Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da olub | |
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Elçin Babayev ortaq kökə, tarixə malik, qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında bütün səviyyələrdə, o cümlədən təhsil sahəsində uğurlu və dinamik əməkdaşlığın olduğunu deyib. Rektor qonaqlara 105 yaşlı BDU-nun elmi, tədris fəaliyyəti, beynəlxalq əlaqələri, ixtisasları barədə məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın müxtəlif ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. BDU-da kimya, texnologiya, qida təhlükəsizliyi, biotexnologiya istiqamətləri üzrə güclü elmi məktəblər və tədqiqatlar aparılır. Adıçəkilən sahələr BDU-nun əsas elmi prioritetlərindəndir. Bu baxımdan
Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlıq iki ölkənin elminə, təhsilinə böyk fayda verə bilər.
Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru Botir Usmanov rəhbərlik etdiyi institut barədə ətraflı məlumat verib. Azərbaycana səfərinin əsas məqsədinin ölkəmizin elmi, təhsili ilə tanışlıq olduğunu bildirən qonaq BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, birgə elmi tədqiqat imkanları, ortaq laboratoriyanın qurulması və digər məsələlər müzakirə edilib.
|
|
03.05.2024 | 16:37 | |
|
|
|