Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

XVI Rus dilində Respublika Olimpiadasına yekun vurulub. Bu il Olimpiada Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyinə və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr olunub.

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, hər il Rus dili olimpiadası Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən Azərbaycan Dillər Universitetinin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə keçirilir.

 

Olimpiada çərçivəsində ölkənin ümumtəhsil müəssisələri üzrə 24 regional tur keçirilib. Olimpiadanın yekun turu Naxçıvan şəhərinin 3 nömrəli məktəbində təşkil olunub. Tədbirdə 7-9-cu sinif şagirdləri iştirak ediblər.⠀

 

İştirakçıları “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, 3 nömrəli məktəbin direktoru Jalə Hacıyeva, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina salamlayıblar.

 

Təntənəli açılışda məktəbin şagirdləri A. S. Puşkinin əsərləri əsasında bir neçə səhnə göstəriblər.

 

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar təqdim olunub. May ayında Bakıdakı ali məktəblərdən birində qaliblərin, məktəb direktorlarının və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

 

 



25.04.2024 | 18:10