Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji tərəfdaşlıq qurub | |
Elm və Təhsil Nazirliyi bəzi Azərbaycan universitetlərini dünya səviyyəli tədqiqatlar aparan institutlara çevirmək və ali təhsil sahəsinin qlobal nüfuzunu yüksəltmək niyyətindədir.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Times Higher Education” (THE) beynəlxalq təşkilatı rəsmi saytında məlumat yayıb. Belə ki, THE Azərbaycanda ali təhsil və universitetlərə dair ətraflı, dolğun məlumatlara əsaslanan təhlil həyata keçirəcək, eləcə də universitetlər üçün milli, fərdi strategiyalar hazırlayacaq.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev deyib: “Beynəlxalq reytinqlərin metodologiyasında istifadə olunan müxtəlif meyarlar ali təhsil müəssisələrinin potensialını qiymətləndirməyə və gücləndirməyə imkan verir, həmçinin ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.
THE-nin məlumatında həmçinin qeyd olunur ki, təşkilat Azərbaycan universitetlərinin regional miqyasda fəaliyyətini müqayisə edəcək və milli tədqiqat strategiyası üzrə məsləhətlər verəcək. THE hal-hazırda bu istiqamətdə Bakı Dövlət Universiteti ilə birgə işləyir.
THE-nin qlobal məsələlər üzrə baş mütəxəssisi Fil Batinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi ali təhsilin tam potensialını reallaşdırmaq üçün ciddi səy göstərir, tədqiqatlar aparılmasını və universitetlərin sosial təsirini inkişaf etdirmək məqsədilə mühüm addımlar atır. O hesab edir ki, bu da Azərbaycan vətəndaşlarına və beynəlxalq ictimaiyyətə əhəmiyyətli dərəcədə fayda verəcək.
“Azərbaycan noyabrda COP29-a ev sahibliyi edəcək və bu, ölkəyə qlobal diqqət üçün unikal fürsətdir. Azərbaycan universitetləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, sosial-iqtisadi təsirləri nümayiş etdirmək və yeni beynəlxalq tədqiqat əməkdaşlığının inkişafına dəstək fəaliyyətlərini dünya arenasına çıxarmaq üçün fürsət əldə edəcək”.
Elm və Təhsil Nazirliyi universitetlərin davamlı inkişafda güclü tərəflərini nümayiş etdirmək və yeni beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq məqsədilə THE-nin Qlobal Davamlı İnkişaf Konqresinin tərəfdaşıdır. Məlumat üçün bildiririk ki, 10–13 iyun tarixlərində Banqkokda keçiriləcək tədbir haqqında ətraflı məlumat və bilet sifarişi üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://bit.ly/3QrM6a7
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti və nazirliyin təşkilatçılığı ilə sentyabr ayında Azərbaycanda “THE Impact Forum 2024” keçiriləcək.
Vaqif FƏTULLAYEV
|
|
03.05.2024 | 10:07 | |
|
|
|