UNEC-də yeni dövrün yeni təhsil ideyaları müzakirə olunub | |
UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxlaq Elmi-Tədqiqat Mərkəzi və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin təşkilatçılığı ilə "Yeni dövrdə yeni ideyalarla" mövzusunda silsilə müzakirələr çərçivəsində növbəti "dəyirmi masa" keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim, tələbə və tədqiqatçı heyəti, təhsil ekspertləri, iqtisadçı-ekspertlər, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, sahibkarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan UNEC Avrasiya İqtisadiyyatı Beynəlxlaq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri professor Zahid Məmmədov iştirakçılara müraciət edərək, onları yeni dövrdə universitetlərdə yerinə yetirilən elmi-tədqiqatların iqtisadiyyatın çağırışlarına cavab verməsi, elmi fəaliyyətin idarə olunması sisteminin qurulması, elmi tədqiqatların kommersiyalaşdırılması üçün atılacaq addımlar, eləcə də konfransların elmi dəyərinin ölçülməsi istiqamətlərində fikir və təkliflərlə çıxış etməyə çağırıb.
Tədbir aktual mövzuları əhatə edən çıxışlarla davam edib. ADA Universitetinin prorektoru Vəfa Kazdal təhsil sisteminin aktual problemləri və onların həlli istiqamətində aparılması vacib olan islahatlardan söz açıb.
UNEC-in Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova yeni dövrdə beynəlxalq elmi məlumat bazalarında “Dil imperializmi”nin problemləri mövzusunda çıxış edərək, dilin ekologiyası məsələlərinə toxunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov elmi tədqiqat nəticələrinin tədrisə inteqrasiyası, universitetlərdə elmi-pedaqoji kadr hazırlığının müasir dövrün tələblərinə cavab verməsi ilə bağlı atılacaq addımlardan danışıb.
UNEC professoru Arzu Hüseynova ölkədə ali təhsil sahəsində innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təklif və tövsiyələrlə çıxış edib.
İqtisadçı-ekspert Fuad İbrahimov yeni dövrdə peşə seçimi problemləri və yeni texnologiyalardan istifadənin peşəyönümlülüyə təsirləri, UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin rəhbəri dosent Sərvinaz Xanlarzadə keyfiyyətli tədqiqatların yerinə yetirilməsi üçün tədqiqatçı müəllimlərin dərs yükünün azaldılmasının əhəmiyyəti, təhsil eksperti İlham Əhmədov qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılmasının zəruriliyi barədə çıxış ediblər.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə təklif və tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb.
|
|
30.04.2024 | 10:43 | |
|
|
|