Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 əməkdaşı UNEC-in "Liderlik" üzrə Mini-MBA proqramından məzun oldu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan memorandum çərçivəsində nazirliyin 13 nəfər əməkdaşı üçün keçirilən “Liderlik” üzrə Mini-MBA sertifikat proqramı uğurla yekunlaşıb.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, UNEC tərəfindən təşkil olunan 6 aylıq proqramda nazirliyin əməkdaşlarına liderlik və idarəetmə, komanda quruculuğu və təşkilati davranışın formalaşdırılması mexanizmi, maliyyə və insan resurslarının effektiv idarəetmə üsulları, eyni zamanda müasir dövrün tələbləri və  rəqəmsallaşma ilə inteqrasiya olunan təşkilati mədəniyyətin qurulması ilə bağlı təlimlər keçirilib.

 

Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalq proqramı üzrə kvalifikasiya sertifikatlarını qazanmış UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılıb.

 

Sertifikatların təqdim olunması mərasimində iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, UNEC-in prorektoru dosent Fariz Əhmədov proqramın məzunlarını təbrik edib, onların əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağından əminliyini bildirərək, məzunlara uğurlar arzulayıblar.

 

Çıxışlardan sonra nazirliyin əməkdaşlarına sertifikatlar təqdim olunub.



02.05.2024 | 17:54