Məktəb metodisti nə iş görür? - ARTİ-dən cavab | |
Ümumi təhsil müəssisələrində şagird nailiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafına kömək məqsədilə şəhər və regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkilinə başlanılıb. Hazırda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı ilə 3 ay öncə 45 ümumi təhsil müəssisəsində fəaliyyətə cəlb olunan metodistlər ibtidai siniflər üzrə metodiki dəstək xidməti göstərirlər. Artıq metodistlərin fəaliyyətinin monitorinqinə də başlanılıb. Monitorinqlərin davam etdiyi bir vaxtda növbəti seçim üçün qeydiyyat aparılıb. Aprelin 30-da yekunlaşan qeydiyyat prosesində 882 nəfər müəllim iştirak edib.
“Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova deyib ki, metodistlərin budəfəki seçim prosesinə daha çox müəllim qatılıb: “Müəllimlər bu prosesdə iştirak etməkdə çox maraqlıdırlar. Metodist hazırlığı təliminin keyfiyyətindən, onlara göstərilən dəstəkdən də razıdırlar. Metodistlərlə həftədə bir, bəzən bir neçə dəfə görüşürük. Bu görüşlər canlı, ya da onlayn ola bilər. Problemləri müzakirə edir, onlara ehtiyac duyduqları məsələlərdə dəstək oluruq. Metodistlərlə elə bir iş mühiti yaratmışıq ki, rahatlıqla çətinlik çəkdikləri məsələləri bölüşə, müzakirə edə, tövsiyə ala bilirlər. Məqsədimiz onların zəif cəhətini tənqid etmək yox, boşluqları doldurmalarına kömək etməkdir”.
Metodist sertifikatlaşdırma prosesindən uğurla keçərək 50+ bal toplayan müəllimlərdən seçilir: “Sertifikatlaşdırmaya bu il cəlb ediləcək fənn müəllimləri də bu prosesə qatılıblar. Nəticədə bu il ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə yanaşı, sertifikatlaşdırmaya cəlb ediləcək riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) müəllimlərinin də seçilməsi nəzərdə tutulub. Həmin fənn müəllimlərinin qeydiyyatı aprelin 30-da başa çatıb və sistem bağlanıb. Lakin sonradan daxil olan müraciətlərin çoxluğu onları qəbul prosesinin vaxtını uzatmağa məcbur edib: “Qeydiyyat üçün verilmiş müddət bitdikdən sonra çoxlu müraciət aldıq və müddəti 5 gün artırmağa qərar verdik. Artıq müraciət sayı 900-ü keçib, buna baxmayaraq, mayın 6-sı da daxil olmaqla əlavə vaxt vermişik ki, arzulayan hər kəsin qeydiyyatdan keçmək üçün imkanı olsun. Proses yekunlaşdıqdan sonra mərhələdə müsahibələr təşkil ediləcək, uğur qazananlar təlimlərdən keçiriləcəklər”.
Hələ sertifikatlaşdırma imtahanından keçməmiş müəllimlərin qeydiyyat prosesində iştirakına gəlincə, A.Rüstəmova deyib: “Müsahibəni keçiririk, amma hələ o müəllimlərlə təlim başlamır, sertifikatlaşdırmanın nəticəsini gözləyirik. Nəticələr çıxandan sonra 51-60 bal toplayan müəllimləri təlimə cəlb edəcəyik. O vaxta qədər isə seçilmiş Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə təlimlər təşkil ediləcək”.
Şöbə müdirinin sözlərinə görə, hazırda məktəb daxilində metodistlər fənn üzrə deyil, ümumi metodika və pedaqogika üzrə ibtidai təhsil səviyyəsində fəaliyyət göstərirlər: “Həm ibtidai sinif, həm də Azərbaycan dili və ədəbiyyat müəllimləri ibtidai təhsil səviyyəsində çalışırlar”.
Müsahibə: bu mərhələdə kim uğur qazanır?
Müsabiqə prosesindən də danışan A.Rüstəmova bildirib ki, qeydiyyat prosesində tələblərə cavab verən, metodist kimi fəaliyyət göstərmək istəyən bütün müəllimlər iştirak edə bilərlər. Qeydiyyat forması istəyən hər kəsə təqdim edilir. Müəllimlər könüllü şəkildə müraciət edirlər. Müraciətlərə baxılarkən müəllimlərin problem həlletmə, qərar qəbuletmə, nəticə çıxarma, təhliletmə kimi bacarıqları ilə yanaşı, metodiki bilik və bacarıqları da ölçülür. Müsahibələr də məhz bu məqsədlə təşkil edilir. Müsabiqənin bu mərhələsinin əsas meyarları iştirakçılara əvvəlcədən elan olunur. Bu mərhələdən də uğurla keçənlər təlimlərə cəlb edilirlər: “Təlimlər zamanı da müəyyən seçim aparılır. Bu da təbiidir. 20 dəqiqə ərzində aparılan müsahibə ilə onların uyğun olub-olmadığını müəyyənləşdirmək çətindir. Təlimlərdə uğurlu nəticə göstərənlər metodist fəaliyyətinə cəlb olunurlar”.
Bəs, bu monitorinqlərin hədəfi nədir?
A.Rüstəmova deyib ki, monitorinqlər fəaliyyət dəyərləndirməsindən çox, metodistlərə necə dəstək göstərəcəklərini müəyyənləşdirmək məqsədi daşıyır: “Metosdistlərə həftəlik iş qrafiki təqdim olunub. İcra edəcəkləri fəaliyyətə dair istiqamətləndirici məlumat verilib. Onların fəaliyyət planları var, hər ay hesabat verirlər. Metodistlər öz məktəblərində dərsdinləmələr apararaq müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirirlər. Müəllimlər arasında əməkdaşlıq, təcrübə paylaşımı prosesini təmin etmək məqsədilə hər həftə metodik görüşlər keçirilir. Qarşılıqlı dərsdinləmələr təşkil olunur, müəllimlər müzakirələrə cəlb edilirlər. Bu da öyrənmə prosesinin səmərəliliyini artırır”.
Monitorinqlərin aparılmasında əsas məqsəd həyata keçirilən fəaliyyətlərin effektivliyinin ölçülməsi, onların bu prosesi necə təşkil etmələrinin izlənilməsi, müəllimlərlə öyrədici mühitin, sağlam-psixoloji mühitin necə təşkil olunması, eləcə də metodistlərin metodiki ehtiyaclarının müəyyənləşdirilməsi və onlara bu istiqamətdə dəstəyin göstərilməsidir: “Monitorinqlərin aparılması ARTİ olaraq gələcək fəaliyyətimizi planlaşdırmağa kömək edir. Bir növ, biz də işimizi, fəaliyyətimizi refleksiya etmiş oluruq”.
Müasir metodik xidmətdə yanaşmada dəyişiklik olduğunu vurğulayan A.Rüstəmovanın fikrincə, metodistlər daha çox tədris prosesinin səmərəli təşkil olunmasına yönələn fəaliyyətlə məşğuldurlar. Bu, dərslərin təfəkküryönümlü, şagirdyönümlü, səriştəyönümlü əsasda keçirilməsi, şəxsiyyətin formalaşdırılması, müəllim-şagird, müəllim-valideyn ünsiyyətinin yaxşılaşdırılması, bu proseslərin məktəblərdə tənzimlənməsi, müəllimlərdə metodiki və pedaqoji bacarıqların formalaşdırılması, təkmilləşdirilməsi kimi fəaliyyətlərə yönəlib: “Sevindirici hal odur ki, metodist kimi fəaliyyət göstərən şəxslər öyrənməyə açıqdırlar, həmçinin işlərinin məsuliyyətini dərk edirlər. Biz də metodistlərə dəstək olmaq məqsədilə mütəmadi olaraq canlı və onlayn görüşlər keçiririk”.
A.Rüstəmova monitorinqlərin nə vaxta qədər davam edəcəyinə də aydınlıq gətirib: “Hazırda 10-12 məktəb qalıb. Proses yaxın günlərdə tamamlanacaq”.
Ruhiyyə DAŞSALAHLI
|
|
03.05.2024 | 09:14 | |
|
|
|