“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
Aprelin 27-də Bakıdakı M. Müşfiq adına tam orta məktəbdə IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsinə mediatur təşkil olunub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, mediaturda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları Nizami Cəfərov, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, ADPU-nun professorları Fərrux Rüstəmov, Mahirə Hüseynova və digər qonaqlar, KİV nümayəndələri iştirak ediblər.  
 
Yüksək  səviyyədə təşkil olunmuş olmpiada məktəblilərimizin böyük ruh yüksəkliyi ilə müvafiq sinif otaqlarında başlayıb. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışmasının "Qərbi Azərbaycana qayıdış" mövzusuna həsr olunmasının əlamətdar hadisə olduğunu bildirib. Nazir müavini əlavə edib ki, belə bir olimpiadanın keçirilməsində məqsəd Qərbi Azərbaycanın tarixi, folkloru, mədəni irsi, maarif və təhsilinin öyrənilməsi və təbliğidir. Bu sahədə tədqiqatlar aparılmalı, filmlər çəkilməlidir. 
 
“Bu biliklər sizin gələcək inkişafınız üçün çox vacib olacaq. Biləsiniz ki, bizim soydaşlarımız hazırda öz tarixi torpaqlarında yaşamırlar.  Erməni millətçiləri soydaşlarımızı zorla öz torpaqlarından qovublar. Biz öz torpaqlarımıza mütləq qayıdacağıq. Bu olimpiadanın adı da “Qərbi Azərbaycana qayıdış”dır. Siz yəqin k, bunları öz gələcək həyatınızda görəcəksiniz”, - deyən nazir müavini şagirdlərə bilik müsabiqəsində uğurlar arzulayıb.  
 
Daha sonra bilik müsabiqəsinə start verilib. 
 
Qeyd edək ki, olimpiadanın ilkin mərhələsində ümumilikdə 10 minə yaxın şagird iştirak edib. Bakı mərhələsinə isə 975 şagird qatılıb.
 
 
Oruc MUSTAFAYEV
 


27.04.2024 | 12:49