Eşqi Bağırov: 130 min məktəbyaşlı uşaq var, onlardan 98 mininin qeydiyyatı tamamlanıb
130 min məktəbyaşlı uşaq var və artıq onlardan 98 mininin qeydiyyatı tamamlanıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov media nümayəndələrinə açıqlamasında deyib. Onun sözlərinə görə, mayın 1-dən başlayan qəbul prosesində məktəbyaşlı uşaqların 80 faizi artıq elektron qaydada birinci sinfə qəbul edilib.
 
E.Bağırov qeyd edib ki, məktəbə qəbul üzrə sistem açılan ilk dəqiqədən müraciətlər qeydə alınıb: “Vətəndaşlara müraciət edərək bildirmək istəyirik ki, valideynlər bu prosesi növbəti tədris ilinin əvvəlinə saxlamasınlar, qeydiyyatlarını vaxtında tamamlasınlar”.
 
E.Bağırov vətəndaşlara müraciət edərək, müşahidə etdikləri texniki problemlərlə bağlı qurumu məlumatlandırmalarını bildirib: “Həm alternativ qeydiyyat mərkəzlərimiz, həm MÜTDA-da qəbul mərkəzi var. Üstəlik, “ASAN xidmət” mərkəzlərində də xidmət göstəririk. Bu xidmətlərimizdən faydalana bilərlər”.
 
Bu gün saat 11-dən etibarən müəllim seçimi mərhələsinə start verilib. Tədrisi digər dildə aparılan uşaqlar üçün də qeydiyyat prosesi müsahibələrdən sonra başlayacaq. Valideynlər elektron qaydada sorğularını yerləşdirə biləcəklər.
 
Ruhiyyə DAŞSALAHLI


03.05.2024 | 13:15