Şagirdlər "Süni intellektin coğrafiyada tətbiqi” mövzusunda məlumatlandırılıb
Binəqədi rayonu Əlağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin şagirdləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə xəbər verilib ki, “Süni intellektin coğrafiyada tətbiqi” mövzusuna həsr edilmiş görüşdə müəssisənin baş direktoru professor Zakir Eminov şagirdlərə Coğrafiya İnstitutunun tarixi, tədqiqat sahələri, görkəmli alimləri, elmi nailiyyətləri, beynəlxalq əlaqələri və s. haqqında geniş məlumat verib. Bildirib ki, müəssisə ilə məktəblilər arasında yaranmış çoxillik ənənəyə görə institut əməkdaşları məktəblilərlə görüşlərə həmişə hazırdırlar və onların elmə, xüsusən coğrafiyaya olan maraqlarını alqışlayır, istedadlı, çalışqan şagirdlərə həmişə dəstək olmağa çalışırlar.
 
İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev iqlim dəyişiklikləri, quraqlıq və səhralaşma problemləri, müasir texnologiyaların iqlimin tədqiqində rolu, meteoroloji silahlar, sinoptik proqnozların verilməsi və s. haqqında məlumat verib.
 
Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı çıxışında süni intellektin coğrafiyada rolu, əhəmiyyəti və faydaları, xəritələrin tərtibində və sinoptik proqnozların hazırlanmasında onlardan istifadə və digər məsələlərdən söhbət açıb.
 
Tədbirin sonunda məktəbin coğrafiya müəllimi Rafiq Məmmədov institutun rəhbərliyi və tədbirdə iştirak edən əməkdaşlara öz minnətdarlığını bildirib.


25.04.2024 | 13:05