Şagirdlərimiz 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar
27 aprel – 2 may 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, milli komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıb.
 
Belə ki, Bakı şəhəri, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş medal, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal qazanıblar. Həmçinin, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
 
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.


02.05.2024 | 17:33