaşdırma aparması zəruridir.
Gündəlik (cari) dərs planı yazarkən nələrə diqqət etməliyik?
Gündəlik planlaşdırmada fəal dərsi təşkil etmək üçün gündəlik dərs icmalı hazırlanır. Bunun üçün də düzgün və məqsədyönlü dərs planı hazırlamaq ilkin şərtlərdən biri hesab olunur.
Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır. Bildiyimiz kimi planlaşdırmanın əsas 3 komponenti var: a) təlim nəticələri; b) qiymətləndirmə meyarları və c) öyrənmə fəaliyyətləri. Çünki istənilən dərsi planlayarkən dərsin məqsədini, yəni təlim nəticələrini mütləq şəkildə müəyyənləşdirməliyik və bundan sonra təlim nəticələri əsasında biz qiymətləndirmə prosesini müəyyənləşdiririk və beləcə, öyrənmə fəaliyyətini də qiymətləndirmə meyarına və təlim nəticəsinə uyğun şəkildə təşkil edirik.
Təlim nəticələri spesifik olmalıdır. Məsələn, biz dərsin sonu üçün sadəcə şagirdlər “ingilis dilində esse yazır” təlim nəticəsi əvəzinə, “ingilis dilində essenin giriş hissəsini yazır” təlim nəticəsi qoya bilərik ki, bu da, öz növbəsində, həm spesifik, həm də daha reallaşdırılması mümkündür.
Əgər biz bir dərs üçün “ingilis dilində esse yazır” kimi geniş təlim nəticəsi qoysaq, reallaşdırılması müəllim və şagird üçün real olmayacaq.
Təlim nəticəsindəki fəaliyyət, həmçinin ölçülə bilən olmalıdır. Biz qiymətləndirmə meyarlarını təlim nəticəsindəki fəaliyyətə əsasən, müəyyənləşdiririk. Bundan başqa, təlim nəticələrinin, həm də qiymətləndirmə meyarlarının dərsin əvvəlində şagirdlərə elan olunması arzuolunandır.
İş üsulları seçilməsinə də xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bəzən müəllimlərdə belə fikir formalaşır ki, şagirdlərdə bacarıqlar formalaşdırmaq üçün dərslərin hamısında mütləq şəkildə kiçik qruplar və iş formasından istifadə etmək lazımdır. Ümumiyyətlə isə bu səhv yanaşmadır, ona görə kiçik qruplarla aparılan iş müxtəlif məqsədlərə xidmət etsə də, heç də hər dərsin təlim nəticəsinə xidmət edən bir iş üsulu deyil.
Kiçik qruplarla iş təşkil edərkən, müəllim şagirdlərə verdiyi tapşırığın spesifikliyinə məhz şagirdlər arasında əməkdaşlıq tələb edib-etməməsinə diqqət etməlidir.
Müasir kurikuluma əsasən, şagirdyönümlü təlim prosesində müxtəlif iş üsullarından istifadə etmək olar. Fərdi iş, qruplarla iş, cütlüklərlə iş və kollektivlə iş və s. Burada əsas məsələ ondan ibarətdir ki, dərsin planlaşdırılmasında istifadə etdiyimiz iş üsulu mütləq şəkildə dərsin məqsədinə və təlim nəticəsinə xidmət etsin.
Dərsin sonunda mütləq şəkildə refleksiya aparmaq lazımdır. Refleksiya dərs müddətində keçirilənlərin təkrarına yox, dərs ərzində şagirdin öyrəndiklərinə və özü üçün qazandıqlarını müəyyənləşdirməsinə xidmət edir.
Refleksiya elə bir prosesdir ki şagird onu öz beynində mütləq şəkildə aparmalı və müəyyən qeydlər etməlidir. Refleksiya olmadan dərsin tamamlanması şagirdin nə əldə etdiyinin onun özü üçün qaranlıq qalmasına səbəb olur.
Beləliklə, refleksiya dərsin elə bir mərhələsidir ki, burada şagirdlər dərs müddətində öyrəndiklərini dəqiqləşdirir, dərsin ümumiləşməsinə və tamamlanmasına xidmət edir.
Həmçinin dərsin gündəlik planlaşdırılması həm dəftərdə, həm də elektron versiyada yazıla bilər.
Qeyd etmək lazımdır ki, fəal təlimin mühüm xüsusiyyətlərindən biri müstəqil təlim, müstəqil inkişaf vərdişlərini şagirdlərə aşılamaqdır. Dərs başa çatdıqdan sonra qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirilməsi məqsədəuyğundur. Bundan əlavə, bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar və müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə, ilk növbədə, şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.
Alt-standartdan təlim nəticəsi (dərs məqsədi) çıxarmaq
Dərsin məzmununa uyğun olaraq dərsdə reallaşacaq standarta uyğun təlim məqsədi müəyyən edilir. Mövzu və standart dərslik və metodik vəsaitlərə əsasən seçilir. Lakin müəllim istədiyi halda, özü də plana standart əlavə edə bilər. Dərsin məqsədi hissəsində dərs zamanı şagirdlərə nəyi öyrədilməli olduğu və nəticədə onların nə mənimsəməli olduğu öz əksini tapır. Riyaziyyat fənninə nümunə üçün, “1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır” alt-standartından “Çoxluqlar” mövzusuna uyğun olaraq “Çoxluğa daxil ola bilən və olmayan elementləri müəyyən edir” təlim nəticəsini (təlim məqsədini) plana daxil edə bilərik. Qiymətləndirmə meyarı olaraq da bunları qeyd etmək olar: çoxluqlar anlayışının tərifini söyləyir, verilmiş çoxluğun alt çoxluğunu yazır, çoxluqların bərabər olub-olmadığını müəyyənləşdirir. Burada, həmçinin qiymətləndirmə üsulu kimi müşahidədən, refleksiya kimi isə sual-cavabdan istifadə edə bilərik.
Təlim nəticələrini yazarkən aşağıdakılara diqqət etmək vacibdir:
SMART öyrənmə məqsədlərini və nəticələrini necə yazmaq olar? Təhsil uğuru çox vaxt aydın, real və dəqiq müəyyən edilmiş məqsədlərdən asılıdır. İlk dəfə biznesin idarə edilməsi üçün yaradılmış bir metodologiya kimi SMART o vaxtdan təhsil də daxil olmaqla, çoxsaylı sahələrdə uyğunlaşdırılıb. SMART məqsədləri müəllimlərə aydın, diqqətli və əlçatan olan effektiv öyrənmə məqsədlərini tərtib etməkdə kömək etmək üçün strukturlaşdırılmış çərçivə təklif edir. Onlar öyrənənlərin onlardan nə gözlənildiyini anlaya bilmələrini təmin edərək, daha səmərəli və mənalı öyrənmə təcrübəsini təşviq edirlər.
SMART təlim məqsədləri nədir?
SMART çərçivəsi təlim məqsədlərini beş əsas xüsusiyyətə bölür: spesifik (S – specific), ölçülə bilən (M – measurable), əldə edilə bilən (A – attainable), məzmuna uyğun (R – relevant) və müəyyən zamana bağlı (T – time bound).
Hər bir xüsusiyyət praktiki, əldə edilə bilən və ümumi təhsil hədəflərinə uyğun olan hərtərəfli öyrənmə məqsədinin yaradılmasında mühüm rol oynayır.
Corc Doran SMART çərçivəsini ilk dəfə 1981-ci ildə təklif etmişdir. Hazırkı formada çərçivə məzmunu və qiymətləndirmə sistemlərinin məqsədəuyğun olmasını təmin etmək üçün istənilən təlim metodologiyasına tətbiq oluna bilən bir sıra meyarlar təklif edir.
Gəlin hər bir hərfi təhsil kontekstində onun tərifinə və əhəmiyyətinə bölək:
S (spesifik) – Tədris məqsədi düzgün müəyyən edilmiş, aydın və birmənalı olmalıdır. Geniş və ya ümumi məqsəd qoymaq əvəzinə, pedaqoqlar tədris ilini və ya dərsi müvəffəqiyyətlə başa vurduqdan sonra şagirdin nəyə nail olacağını müəyyənləşdirməyə çalışmalıdır. Bunu düşünməyin başqa bir yolu, şagirdin dərsi və ya müvafiq tədris ilini bitirdikdən sonra əvvəldən edə bilmədiyi və ya başa düşə bilmədiyi nəyi edə biləcəyini və ya başa düşə biləcəyini nəzərdən keçirməkdir.
M (ölçülə bilən) – Məqsəd inkişaf və nəticənin ölçülməsi üçün meyarları ehtiva etməlidir. Bu, şagirdin irəliləyişinin izlənilməsini və təlim prosesinin effektivliyinin qiymətləndirilməsini təmin edir.
A (əldə edilə bilən) – Tədris məqsədi real və əldə edilə bilən olmalıdır. İddialı məqsədlər motivasiya ola bilsə də, onlar məyusluq və ya ruh düşkünlüyü ilə nəticələnə biləcək və ya əlçatmaz olacaq qədər çətin olmamalıdır. Buna görə də müəllimlər çox uzun və ya mürəkkəb təlim məqsədləri qoymaqdan çəkinməlidir, əks halda məqsəd şagirdlər üçün əlçatmaz görünə və onları motivasiyadan sala bilər.
R (məzmuna uyğun) – Məqsəd öyrənənin daha geniş təhsil və ya peşəkar məqsədlərinə uyğun olmalıdır, öyrənmə prosesinin mənalı olmasını və onların ümumi inkişafına uyğun olmasını təmin etməlidir. Nümunə üçün, əgər xarici dil 8-ci sinif üzrə danışıq məzmununa uyğun olaraq 2.2.1. Müxtəlif məzmunlu şəkillərdə əks olunan əşya və hadisələri adlandırır alt-standartı qoyulubsa, şagirdlərə bu istiqamət üzrə yox tam fərqli məzmun üzrə yükləmək olmaz.
T (müəyyən zamana bağlı) – Hər bir məqsədin müəyyən edilmiş vaxt qrafiki olmalıdır və öyrənmə məqsədinə nə vaxt nail olmaq üçün aydın son tarix verilməlidir. Bu, motivasiyanı artırır və zamanla şagirdlərin inkişafını izləməyə imkan verir.
Beləliklə, ümumiləşdirsək, hədəflədiyiniz nəticələri müəyyənləşdirmək, spesifik olmaq, məqsədlərin ölçülə bilən olmasını təmin etmək, məqsədlərin əldə oluna biləcəyinə, məqsədlərin müvafiq/fərdiləşdirilmiş olduğundan əmin olmaq, hər bir təlim məqsədləri üçün son tarixləri/vaxt çərçivələrini təyin etmək məqsədəuyğundur.
Vaqif FƏTULLAYEV |
|
06.05.2024 | 10:25 | |
|
|
|