Belarus Dövlət İnformatika və Radiotexnika Universitetinin əməkdaşları AzTU-da təcrübə keçib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Belarus Dövlət İnformatika və Radiotexnika Universiteti (BDİRU) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində əlaqələr inkişaf etdirilir.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, memoranduma uyğun olaraq, BDİRU-nun Avtomatlaşdırılmış sistemlərin informasiya texnologiyaları kafedrasının müdiri fizika-riyaziyyat elmləri namizədi, dosent Navrotski Anatoli Aleksandroviç və baş müəllim Yarmolik Baleri İvanoviç təcrübə keçmək üçün AzTU-da bir həftəlik səfərdə olublar.

 

Kompüter texnologiyaları kafedrasında təcrübə keçən qonaqlara kafedra müdiri professor Vaqif Qasımov AzTU-nun tədris infrastrukturu və informasiya və telekommunikasiya texnologiyaları fakültəsi haqqında ətraflı məlumat verib.

 

Kafedrada mütəxəssis hazırlığı həyata keçirilən “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarının təhsil və fənn proqramları, tədris planları, sillabusları haqqında da qonaqlara məlumat verilib, həmçinin onlar kafedranın maddi-texniki bazası ilə tanış olublar. Qonaqlar kafedranın professor-müəllim heyəti ilə görüşüb, dərs prosesində iştirak ediblər.

 

Səfər çərçivəsində BDİRU nümayəndələri AzTU-nun Radiotexnika və telekommunikasiya və Kibertəhlükəsizlik kafedralarında da olublar.

 

Səfərin yekunu olaraq qonaqlar AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Kompüter texnologiyaları kafedrasının müdiri Vaqif Qasımovla görüşüb, gələcək əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat işlərinin aparılması, ikili diplom proqramı üzrə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə ediblər.

 

 



30.04.2024 | 09:25