Birinci siniflərə qəbulla bağlı valideynlərə dəstək üçün 326 alternativ qeydiyyat mərkəzi yaradılıb | |
Dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 326 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əhatə dairəsi üzrə 27, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 11, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 18, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 23, Qarabağ Regional Təhsil İdarəsi üzrə 18, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 3, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 54, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 24, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 34, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 40, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 27, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 32, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 15 alternativ qeydiyyat mərkəzi təşkil olunub.
Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Eyni zamanda valideynlər “ASAN xidmət” mərkəzlərində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı “mektebeqebul.edu.az” elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərlər.
Bundan əlavə qeydiyyatla bağlı suallar yaranarsa, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "146-2" nömrəli çağrı mərkəzi ilə əlaqə saxlamaq da mümkündür.
|
|
27.04.2024 | 11:02 | |
|
|
|