Peşə təhsili müəssisələri Aqrar Biznes Festivalında təmsil olunublar
Qəbələ, İsmayıllı və Şəki Dövlət Peşə Təhsil mərkəzləri Qəbələ rayonunda təşkil edilən Aqrar Biznes Festivalında təmsil olunublar. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, festivalda qonaqlara aqrar, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrin əl işləri, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib, həmçinin müxtəlif sahələrə aid innovativ həllər təqdim olunub. 
     
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, həmçinin aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər sərgi bölməsində kənd təsərrüfatı təyinatlı texnikaları, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumlarını nümayiş etdiriblər.
     
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Aqrar Biznes Festivalı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.


25.04.2024 | 14:23