AzTU-da Çin şirkətinin layihəsi təqdim olunub | |
Huawei-Azərbaycan şirkətinin ölkəmizdə 3-cü dəfədir ki, keçiriləcək “Seeds for the Future” layihəsinə start verilib. Şirkətin Təhsil Nazirliyinə müraciətinə əsasən müxtəlif ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Texniki Universitetində (AzTU) “Seeds for the Future” layihəsinin təqdimatı keçirilib.
Layihənin təqdimatında AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək, Çinin İKT sahəsində əldə etdiyi uğurlardan, o cümlədən “Huawei” şirkətinin yeni nəsil texnologiyaların yaradılması istiqamətində investitsiya yatırımlarından danışıb. Prorektor 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin “Huawei” şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarət etməsinə diqqət çəkərək, qeyd edib ki, son illər Azərbaycanda İKT sahəsində sistemli işlər görülür və bunun nəticəsi olaraq böyük inkişafa nail olunub. Bu prosesdə dünyanın 170 ölkəsində 180 mindən çox işçisi olan “Huawei” şirkətinin yaxından iştirak etdiyini vurğulayan professor Sübhan Namazov, “Seeds for the Future” layihəsinin tələbələrin İKT sahəsində inkişafına böyük töhfə verəcəyini bildirib.
Huawei-Azərbaycan şirkətinin icraçı direktoru Canlin Lu çıxışında AzTU-da İKT sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. O, bildirib ki, Azərbaycanın İKT sahəsində, o cümlədən “Huawei” şirkətinin Azərbaycanda fəaliyyət göstərən müəssisələrində çalışanların böyük əksəriyyəti AzTU məzunlarıdır.
Daha sonra Huawei-Azərbaycan şirkətinin nümayəndəsi Zhang Jing “Seeds for the Future” layihəsi haqqında geniş məlumat verib. Qeyd olunub ki, bu layihə, biliyin ötürülməsi prosesini gücləndirmək, İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin İKT biliklərini artırmaq məqsədi daşıyır.
Təqdimatdan sonra Huawei-Azərbaycan şirkətinin təmsilçiləri ilə tələbələr arasında ingilis dilində dialoq baş tutub. Tələbələrin dil və İKT sahəsinə aid fikirlərini yüksək qiymətləndirən şirkət təmsilçiləri layihədə iştirak hüququ qazananlar arasında AzTU tələbələrinin üstünlük təşkil edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, “Seeds for the Future” layihəsinə qoşulmaq üçün tələbələr iki mərhələli seçim turundan keçməli olacaqlar. Hər iki mərhələdən uğurla keçən 10 tələbə “Seeds for the Future” layihəsinin qalibi olaraq 3-14 dekabr tarixlərində Çinə səyahət etmə imkanı əldə edəcək. |
|
05.11.2018 | 12:25 | |
|
|
|