Çindən 3 medalla qayıdan məktəblilərimiz - Kimya olimpiadasının mükafatçıları
Xəbər verdiyimiz kimi, Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (İMChO) keçirilib. Bakıdakı Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdləri Ümid Mustafazadə, Murad Xəlilzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nihad Hacızadə bu olimpiadada iştirak edib və vətənə 3 bürünc medalla qayıdıblar. 
 
Adları çəkilən şagirdlər olimpiada uğurları ilə bağlı təəssüratlarını “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşüblər. 
 
İlk həmsöhbətimiz Kimya–biologiya təmayüllü Respublika liseyinin10-cu sinif şagirdi Ümid Mustafazadədir. 
 
O, liseyə 8-ci sinifdən qəbul olub və həmin vaxtdan da kimya müəllimi Elnur Nəbiyevin təşəbbüsü ilə olimpiadalara qatılıb. 9-cu sinifdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri Bakı Elm Olimpiadasına qatılaraq qızıl medal qazanıb. "İstedadların hazırlığı laboratoriyası" Beynəlxalq Olimpiadasında bürünc medala layiq görülüb. 
 
“Beynəlxalq Mendeleyev Kimya Olimpiadası isə 20-26 aprel tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində keçirildi və 20-dən çox ölkədən 151 şagird iştirak etdi. Olimpiada 3 mərhələdən ibarət idi. İlk iki mərhələ teori, sonuncusu isə eksperimental turlar idi. Ümumilikdə 90 nəfər medal qazandı və mən bürünc medala layiq görüldüm”,-deyən Ümid bu uğurunda əziyyəti olan bütün müəllimlərinə təşəkkürünü bildirir.    
Futbola, şahmata, üzgüçülüyə, musiqiyə maraq göstərən olimpiada qalibinin gələcək hədəfi xarici universitetlərdə “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil almaqdır.   
 
Kimya-biologiya təmayüllü Respublika liseyinin bu olimpiadada bürünc medal qazanan digər şagirdi Murad Xəlilzadədir. X sinifdə oxuyan Murad liseydaxili və liseylərarası layihələrdə həmişə fəal olub. 3 beynəlxalq olimpiadada iştirak edib. 2022-ci ilin dekabrında Kolumbiyanın Boqota şəhərində keçirilmiş IJSO-da bürünc medal qazanıb. 2023-cü ilin mayında Qazaxıstanın Astana şəhərində keçirilmiş IMChO-da iştirakçı olub, həmin ilin dekabrında isə Taylandın Banqkok şəhərində keçirilmiş IJSO-da gümüş medalla mükafatlandırılıb. 
 
 
Bütövlükdə yerli və beynəlxalq olimpiadalardan 7 medal qazanıb. Bunlardan 4-ü yerli olimpiadalardandır. 2022-2023-cü illərdə Respublika Fənn Olimpiadalarında kimya fənni üzrə, 2023-cü ildə Beynəlxalq Elm Olimpiadasında və 2023-cü ildə İSTLAB-da qızıl medallara layiq görülüb. 
 
Murad deyir ki, olimpiadalar müxtəlif ölkələrin şagirdləri ilə tanışlıq baxımından böyük önəm daşıyır:”Ötən olimpiadalarda tanış olduğum, bu gün də ünsiyyətdə olduğum şagirdlər var. Əlaqə saxlayır, yazışır, biliklərimizi paylaşır, müxtəlif mövzularda müzakirələr aparırıq”. 
 
O həm də idman həvəskarıdır, uzun illərdir, şahmatla məşğul olur. Birinci dərəcəli şahmatçıdır. Murad da ali təhsilini xaricdə almağı hədəfləyir. 
 
58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanan digər məktəbli isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nihad Hacızadədir. 
 
 
Qatıldığı ilk beynəlxalq olimpiada 2023-cü ilin mayında Qazaxıstanın Astana şəhərində keçirilən 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası olub. Nihadın söylədiyinə görə, bu olimpiadada uğur qazanmasa da, ruhdan düşməyib. 2023-cü ilin iyununda Özbəkistanın Xivə şəhərində keçirilən Əl-Biruni adına Beynəlxalq Kimya Olimpiadasında bürünc medalla mükafatlandırılıb və bu, onun ilk beynəlxalq dərəcəli medalı olub. 
Bunun davamı olaraq iyulda İsveçrənin Sürix şəhərində keçirilən 55-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edib və bürünc medala layiq görülüb. Çoxlu medallara sahib olduqdan sonra təhsilini xaricdə davam etdirməyi, bunun üçün xarici universitetlərə müraciət etməyi qərara alıb. Beynəlxalq imtahanlara hazırlaşaraq SAT-dan 1480, İELTS-dən isə 7 bal toplayıb. Bu nəticələri əldə etdikdən sonra xarici universitetlərə müraciət edib və bir neçə universitetdən müsbət cavab alıb. Bunlara Sinqapurun Nanyang Texnologiyalar (NTU) və Koreyanın KAİST universiteti aiddir.
 
“Nəhayət, Çin Xalq Respublikasının Şençjen şəhərində keçirilən 58-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edərək bürünc medal qazandım. Beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək, bayrağımızı qalib olaraq dalğalandırmaq çox qürurvericidir”-deyən Nihat Hacızadə orta məktəb dərslərini də yaxşı oxuyur. 9-cu sinif buraxılış imtahanından 275 bal, 11-ci sinif buraxılış imtahanından isə 300 bal toplayıb.  Futbol və stolüstü tennisə də maraq göstərir. Düşünür ki, idman dərsdən sonra yaxşı istirahətdir. Nihat da gələcəyin kimya mühəndisi olmaq arzusundadır. 
 
Sifai SƏFƏROVA


30.04.2024 | 14:19