“Kod Da Vinçi - Qarabağda” layihəsi yekunlaşıb | |
Şagirdlərin intellektual bazasını genişləndirmək, onların Qarabağın tarixi haqqında biliklərini möhkəmləndirmək məqsədi daşıyan “Kod Da Vinçi - Qarabağda” layihəsi yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Aynur Baxşalıyevanın rəhbərlik etdiyi layihə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər olmaqla ümumilikdə 5 rayonu əhatə edib. Komandalararası sual-cavab və yarış xarakterli oyunlarla müşayiət olunan layihə şagirdlərin Qarabağ mədəniyyəti, incəsənəti, tarixi ilə bağlı məlumatlılığını artırmaqla yanaşı, müasir dövrün ən əsas tələblərindən olan komanda ilə işləmək, əməkdaşlıq etmək, araşdırma bacarıqlarını da formalaşdırıb.
Qarabağ regionunda yaşayan 150-dən çox məktəblini (hər rayondan 30 şagird olmaqla) əhatə edən “Kod Da Vinçi - Qarabağda” layihəsi bu məktəblilər arasında ünsiyyətin genişlənməsinə, onların sosiallaşmasına da xidmət edir.
Rayonlararası intellektual yarışların final mərhələsində keçirilən oyunda qalib komanda Bərdə Şəhər Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəb olub və komanda üzvləri mükafatlandırılıblar.
Əlavə olaraq qeyd edək ki, layihənin davamlılığını təmin etmək üçün Bərdə rayon təhsil sektorunun nəzdində məktəblilər üçün İntellektual Oyunlara Hazırlıq Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəzə hər məktəb üzrə bir gənc müəllim koordinator təyin ediləcək və bu cür oyunlara maraq göstərən məktəblilər üçün müvafiq şərait yaradılacaq.
|
|
26.04.2024 | 15:12 | |
|
|
|