Ana dilimiz - milli kimliyimiz | |
“Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir”
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi həm də günün vacib tələblərindən sayılır. Bu tələblər çərçivəsində gənclərlə daim təmasda olan müəllimlərin üzərinə böyük vəzifələr düşür. Onlar əməli fəaliyyətlərində dildən yüksək səviyyədə istifadə etmək bacarıq və vərdişlərinə yiyələnməklə, bu keyfiyyəti gələcəyin qurucularına - gənclərə də aşılamalıdırlar. Bugünkü gənclər dərin biliyə, hərtərəfli məlumata sahib olmaqla yanaşı, rəvan, aydın və cəlbedici, səfərbəredici bir dillə danışmağı da bacarmalıdır. Xalqın əksəriyyətinin savadlı olduğu, yeni təfəkkür tərzinin formalaşdığı müasir dövrdə gözəl danışıq qabiliyyətinə yiyələnməyi zaman özü tələb edir, bu iş inkişafımızın ümumi ahəngi ilə bağlı olaraq indi daha böyük maraq doğurur. Cəmiyyət üzvlərini bir-birinə bağlayan həyat tərzi, şüur, düşüncə, mənəvi yaxınlaşma, dostlaşma, mehribanlıq və s. kimi yüksək milli keyfiyyətlər məhz indi nitqimizin düzgünlüyü və gözəlliyinin qeydinə qalmağı həmişəkindən daha kəskin şəkildə qarşıya qoyur. Nitqin gözəlliyi insana xas olan digər xüsusiyyətlər arasında əsas yerlərdən birini tutur. Yüksək nitq mədəniyyətinə sahib olmaq insanın şöhrətini, ləyaqətini və hörmətini artıran vacib amillərdən sayılır.
Təhsil aldıqları müddət ərzində kiçikyaşlı şagirdlərin inkişafında ən mühüm nailiyyətləri xarakterizə, sonrakı yaş mərhələsində onların inkişafını təmin edən və bu inkişafın təməlində dayanan psixoloji keyfiyyətlər formalaşır. Psixoloq-alim, professor Əbdül Əlizadə qeyd edir ki, ibtidai məktəb yaşında “uşağın insanlarla münasibətlərinin yenidən qurulması baş verir, çünki təhsil fəaliyyətinin başlanğıcı uşağın böyüklər və həmyaşıdları ilə münasibətlərini yeni şəkildə müəyyən edir. Reallıqda sosial münasibətlərin iki sferası var: “uşaq - böyük” və “uşaq - uşaqlar”. Bu sferalar bir-biri ilə qarşılıqlı əlaqədədir”. Məlumdur ki, məktəb nitq inkişafı ilə bağlı şagird qarşısında yeni tələblər qoyur. Məsələn, şagird dərsdə suallara cavab verərkən onun nitqi savadlı, ifadəli, fikri isə aydın və yığcam olmalıdır. Uşaq məhz məktəbdə bu və ya digər situasiyalarda nitq etiketlərindən (“sağ ol”, “təşəkkür edirəm”, “zəhmət olmasa, deyin”, “icazə verin, sizə sual verim” və s.) istifadə edir, müəllim və digər şagirdlərlə münasibət yaratmaq üçün nitqini düzgün şəkildə qurmağa çalışır. Belə ki, onlar ünsiyyət qurmağa, empatiya göstərməyə, davranışlarını müəyyən dərəcədə idarə etməyə, etik davranışın əsas qaydalarına əməl etməyə, gündəlik həyatda, oyunda və dərsdə qarşılıqlı əlaqədə olmağa başlayırlar.
İbtidai sinifdə təhsil alan şagirdin nitq inkişafına onun müəllimləri, həmyaşıdları və ailəsi təsir edir. Məktəbə daxil olan uşaq tamamilə yeni bir mühitə düşür, artıq onun daimi vəzifələri yaranır. Belə ki, müəllimləri, ailəsi, qohumları, hətta yad insanlar uşaqla bu istiqamətdə ünsiyyət qurmağa başlayırlar. İbtidai məktəb şagirdlərinin ünsiyyət bacarıqları və vərdişləri yeni sosial şəraitdə, böyüklər tərəfindən xüsusi olaraq təşkil edilən təhsil mühitində inkişaf edir. Məktəbə qədəm qoyduğu ilk gündən başlayaraq şagird sinif yoldaşları və müəllimləri ilə şəxsiyyətlərarası qarşılıqlı əlaqəyə girir. Bu əlaqə müəyyən dinamik inkişaf qanunauyğunluqlarına malikdir. Şagird məktəb mühitinə daxil olduqda sosiallaşmanın həlledici amili kimi təlim fəaliyyətlərinin mənimsənilməsi, məcburi təlim bacarıq və vərdişlərinin inkişafı baş verir.
Müəllim nitqinin elmiliyi, nitq mədəniyyətinin birinci və əsas şərti olan nitqin düzgünlüyünə əsaslanmalıdır; xüsusən, Azərbaycan dilindən dərs deyən müəllim dilin fonetik, leksik və qrammatik qaydalarını tam şəkildə bilməli, sözlərin düzgün yazı qaydaları ilə yanaşı, tələffüz qaydalarına da ciddi riayət etməlidir. Müəllimin nitqində diqqəti cəlb edən və nitq mədəniyyətinin əsas şərtlərindən sayılan nitqin dəqiqliyidir. O, bilikləri nə qədər düzgün şərh etsə də, fikrin ifadəsi üçün daha dəqiq olan söz və ya ifadə seçməli, şagirdlərin bu və digər məsələni aydın şəkildə başa düşməsinə nail olmalıdır. Müəllimin nitqinin sadə, səlis, rəvan olması, fikrinin məntiqi ardıcıllıqla qurulması birinci növbədə onun savad dərəcəsindən asılıdır. Şagirdlər və tələbələr müəllimdən və onun nitqindən faydalandıqları üçün müəllimlərin üzərinə ikiqat məsuliyyət düşür. Hər bir sözün əsas, ilkin mənası olduğu kimi, sonradan törəmə müxtəlif məna çalarları da vardır. Müəllim öz nitqində bunlardan əsas məqsədini bildirmək üçün yerli-yerində, ustalıqla istifadə etməyi bacarmalıdır.
Müəllimin dərsdəki söhbətləri, danışığı məzmunlu, mövzu baxımından aktual olmalıdır. Bunlarla yanaşı müəllim auditoriyanı razı sala bilmək üçün yüksək nitq mədəniyyətinə, yaxşı danışıq qabiliyyətinə malik olmalıdır. Ümumiyyətlə, gözəl və mədəni nitq təfəkkürlə bağlı olmaqla yanaşı, həm də hər bir insanın daxili aləminin, mənsub olduğu biliklərin, incə zövqünün təzahür formasıdır. Vaxtilə böyük Azərbaycan yazıçısı M.S. Ordubadi yazırdı: “Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır”. Deyirlər, müəllim üçün qaranlıq olan məsələ şagird üçün zülmətdir. Gələcək üçün gözəl nitqə, danışıq qabiliyyətinə malik gənclərin hazırlanması daha çox müəllimlərin üzərinə düşür. Ona görə də müəllim fenomeni bütün dövrlərdə diqqət mərkəzində olmuşdur.
Ümumiyyətlə isə, nitqdə işlənən dil vasitələri nə qədər rəngarəng, çoxçalarlı olarsa, nitq də o qədər zəngin olar. Nitqin zənginliyi daha çox mütaliə mədəniyyəti ilə bağlıdır. Abbas Səhhət demişdir: “Bədii ədəbiyyat oxumağa vaxt tapmaq lazımdır, yoxsa adamın beyni quruyar”. Hər bir bədii ədəbiyyat yeni bir dünyadır, adam orada yeni-yeni sözlər və əhvalatlarla, adlarla qarşılaşır. Ona görə də müəllim təkcə öz nitqinin yox, şagirdlərin də nitqinin zənginliyi qayğısına qalmalı, onlarda nitqin dəqiq ifadəsi üçün söz seçmək bacarığı formalaşdırmalıdır. Ana dilinin söz xəzinəsinə dərindən bələd olmaq, az sözlə geniş məna ifadə etmək hər bir nitq sahibinin borcudur.
Nitqin ifadəliliyi də müəllimlik sənətinin başlıca əlamətlərindən sayıla bilər. Müəllim sözü emosional, təsirli, sirayətedici qüvvəyə malik olmalıdır. Azərbaycan dili və ədəbiyyat müəllimi quru, cansız cümlələrlə danışa bilməz, onun vurğu və intonasiyadan yerli-yerində istifadəsi nitqi canlandırır, şagirdlərin qəlbində dərin izlər buraxır. Kəskin, qətiyyətli, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, onların marağını artırır, diqqətini cəlb edir, söylənilən fikrə onlarda maraq oyadır. Müəllim nitqinin ifadəliliyi şagirdlərdə gələcəyə inam hissini gücləndirir, onlarda emosional-obrazlı qavramanın yaranmasına səbəb olur.
Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyət prosesidir, ünsiyyətin özüdür. Hər bir insan öz nitqini fərdi şəkildə zənginləşdirməlidir. Bunun üçün də dil ümumi, nitq fərdi hesab edilir. Lakin bu ümumi olan dildən hamı eyni cür istifadə edə bilmir. Əgər insanın lüğət ehtiyatı zəngin olarsa, o, gözəl nitqə sahib ola bilər. Dərsdə şagirdlərə izah edilməlidir ki, hər bir insan çoxlu mütaliə etməli, dilinin lüğət ehtiyatını zənginləşdirməli, şifahi nitqində orfoepik, yazılı nitqində isə orfoqrafik qaydalara düzgün əməl etməlidir. Gözəl nitq üçün iki şərt tələb olunur. Birincisi, dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması, ikincisi isə bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Ünsiyyət mədəniyyəti şagirdin nəzakətli sözləri düzgün seçib tələffüz etməsindən ibarət deyil. Uşağın mənimsədiyi və istifadə etdiyi effektiv ünsiyyət vasitələri, ilk növbədə, ətrafındakı insanlara münasibətini müəyyən edir. Odur ki, şagirdin müəyyən xarakterik xüsusiyyətlərə malik (özünə qarşı tələbkarlıq, tənqidi münasibət, özünəinam, özünə hörmət hissi və s.) bir şəxs kimi böyüməsi vacibdir. Ətraf aləmə bələdlik, başqalarına qarşı xeyirxahlıq və həssaslıq, oyunda, ünsiyyətdə, elementar sosial və gündəlik problemlərin həllində təşəbbüskarlıq, müstəqillik kimi keyfiyyətlər məktəblilərin nitq inkişafına kömək edir. Onların kommunikativ və nitq bacarıqlarını formalaşdırıb inkişaf etdirmək, təkmilləşdirmək vacib məsələlərdəndir. Bu işdə müəllimlərin rolu danılmazdır.
Beləliklə, şagirdlərin nitq mədəniyyəti aşağıdakı bacarıqların formalaşdırılmasını əhatə edir: 1. fikirlərini dəqiq və aydın ifadə etmək, rabitəli və nəzakətli nitq, ədəbi dilin normalarına riayət etmək; 2. nitq etiketi qaydalarından yerində istifadə etmək; 3. nitqin intonasiya və ifadəlilik vasitələrindən istifadə etmək. Nitq mədəniyyəti bacarıqlarının formalaşmasının əsas məqsədi şagirdlər arasında normal ünsiyyət yaratmaq, fənlər üzrə öyrənilən bilikləri mənimsətməkdir. Bu məqsədlə şagirdlər arasında nitq mədəniyyətinin formalaşdırılmasını sinifdənkənar tədbirlər vasitəsilə də həyata keçirmək səmərəli nəticə verə bilər.
Şagirdlər ana dilində aydın, təmiz, eyni zamanda yığcam və təsirli danışmaq bacarığını müəllimlərdən öyrənirlər. Müəllimin də əsas vəzifəsi şagirdlərin danışıq keyfiyyətini yaxşılaşdırmasıdır. Müasir təlim prosesində söhbət müəllimin oratorluğundan, natiqliyindən getmir, müəllim ayrı-ayrı mətnlərin poetik ifaçısı da deyildir. O, elmlərin “şablon” ötürücüsü yox, təhliledicisi, şərhedicisi, şagirdləri düşünməyə yönləndirən, onlara düzgün və səlis nitq vərdişləri öyrədəndir.
Rəna ŞİRİYEVA, Təhsil İnstitutunun əməkdaşı
|
|
03.05.2024 | 12:37 | |
|
|
|