QS-in regional direktoru ADNSU-da olub

QS-in (Quacquarelli Symonds) regional direktoru Sergey Xristolyubov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərovla görüşüb.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ADNSU-nun QS reytinqindəki uğurundan, perspektiv və hədəflərdən bəhs olunub.

 

Universitet haqqında qonağa ətraflı məlumat verən dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, ADNSU 2026-cı ilə qədər QS reytinqində ön sıralarda yer almağı hədəfləyib. Bildirib ki, komanda olaraq təhsil və tədrisin yüksəldilməsi, müasir çağırışlara uyğun təhsil sisteminin qurulması, elmi nailiyyətlərin əsaslı şəkildə inkişafı istiqamətində konkret işlər görülür və müsbət nəticələr əldə etmək üçün əsaslı zəmin yaradılıb.

 

Görüşdə QS-in regional direktoru Sergey Xristolyubov universitetin fəaliyyətindən, Azərbaycan dövlətinin təhsilə ayırdığı diqqətdən xəbərdar olduğunu qeyd edərək bildirib ki, ADNSU beynəlxalq arenada özünü çox yaxşı təmsil edir. Qonaq vurğulayıb ki, ADNSU-nun son illər QS reytinqində belə sürətlə irəliləməsi universitetin inkişafı üçün ciddi nailiyyətdir.  

 

Görüşdə S.Xristolyubov QS tərəfindən yüksək reytinq üçün hazırlanmış hədiyyəni dosent Vazeh Əskərova təqdim edib.

 



02.05.2024 | 17:37