Qran-pri mükafatçısı, Musiqi Kollecinin tələbəsi: "Xalq artisti Vəli Qədimov kimi ustad, tanınmış klarnet ifaçı olmaq istəyirəm"

“Azərbaycan müəllimi” incəsənətin müxtəlif sahələrində öz sözünü deyən şagirdləri, tələbələri oxucularına tanıtmaqda davam edir. Bu dəfə tanıtmaq istədiyimiz gənc klarnet ifaçılığı sənətinin sirlərinə həvəslə yiyələnən, 2022-ci ildə İngiltərə, Türkiyə və Azərbaycanın birgə təşkil etdiyi yeniyetmələrin müsabiqəsində solo ifasına görə Qran-pri mükafatı qazanan İskəndər Muxtarovdur. 

 

- İskəndər, səni yaxından tanıyaq...

- Mən 2006-cı ildə Bakıda anadan olmuşam. Bakı şəhəri 149 nömrəli  tam orta məktəbi bitirmişəm. Həmin qəsəbədə yerləşən 24 nömrəli onbirillik musiqi məktəbinin İnstrumental ifaçılıq şöbəsində klarnet aləti üzrə təhsil almışam. Hazırda Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin II kurs tələbəsiyəm.  

 

- İfaçılığa marağın necə yarandı?  

- İfaçılıq sənətinin qədimliyi haqqında həmişə müxtəlif mətbuatdan, ayrı-ayrı ədəbiyyatlardan öyrənirdim. Bilmək istəyirdim, insanlar musiqi alətlərini necə yaradıblar. Qobustan qayalarından bilirdim ki, insanlar əvvəllər musiqi səslərini daş üzərində kəşf ediblər. Sonra alətlər təkmilləşib. Klarnetin səsini uşaqlıqdan bəyənirdim. Klarnet insanda notların ahəngi ilə gözəl ovqat yaradır. Vəli Qədimovu bu alətdə çox peşəkar biri kimi tanıyır, onu dinləyirdim.    

 

Onun kimi klarnet ifaçılığında tanınmış birisi olmaq istəyirdim. Beləcə klarnetə marağım yarandı.

 

- Bəs, müsabiqələrdə, festivallarda uğurlar nə zamandan başladı?   

- Məktəbdə oxuduğum vaxtlarda müxtəlif  illərdə müsabiqələrə və festivallara qatıldım. “Klassik musiqi və folklor üzrə gənc ifaçıların”, “Future stars” beynəlxalq müsabiqələrində iştirak edərək laureat adını qazandım. 2022-ci ildə isə "CAModerato" beynəlxalq müsabiqəsində iştirak edərək ən yüksək mükafata Qran-priyə layiq görüldüm. Bu, İngiltərə, Türkiyə və Azərbaycanın ifaçılar üçün birgə təşkil etdiyi müsabiqə idi. Çox sevindirici oldu, həm mənim üçün, həm ailəm, həm də müəllimlərim üçün. Çünki belə bir mükafatı almaq qürurverici idi.

 

2023-cü ilin aprelində isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş müsabiqə keçirildi və mən bu müsabiqədə münsiflər heyəti tərəfindən fəxri fərmanla mükafatlandırıldım. Apreldə Gənclər İttifaqının keçirdiyi müsabiqədə isə I yerə layiq görüldüm. Sentyabr ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Uşaq incəsənət festivalında peşəkar kateqoriya üzrə II yeri qazandım.  

 

- Yəqin ki, daha böyük uğurlar üçün hədəflərin var...   

- Əvvəlcə onu deyim ki, özüm də yeni mahnılar üzərində işləyirəm və bu istiqamətdə planlarım var.  Bundan başqa, bu alətdə Vəli Qədimov kimi ustad, onun kimi tanınmış klarnet ifaçısı olmaq istəyirəm.   

 

Sifai SƏFƏROVA

 



02.05.2024 | 17:24